RU

Psixotron mult-terror: Zombilər necə yetişdirilir? - ARAŞDIRMA

İndiki uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxır ki, bu tip filmlərin də onların psixologiyasında çox dərin və zərərli iz buraxdığı məlumdur. Uşaqlar belə filmlərə özləri üstünlük vermir, valideynlər onlara bu şəraiti yaradır və həmin mulfilmləri özləri qoyurlar uşaqların qarşısına.

Bu yaxınlarda təsadüfən gördüyüm bir cizgi filmi bir personajın digərini vəhşicəsinə öldürməsi ilə başlayırdı. Digərində isə qızın qızla, oğlanın oğlanla evlənməsi səhnələri göstərilir və bunun çox maraqlı bir şey olduğu vurğulanırdı. Daha birində isə çöldə oynayarkən qasırğaya düşmüş uşaqları göydən mələk formasında gələrək xilas edən kim olsa yaxşıdır? Şeytan şəxsən özü...

Bu gün telekanalları və interneti zəbt edən qanlı, döyüşlü-davalı, qeyri-əxlaqi multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək. Çünki, uşaqların gördükləri və eşitdikləri hər şey alt şüura həkk olunur və bunların əsasında psixologiyaları müəyyənləşir. Elə böyüklərin də...

Köhnə filmlər tərbiyəvi əhəmiyyətlidir, uşaqlara dostluq, insanlıq, düzgünlük, vicdanlılıq təbliğ edir. Keçən əsrdə çəkilmiş filmlər çox müsbət enerjili, sülhsevər və düşündürücü süjet xəttinə malikdir. Belə multfimləri izləyən uşaqlarda insanlara, heyvanlara, təbiətə qarşı humanist münasibət yaranır.

Müasir multfilmlərin az qala hamısı yalnız zərərli şeyləri təbliğ edir və onları psixotron terror silahı adlandırmaq olar. Müasir multiklərdə kadrlar həddən artıq sürətlə dəyişir, səslər çox dəhşətlidir, effektlər sürətlidir. Bu da uşaq beyninin qavrama sürətindən xeyli artıqdır. Nəticədə beyin pozğunluğu yaranır.

ABŞ-ın “Seattle” Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində reallaşdırdığı araşdırmanın nəticələrinə görə, məktəbəqədər dövrdə şiddət mövzulu müasir cizgi filmlərinə baxan uşaqlar yaşıdlarına görə 3 qat daha aqressiv olur.

Rusiyada aparılmış bir tədqiqata görə isə, müasir multfilmlərə baxan uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı.

Psixoloqlara görə, cizgi filmləri uşaqlara 5 formada mənfi təsir edir;

1. Zorakılığa yönləndirmə: şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqlar, digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olurlar. Ətraflarına daim zərər vermək barədə düşünürlər və cox aqressiv olurlar.

2. Diqqətsizlik: gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. Onlarda aktivlik, yaşıdlarına nisbətən, 30-40% az olur.

3. Həqiqətdən uzaqlaşma: uşaq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayırlar, reallığa adaptasiya ola bilmirlər.

4. Ehtiyatlı davranışın azalması və risk artımı: uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməkdə çətinlik çəkirlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.

5. Dəyərlərin və yanaşmanın dəyişməsi: bir çox müasir filmlərdə uşağın tərbiyə aldığı cəmiyyətin dəyərlərinə zidd olan süni dəyərlər təbliğ olunur ki, bu da uşaqlarda çaşqınlıq yaradır. Məsələn, uşaq bilir ki, kişi qadınla evlənməlidir, lakin filmdə görür ki kişi kişi ilə, qadın qadınla evlənib “xoşbəxt” yaşayırlar...

21-ci əsrdə çəkilmiş multfilmlərin, xüsusən də Amerika və bəzi Qərb ölkələrinin istehsalı olan filmlərin hamısı subliminal mesajlarla, 25-ci kadrla doludur. Bu isə görünməyən terrorun uşaq beyninə həkk edilməsi deməkdir.

Valideynlər diqqətli olmasa şiddət və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial şiddət və zorakılıq tətbiq edənləri ola bilər. Müasir əxlaqsız “dəyərlər”i təbliğ edən filmlər isə uşaqları bunları normal qəbul etməyə və hətta o cür olmağa həvəsləndirir.

ABŞ-da ən böyük 2 animasiya studiyasının hər ikisi faktiki olaraq satanistlərindir və rəhbərləri satanist olan bu stusiyalar subliminal mesajlarla dolu olan filmləri hazırlayıb bütün dünyaya buraxmaqla yeni “dəyərləri” yeni nəsillərin beyninə otuzdurur. Bir çox mütəxəssislər və analitiklər bu filmləri effektiv zombiləşdirmə metodu və psixotron terror elementi adlandırırlar.

Bizim telekanallarda da həmişə müasir amerikan cizgi filmlərini verirlər. Sanki hansısa qüvvə onlara özümüzün istehsalı olan milli multfilmləri və ya keçən əsrdə müxtəlif ölkələrdə çəkilmiş normal filmləri efirə verməyə qadağa qoyub. Maraqlı burasıdır ki, belə bir qadağa yoxdur, bu kanalların niyə belə etdiyinin səbəblərini tapmaq olmur.

Sovet dövründə Azərbaycan dilində çəkilmiş multfilmlərin sayı 100-ə yaxındır. Əvvəlki dövrlərdə çəkilənləri nəzərə almasaq, təkcə ötən əsrin 80-ci illərində kinostudiyada 38 adda cizgi filmi istehsal olunub. “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub”, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” və s. Sonrakı dövrdə də bəzi filmlər çəkilib.

