RU

Bakıda Fransanın müstəmləkəçilik siyasətinə ən yeni zərbə də vuruldu...

Image

Məlum olduğu kimi, Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci qurultay öz işinə başlayıb.

Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edir.

Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradır. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə müzakirələr imkanı da əldə edirlər. Onu da qeyd edək ki, qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan müstəmləkəçilik probleminə diqqət çəkməyə töhfə verir. Elə tədbir çərçivəsində səsləndirilən fikirlər də qeyd olunanların təsdiqidir. Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi qeyd edir: “Mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir. Azərbaycana gəlmək, bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Burada əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyətdə regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır”. Kaloi bildirib ki, bununla bağlı keçirilən tədbirlər, əlbəttə, məsələni kökündən həll etmir: “Demək istərdim ki, biz repressiyaya məruz qalmışıq. Bütün bunların yaranma səbəbi çox təəssüf ki, bizim səsvermə hüquqlarımızın ləğv edilməsidir. Bunu Fransa dövləti edib, hüquqlarımızın tapdalanması yolverilməz və qəbuledilməzdir. Biz bununla bağlı məlumat verdik, təkliflər hazırladıq və əksəriyyət də bu təklifə müsbət yanaşdı. Amma Fransa dövləti bizi dinləmək istəmədi. Ümumiyyətlə, səsvermə hüququnun dondurulması qərarı seçicilərə, mədəniyyətimizə və müqəddəratımıza qarşı olmaq deməkdir”. Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa isə bildirir ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır: “Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib”.

Bu arada qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı həbs olunanların və siyasi məhbusların ailələrinə kömək edəcək. Qrupun icraçı direktoru Abbas Abbasov bu xüsusda bildirib: “Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilib. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif formalı işgəncələrə məruz qalıblar. Aralarında azyaşlı uşaqları olan qadınlar da var. Bu gün həmin siyasi məhbuslardan bəzilərinin ailələri tədbirimizdə iştirak edir və biz onlara kömək etməyə hazırıq”. Ümumiyyətlə isə, demokratiyadan, insan hüquqlarından dəm vuran Fransanın siyasətində bunların heç birini görmək mümkün deyil. Uzun illərdir müstəmləkə siyasəti yürüdən bu ölkənin həm daxili, həm də xarici siyasətinin yarıtmaz vəziyyətdə olduğu açıq-aydın ortadadır. Fransa özünü müasir və demokratik ölkə hesab etsə də, bu gün onun xarici siyasətində müstəmləkəçiliyin qalıqları kifayət qədər bariz görünür. Ölkənin indiki prezidenti Emmanuel Makron isə bu siyasəti daha da gücləndirməyə çalışır. Müstəmləkəçilik siyasəti nəticəsində iqtisadiyyat, sosial və digər sahələrdə vəziyyət çox dramatikdir. Milyonlarla insan bu müstəmləkəçilik siyasətindən məhrumiyyətlərə düçar olublar, öldürülüblər və bu gün də həmin siyasət yürüdülür. Hazırda Fransa keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır. Amma görünən odur ki, Fransa müstəmləkə siyasətini israrla davam etdirməyə çalışır. Bakı Təşəbbüs Qrupuməhz bunları ifşa edir. Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Artıq bir ildir ki, Qrup müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda keçirilib.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
45
baki-xeber.com

10Источники