RU

Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 15 milyard 891,1 milyon manat təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Hesabat dövründə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 0,6 % artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 10,5 % artaraq 6 milyard 775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, 6 ay ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manat dəyərində, o cümlədən 15 milyard 36,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyriərzaq malları üzrə 5,2 % artıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
6
big.az

10Источники