Co Baydenin seçki prosesindən uzaqlaşması bütün dünyada Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsinin qlobal iqtisadi təsirlərinə dair müzakirələri aktivləşdirib. “The New York Times”ın yazdığına görə, Tramp payızda seçkilərdə qalib gələcəyi təqdirdə dolları zəiflədə bilər.
Qəzet bunu ABŞ valyutası üçün “yeni dövr” adlandırıb: “Tramp və onun vitse-prezidentliyə namizədi J.D.Vens zəif dollar, ticarət, vergilər və Çinə qarşı sərtləşmə mövzusunda eyni mövqedədir. ABŞ-ın sabiq prezidenti hesab edir ki, güclü dollar yerli şirkətlərin valyutaları zəif olan ölkələrə məhsul satmasına mane olur”.
Bildirilir ki, Trampın dolları tam olaraq necə devalvasiya etməyi planlaşdırdığı hələ aydın deyil: “Bir neçə yol var: xarici valyuta almaq üçün dollar satmaq, Federal Ehtiyat Sisteminin rəhbərini dəyişmək (hazırkı sədr Cerom Pauellin səlahiyyətləri 2026-cı ildə başa çatır) və ya ölkələri tariflərlə hədələmək ki, onlar öz valyutalarını gücləndirsinlər”.
Qeyd edək ki, iyulun 13-də Trampa sui-qəsd cəhdindən sonra Tramp Trade-nin bazarda populyarlığı kəskin şəkildə artıb. Tramp Trade - Amerika maliyyə mühitində Tramp qalib gələrsə, respublikaçıların əsas ideyaları - daha yumşaq maliyyə siyasəti və artan dövlət xərcləri, yüksək ticarət tarifləri və tənzimləmənin yüngülləşdirilməsi əsasında pul qazanmağa kömək edəcək strategiyaların adıdır.
"Bloomberg" ekspertləri hesab edirlər ki, Trampın hakimiyyətə qayıdışı dolların möhkəmlənməsinə, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına və bankların, eləcə də səhiyyə və enerji sektorundan şirkətlərin səhmlərinin bahalaşmasına səbəb olacaq. Son həftələrdə Trampın qələbəsinə qoyulan vəsaitlərin artması artıq qızıl qiymətlərinin və Bitcoinin məzənnəsinin yüksəlməsinə səbəb olub.
Məsələ burasındadır ki, treyderlər kriptovalyuta sənayesi üçün əlverişli qiymət siyasətlərinə, geosiyasi gərginliyin artmasına və ABŞ-da inflyasiyanın yüksəlməsinə hesablanan yatırımlara başlayıblar. Lakin bazar ertəsi, Baydenin seçkidən çəkilməsinin ertəsi gün səhər xəzinədarlıq kağızlarının gəlirləri aşağı düşdü, dollar digər dünya valyutalarına nisbətdə zəiflədi. “Financial Times” bunu investorların son həftələrdə Trump Trade daxilində açılan mövqelərə yenidən baxması ilə əlaqələndirir.
Bəzi analitiklər hesab edir ki, Bayden yarışdan çıxdıqdan sonra bu strategiyaların populyarlığı azalacaq. Məsələn, Avstraliya broker şirkəti Pepperstone Demokratların qalib gəlmə şanslarının bir qədər artdığını və seçkinin nəticələri ilə bağlı qeyri-müəyyənliyin dərinləşdiyini nəzərə almaqla, ABŞ dollarının zəifləyəcəyini və bütün aktiv sinifləri üzrə dəyişkənliyin artacağını gözləyir.
Trampın Ağ Evə qayıtmasının əsas nəticələri vergilərin azaldılması, rüsumların artırılması və tənzimləmələrin yüngülləşdirilməsi olacaq. Bu o deməkdir ki, onun prezidentliyi iqtisadiyyatda daha çox inflyasiyaya meyllilik formalaşdıra bilər.
İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin ekspertləri hesab edirlər ki, Trampın seçilmə ehtimalının artması ABŞ dövlət istiqrazları bazarında volatilliyi artırır, birjada volatilliyi azaldır, onların qiymətlərini yüksəldir və həmçinin neftin qiymətinin azalmasına səbəb ola bilər. Onlara görə maliyyə bazarları Tramp administrasiyasının ekoloji problemlərə və ABŞ-ın borcunun davamlılığına daha az diqqət yetirməklə, Bayden administrasiyasına nisbətən birjaya daha çox diqqət yetirəcəyini gözləyir.
Tramp ekoloji xərcləri kəskin şəkildə azaltmağı, yerli neft və qaz hasilatını artırmaq üçün stimullar tətbiq etməyi və korporativ vergiləri azaltmağı planlaşdırır. Bundan əlavə, bildiyimiz kimi, o, təmiz enerji ilə əlaqəli malların, yarımkeçiricilərin və metalların idxalına bu yaxınlarda tətbiq edilən tariflərə baxmayaraq, ABŞ-ın tarif siyasətini, xüsusən də Çinə qarşı sərtləşdirməyi təklif edib.