İndi azərbaycanlı bir uşağa sual versən, öz multfilmlərimizdən 2-nin adını çəkə bilməz. Amma azı 10 əcnəbi filmin adını çəkə bilər, hətta süjetini sizə əzbər danışar. Bu artıq faciədir. Maraqlıdır, məişət mövzulu və ancaq murdar “dəyərlər”i təbliğ edən seriallara on milyonlarla pul ayrıldığı halda, +18 mövzulu bədii filmlərin çəkilməsinə sponsor tapıldığı halda, multfilmlərin çəkilməsinə niyə pul ayrılmır? Bir kiçik ölkədə neçə idman televiziyası olduğu halda niyə bir normal uşaq televiziyası yoxdur?

Bu yöndə telekanalların üzərinə düşən iş o qədər də böyük deyil, sadəcə milli filmlərin fonduna müraciət etmələri kifayətdir. AzTv-nin arxivində də demək olar ki, hamısı var. Üstəlik, “Soyuzmultilm”in istehsalları və keçmiş SSRİ-nin digər respublikalarında çəkilən multfilmlərin dublyaj olunmuş variantları da. Başqa ölkələrdə keçən əsrdə çəkilmiş tərbiyəvi filmlər də az deyil. Bunları niyə efirə vermirlər?

Uşaqların mənəvi-psixoloji tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən ən əsas faktordur. Mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşdırılması dövlətin əsas vəzifələrindən biri deyilmi? O halda niyə uzun illərdir həyəcan təbili çalmağımıza baxmayaraq bu sahədə heç bir tədbir görülmür? Dövlət bu istiqamətdə xüsusi studiya yaradaraq onu maliyyələş.dirə bilər və milli filmlərimiz hazırlana bilər. Dədə Qorqud eposundan ttumuş, minlərlə nağıllarımız və folklor nümunələrimiz var ki, hərəsi bir film mövzusudur. Müasir həyatdan da tərbiyəvi film ssenariləri yazdırmaq olar və bunlardan yaxşı filmlər hazırlana bilər.

Bir çox ölkələrdə xüsusi mərkəz yaradılıb və bu sahəyə ciddi nəzarət var. Məsələn, Rusiyada ölkədə nümayiş olunacaq filmlər filtrdən keçirilir, orada “25-ci kadr” və ya zərərli subliminal mesajlar, ya da mənəvi dəyərlərə zidd təbliğatlar varsa xüsusi texnologiya vasitəsilə aşkar olunur və belə filmlərin ölkədə yayımına icazə verilmir.

Bizdə niyə belə bir mərkəz yaradılmır? Biz uşaqlarımızın psixologiyasını niyə öz dəyərlərimiz əsasında qurmağa çalışmırıq, gələcəyimiz olan uşaqları yad dəyərlərin, zərərli təbliğatların cənginə veririk? Sağlam milli genefond axı təkcə fiziki-bioloji cəhətdən olmur, həm də mənəvi-psixoloji cəhətdən olur. Buna görə də dövlət səviyyəsində bu sahədə çox ciddi işlər görülməsi vacibdir.

Düzdür, bunlar həll edilənədək valideynlər nəsə etməlidir. Bunun üçün müəyyən imkanlar var. İndi internet əsridir. İnternet portallarda minlərlə multflim var, onların arasından istənilən qədər əvvəlki dövrdə çəkilmiş sadə multfilmləri tapıb uşağa izlətmək olar. Köhnə multfilmlərin koleksiyasını DVD disklərdə də almaq olar.

İndi əksər evlərdə smart televizorlar var, internetdə isə yüzlərlə normal multfilmlər var, yaradıcı, öyrədici videolar var, valideyn onları tapıb uşağı onlara yönəltməlidir. Yəni, valideynlərin bəhanəsi əsassızdır. Sadəcə, valideyn buna vaxtını sərf eləmir, pultu verir uşağın əlinə, oturdur televizorun qabağında ki, qarşısına nə çıxdı baxsın.

Bunun axırı isə yaxşı görünmür. Çünki artıq uşaqlarınızı siz yox, əcnəbi rejissorlar, psixoloqlar tərbiyə edir, onların psixologiyasını, xarakterini, dəyərlər anlayışını siz yox, onlar müəyyən edir. Necə deyərlər, uşağınızın “əti” (bədəni) sizindir, “sümüyü” (yəni, beyni) onların.

Artıq belə psixotron terror kampaniyasının tərbiyə edib yetişdiriyi bir nəsil formalaşıb. Valideynlər, müəllimlər bir çox uşaqların niyə zombi kimi hissiz, duyğusuz, aqressiv, eqoist oduğunu anlaya bilmirlər. “Biz axı belə tərbiyə verməmişik, bu uşaq niyə belə oldu?” deyənlərin sayı artır. Bəli, cənablar və xanımlar, tərbiyəni siz verməmisiniz, verdiyinizi güman etmisiniz, tərbiyəni qlobal qüvvələr verib, uşağınızın əlinə verdiyiniz smartfonlar və qarşısında oturtduğunuz televizorlar vasitəsilə. Siz sadəcə, buna imkan vermisiniz- bilərəkdən və ya bilməyərəkdən, bunun artıq heç bir fərqi yoxdur.

Seriala, futbola baxmaqdan, sosial şəbəkədə qeybət eləməkdən, tiktokda pozğunlara hədiyyə göndərməkdən vaxtınız qalsa, bir az bu barədə də düşünün- əgər əsil valideyn olmaq və sağlam uşaq böyütmək istəyirsinizsə...

İstəmirsinizsə, artıq sizə nəsə deməyimizin mənası yoxdur. Nə əkirsinizsə, onu da biçəcəksiniz.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Избранный
93
8
sesqazeti.az

7Источники