RU

Saniyə Şahverənova: Yay aylarında mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir

Saniyə

Bakı, 15 iyul, AZƏRTAC

Dəniz suyu və qum vannası sanator-kurort reabilitasiyasının çox vacib hissələridir. Sadəcə, təhlükəsizliyimiz üçün bəzi amillərə diqqət yetirmək lazımdır. İshal, ürəkbulanma, qarın ağrısı, bəzən qızdırma əlamətləri ilə tanıdığımız infeksion qastroenteritlər yayda tez-tez rast gəlinən mədə-bağırsaq pozuntularındandır. İkinci problem bu mövsümdə lazımi şəraitdə saxlanılmayan məhsulların istehlakıdır. İsti hava bakteriyaların böyümə sürətini artırır. Əlavə olaraq isə istiyə məruz olan qidaların qəbulu, hətta təkcə ətraf mühitin temperaturu daxili mikrobiotamızı, bağırsaq floramızı dəyişir və köp, ishal, həzm çətinliyi kimi şikayətlər meydana gəlir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova bildirib.

S.Şahverənova deyib ki, bu cür hallarla rastlaşmamaq üçün müəyyən qaydalara riayət etmək lazımdır: “Dəniz suyunun udulmasının qarşısı mümkün qədər alınmalı, gigiyena qaydalarına və qidanın saxlanma şəraitinə düzgün əməl edilməlidir. Elektron qida termometri qida təhlükəsizliyini təmin etmək üçün zəruri elementdir. Əgər əks göstəriş yoxdursa, təbii probiotik olan qatıqdan mütəmadi istifadə etmək olar.

Bildiyiniz kimi, mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur. Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da isti havada orqanizmin susuzlaşdığı bir dövrdə çox lazımdır. Amma yay aylarında çoxlu su itirdiyimizə görə, adətən bizim üçün faydalı olan mədə-bağırsaq ifrazatının (öd, turşu istehsalı) artması ilə bəzi xroniki xəstəliklərin simptomları aktivləşə bilər. Bunlar arasında qastro-ezofageal reflyuks xəstəliyi, qastritlər, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, duodenitlər, funksional dispepsiya və digər xəstəlikləri qeyd etmək olar”.

Qastroenteroloq qeyd edib ki, yay mövsümündə insanlar təbiətin qoynunda dincəlməyə üstünlük verirlər. Bu zaman istehlak edilən hazır və sağlam olmayan qidalar, manqalda hazırlanan yağlı yeməklər, spirtli içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, tez-tez qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur. Qida qəbul etdikdən sonra mədə-bağırsaq sisteminə qan axını sürətlənir. Həzmdən bir saat əvvəl fiziki aktivliyə başlasaq, həmin axın sürətlənə bilməyəcək. Çünki qan axını əzələlərə doğru yönələcək və həzmsizlik əlamətləri müşahidə olunacaq. Bunlara köp, ağırlıq hissi, qıcqırma və digərləri daxildir. Alkoqol və şirin içkilərdən uzaq durmaq tövsiyə olunur. Çünki onlar orqanizmin susuzlaşmasını artırır. Südlü məhsul olan və yay aylarında geniş istehlak edilən dondurma ilkin susuzluq hissinə xoş təsir bağışlasa da, sonradan bədən hərarətini artırır. Ona görə də susuzluq zamanı dondurma yemək tövsiyə olunmur.

“Qidalanma rejimimizi pozmamalıyıq, eyni zamanda, həddindən artıq qidalanıb bədənimizi yükləməməliyik. Bol maye qəbul edilməli, sərin məkanlarda olmalı, günəşin pik saatlarında açıq havada vaxt keçirməməli, mümkün qədər sağlam qidalanma və mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir”, - deyə S.Şahverənova əlavə edib.

Избранный
52
12
azertag.az

10Источники