"Bloomberg" yazır ki, buna uyğun olaraq, Trampın yerli neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırmaq vədini nəzərə alaraq, qalib gələrsə, neft, qaz və ənənəvi enerji şirkətləri neftyönümlü siyasətlərdən faydalanacaqlar. Nəşr hesab edir ki, bu vəziyyətdə "Baker Hughes", "Exxon Mobil", "ConocoPhillips", "Occidental Petroleum", "Williams", "Halliburton", "Devon Energy", "Chevron" və başqalarının səhmlərinə diqqət yetirməyə dəyər.
Mütəxəssislər həmçinin "Carpenter Technology Corporation", "Western Midstream Partners", "Argan" və "Wells Fargo" şirkətlərinin səhmlərini vurğulayırlar, çünki Tramp seçilərsə, banklar yumşaq pul siyasətindən faydalana bilər. Müdafiə xərclərinin partiya üçün aydın prioritet olacağını nəzərə alsaq, müdafiə sənayesi şirkətlərinin vəziyyətinin də Respublikaçıların qələbəsi ilə daha yaxşı olacağı gözlənilir.
Trampın prezidentliyinin digər benefisiarı kriptovalyuta şirkətlərinin səhmləridir. Siyasətçi yeni seçiciləri cəlb etmək üçün seçki kampaniyasında Bitcoin və digər rəqəmsal aktivləri dəstəkləmək ritorikasından istifadə edir. Buna görə "Bloomberg Coinbase", "Marathon Digital", "Riot Platforms", "Cleanspark", "MicroStrategy" və "Cipher Mining" şirkətlərinin səhmlərini izləməyi tövsiyə edir.
Tramp hələ kriptovalyutaların tənzimlənməsi ilə bağlı hər hansı konkret təklifini açıqlamasa da, o, əvvəllər skeptik yanaşdığı bu alətə indi daha isti münasibət sərgiləyir: O, vitse-prezident kimi Bitcoin və kriptovalyutaları dəstəkləyən vençur kapitalisti, Ohayo ştatından senator James David Vensi seçib. Kriptovalyuta bazarı ümumiyyətlə, Trampın mümkün yenidən seçilməsinə müsbət reaksiya verir və ekspertlər yaxın müddətdə bu aktivlər sinfində artım gözləyirlər.
Tramp iyun ayında Amerikanın əsas bitkoin mədənçiləri ilə görüşüb. Bitcoin Magazine naşiri David Bailey Trampı iyul ayında Nashvilledə keçiriləcək “Bitcoin 2024" konfransında əsas məruzəçi elan edib.
Kampaniyasının bir hissəsi olaraq, Tramp mayda kriptovalyuta sənayesindən ianələri qəbul etməyə başlayıb və onun bu cür rəqəmsal aktivlərin gələcəyi ilə bağlı bəyanatları getdikcə daha müsbət xarakter alır. O, həm də özünü sektorun ağır tənzimlənməsinə tərəfdar olan Demokratların səs-küylü rəqibi kimi göstərməyə çalışır.
“Reuters” görüş iştirakçılarından birinə istinadən xəbər verir ki, iyun ayında Silikon Vadisində investorlar David Sachs və Chamath Palihapitiya tərəfindən təşkil edilən ianə aksiyası zamanı Tramp “”kriptovalyuta prezidenti olacam" deyib. O, həmçinin daha çox kriptovalyuta şirkətinin ABŞ-da yerləşməsini istədiyini, beləliklə, bu texnologiyada liderliyin Çinə deyil, ABŞ-a aid olduğunu və onun Çinlə artan ticarət və iqtisadi gərginlik kursuna çox uyğun gəldiyini qeyd edib.
Agentlik qeyd edir ki, tariflərin artırılması və vergilərin azaldılması ABŞ-ın büdcə kəsirini genişləndirəcək və geosiyasi gərginliyi artıracaq ki, bu da uzunmüddətli inflyasiya təzyiqlərini artıra və qızılın etibarlı sığınacaq kimi cəlbediciliyini yüksəldə bilər.
Bir sıra ekspertlər bildirirlər ki, Trampın qələbəsi perspektivi, yüksək qiymətlərə baxmayaraq, mərkəzi bankların daha çox qızıl alışını stimullaşdıra bilər, çünki “ABŞ və Çin arasında kəskin münasibətlər” onları dollara alternativ axtarmağa davam etməyə sövq edir.
