RU

“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində 3 500 tibbi xidmət göstərilib » Medical Media



"TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində 8 avqust Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilib.

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 7-8-9 avqust tarixlərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda  yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (oftalmoloq, nevroloq, endokrinoloq) tərəfindən tibbi xidmətlər göstərilib. 

Müayinələr Cəlilabad-Salyan tibbi ərazi bölməsinə aid olan – Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonları və Lənkəran tibbi ərazi bölməsinə aid olan – Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarının vətəndaşları üçün təşkil edilib. 
Sağlamlıq günlərində 1 200-dək vətəndaş oftalmoloq, nevroloq, endokrinoloq müayinələrindən keçərək 3500-dən çox tibbi xidmətdən yararlanıb. 

Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.

“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilir və onlara ətraflı tibbi müayinələr göstərilib.

Layihə çərçivəsində seminar və tibbi maarifləndirmə tədbirləri də keçirilib. 9 avqust tarixində Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Cəlilabad-Salyan və Lənkəran tibbi ərazi bölmələrinə daxil olan tibb müəssisələrinin həkimləri üçün oftalmoloji xəstəliklər barədə seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadə layihənin keçirilməsindən məmnunluğunu ifadə edib və seminarın işinə uğurlar arzulayıb. O, “TƏBİB-in ixtisas gündəliyi” proqramı barədə ətraflı məlumat verib. 
 
Seminarda 50-dən çox həkim iştirak edib. Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən həkim-mütəxəssislərin çıxışları ilə davam edib. 

"Oftalmoloji diaqnostikada filtrlər" adlı təqdimatla çıxış edən Sumqayıt Tibb Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Sevinc Əsgərova katarakta əməliyyatı sonrası yarana biləcək ağırlaşmaların əsas səbəbləri barədə məlumat verib. 

Sumqayıt Tibb Mərkəzinin uzman-oftalmoloqu Rasul Dadayev şəkərli diabet xəstələrində oftalmoloji diaqnostikanın əsaslarına toxunaraq diabetik retinopatiya (DR) haqqında məlumat verib, həmçinin mikrovaskulyar tıxanma və onun səbəb ola biləcəyi fəsadlar barədə çıxış edib.

Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Lalə Məmmədova çıxışını interaktiv şəkildə quraraq, endokrinoloji xəstəliklər və bu xəstəliklər nəticəsində yaranan oftalmoloji problemlərdən bəhs edib.

Seminarın sonunda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamələr ilə təltif ediliblər.

Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində isə 200-dən çox vətəndaşın iştirakı ilə oftalmologiyaya həsr olunan maarifləndirici tədbir keçirilib. İnteraktiv formatda keçirilən tədbirdə fikir mübadiləsi aparılıb, vətəndaşların sualları cavablandırılıb.
Избранный
30
medicalmedia.az

1Источники