Ekspertlərə görə, Trampın dövründə ABŞ valyutası daha da möhkəmlənə bilər. Morgan Stanley araşdırmasına görə, Trampın 2017-ci ildə başladığı vergilərin azaldılması siyasətini davam etdirməsi, büdcə kəsirini kəskin şəkildə artıracaq və dolları yüksəldəcək. Dolların bahalaşmasının davam etməsinin başqa səbəbləri də var. ABŞ iqtisadiyyatı, yüksək inflyasiya və artan faiz dərəcələrinə baxmayaraq, nisbi dayanıqlılıq nümayiş etdirdi, avro zonası tənəzzülə uğradı və Çin və Yaponiyanın da öz iqtisadi problemləri var. Ekspertlərə görə, ABŞ-ın qlobal iqtisadiyyatın bərpasına rəhbərlik edəcəyi gözlənildiyi üçün dollar inanılmaz dərəcədə güclüdür. Güclü ABŞ dolları çoxmillətli şirkətlər, o cümlədən S&P 500-də əhəmiyyətli paya sahib olanlar üçün mənfi ola bilər, lakin daha kiçik ABŞ şirkətləri daha güclü dollardan faydalanacaqlar.
İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, Baydenin seçkidən çəkilməsi hələ Trampın qalib gəlməsi demək deyil: “Kamala Harris 1 gündə 81 milyon dollar ianə topladı. Bir çox nüfuzlu iş adamları - Soroslar da daxil olmaqla, onu dəstəkləməyə başlayıblar. Faktiki olaraq, Baydenin getməsi Trampa sərf etməyən variantdır əslində. Kamala Harris təmiz reputasiyalıdır, adı hər hansı qanunsuz işdə, korrupsiyada, çirkli oyunda hallanmayıb. Bu baxımdan, Tramp hər nə qədər desə də ki, Harrisə Baydendən daha asan qalib gələcək, qarşıdan çox gərgin seçki prosesi gəlir və heç bir namizəd üçün bu prosesdən qalib kimi ayrılmaq asan olmayacaq. Onu da qeyd edim ki, artıq dünya maliyyə bazarları mövqeyinə korrektələr edir: sui-qəsddən sonra Trampın hakimiyyətə gəlişinə köklənmişdi, indi mövqelər sürətlə dəyişir. Çünki Harris kifayət qədər nüfuzlu namizəddir”.
Ekspert hesab edir ki, Tramp hakimiyyətə gələrsə, əvvəlki dövrdəkindən daha sərt davranış nümayiş etdirəcək: “O bilir ki, axırıncı dövrüdür, ona görə də daha cəsarətli, daha kəskin addımlar atacaq. Bu addımların qlobal iqtisadiyyata təsirlərini birmənalı qiymətləndirmək mümkün deyil. Hazırda bütün dünyada ənənəvi enerji ilə alternativ enerji arasında böyük bir mübarizə gedir. Düzdür, Qlazqoda alternativ enerjinin qarşısının alınmaz olduğu elan edildi. Lakin ənənəvi enerji tərəfdarları keçid prosesinin tədricən getməsi üçün ciddi fəaliyyətlər aparırlar. Tramp və respublikaçılar daha çox ənənəvi enerji tərəfdarlarına yaxındırlar. Bu baxımdan, Tramp seçildiyi təqdirdə alternativ enerji sahəsinə yatırımların azalması gözləniləndir.
Trampın seçilməsindən qazanacaq sahələrdən biri də kriptovalyuta bazarıdır. Bu bazarın mahiyyətini, təhlükələrini hələ ki dünyada tam müəyyən etmək mümkün olmayıb. 2000-ci illərdə tam nəzarətə götürülən bank sektorundan fərqli olaraq kriptovalyuta bazarına nəzarət imkanları demək olar ki, yox səviyyəsindədir. Bazarın genişlənməsi gedir və bu proses daha çox kölgə iqtisadiyyatı əsaslıdır. Çünki haqq-hesabı aparılmır, axınlara nəzarət yoxdur. Bu baxımdan, Trampın hakimiyyətə gəlişinin bu bazarı daha da böyütməsi nə kimi nəticələrə səbəb olacağını müəyyənləşdirmək mümkün deyil".
E.Sadıqov bildirir ki, Trampın seçkiqabağı kəskin ritorikasının qalib gələcəyi təqdirdə olduğu kimi qalacağı gözlənilən deyil: “Təcrübə göstərir ki, prezident olan şəxs seçkiqabağı ritorikasını əksər hallarda davam etdirə bilmir. Çünki ABŞ dövlətinin elə maraqları var ki, heç kim onları iqnor edə bilmir. Tramp Çinlə, NATO ilə bağlı dediklərinə əməl edərsə, bu, yalnız ABŞ deyil, bütün dünyada iqtisadi-siyasi proseslərdə təbəddülatlara səbəb olacaq”. / musavat.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта