AZ

Uşağı cəzalandırmaq valideyn-övlad münasibətlərinə necə təsir edir?

Bugünki zamanda uşaqların arzuolunmaz davranışlarına nəzarət etmək  üçün cəzalandırma, hədələmə kimi üsullardan istifadə etmək artıq adi bir hal alıb. Ancaq bu üsullar uşaqların davranışlarını dərhal dəyişdirməkdə təsirli görünsə də, uzun müddətdə bir çox mənfi təsirlərə səbəb olur.
Valideynlər tez-tez övladlarını öyrətmək, onlara qarşı intizam qoymaq üçün hədə-qorxu gəlməyə çalışırlar. Ancaq təhdidlər və qorxuya əsaslanan üsullar həm uşağın səhvlərindən dərs almasına mane olur, həm də uzun müddətdə onun psixoloji sağlamlığına zərər verə bilir. Müsbət dil və uşaq tərbiyəsində empatiyaya əsaslanan yanaşmalar həmişə daha qalıcı həllər təklif edir.
Bəs, hədələrin uşağa psixoloji təsirləri nələrdir? Qorxuya əsaslanan valideynlik uşaq və valideyn arasındakı münasibətə necə təsir edir? Cəza əvəzinə hansı müsbət üsullara üstünlük vermək olar?
Psixoloq Mələk Kərimli bildirir ki, inanılanın əksinə, cəza ilə tərbiyələndirilən bir mühitdə böyüyən uşaqlar səhvlərindən nəticə çıxarmırlar:
"Bugünki zamanda valideyn olmaq hər zamankindən daha çətin və məsuliyyətlidir. Adətən gün ərzində uşaqlarımızla sakit, nizamlı bir gün keçirtmək üçün təhdidlər, cəzalar və ya qorxuya əsaslanan nəticələr kimi tez həll yollarına müraciət etmək bizə asan gələ bilər. Uşaqlarımızın davranışları bəzən məyusedici, arzuolunmaz olduqda və ya hətta özləri və ya başqaları üçün təhlükəli olduqda valideynlər başqa nəyə müraciət edəcəklərini bilmirlər. Lakin hədələyici təcrübələrin uşaqlara göstərə biləcəyi mənfi təsirləri başa düşmək son dərəcə vacibdir.
Qorxu və təhdid əsaslı valideynlik uşaqların özünə hörmətinin aşağı olması, dostluq və şəxsi münasibətlərdə çətinliklər, zəif qərar vermə bacarıqları və həyati riskləri qiymətləndirməkdə çətinlik çəkməsi ilə nəticələnə bilər. Bizi düşündürən sual odur ki, nə üçün övladımızdan bunu tələb edirik. 
Məsələn, deyək ki, valideyn övladının yıxılıb zədələnəcəyindən qorxduğu üçün ona küçədə oynamağı qadağan edir. Bu, uşağa nəinki inkişafı üçün vacib olan oynaq oyunu yaşamaq imkanını inkar edir, həm də uşağın səhv etmək və təbii nəticələr vasitəsilə öyrənmək imkanını məhdudlaşdırır. Bu tərzdə böyüyən uşaqlar çətin və ya narahat vəziyyətlərlə üzləşə bilməyəcəklər, çünki valideynləri bu cür vəziyyətləri yaşamağa icazə verməkdən çox qorxurlar. Lakin uşaqlar təcrübə etməlidirlər ki, çətin vəziyyətlərdə öyrənə, inkişaf edə, qalib gəlmək və uğur qazanmaq qabiliyyətinə malik olduqlarını bilmək üçün inam qazana bilsinlər.
Uşaqların nevroloji inkişafına görə böyüklərdən fərqli ünsiyyət tərzi var. Buna görə də, onların "ifrat" reaksiyalarının arxasında çox vaxt başqa səbəblər dayanır. Onların bəzi "problemli" davranışlarının əsası bəzi qarşılanmamış ehtiyaclar ola bilər. Valideynlərin reaksiyanın altında yatan səbəbə diqqət yetirməsi və onu aradan qaldırmağa çalışması çox vaxt müsbət nəticələr verir. Onlar əslində qışqırmaqla, qəzəblənməklə  əsas ehtiyaclarını ifadə etməyə çalışırlar.
Valideynlər olaraq bizim işimiz uşaqlarımıza öz duyğularını necə müəyyənləşdirməyi öyrənməyə kömək etmək və onlara öz hisslərini başa düşmək və ifadə etməkdə kömək etməkdir. Buradakı məqam ondan ibarətdir ki, davranışa baxmaq əvəzinə, biz uşağın pəncərəsinə daxil olmaq və onun nöqteyi-nəzərindən nə baş verdiyini görmək üçün empatik əlaqə yaratmalıyıq.
Ümumiyyətlə valideynlər övladlarını tərbiyə edərkən mükafat və cəza ilə bağlı qeyri-müəyyənlik yaşayırlar. Əslində hər iki üsulun məqsədi intizamı təmin etməkdir. 
İntizamın məqsədi uşağa həyatın qanunlarını olduğunu öyrətməkdir. Uşağı sağlam şəkildə yetkinliyə hazırlamaqdır. İstənilən davranışları öyrətmək, özünə nəzarəti təmin etməkdir. İntizamın birinci şərti valideynlə övlad arasında harmoniya, ünsiyyət və münasibətdir.
Bir valideyn olaraq, övladlarınız üçün məhdudiyyətlər qoya bilmək vacibdir. Onlara paylaşmağı öyrətmək, başqalarına hörmətlə yanaşmaq, gözləməyi bilmək kimi həyat qaydalarını öyrətmək valideynlərin vəzifəsidir.
Uşaqların bütün istəklərini gözləmədən yerinə yetirmək düzgün deyil. Uşağınızın bəzi istəklərinə yox deyə bilmək və ona əməl etməli olduğu qaydaları öyrətmək lazımdır. Mükafat və cəza uşaq tərbiyəsində tez-tez istifadə olunan və birlikdə qeyd edilməli olan anlayışlardır.
Valideynlər uşaqda müsbət davranışı gücləndirmək üçün mükafatlardan, mənfi davranışı aradan qaldırmaq və ya azaltmaq üçün isə cəzadan istifadə edirlər. Əslində valideynlər mükafatlandırma üsulu ilə uşağın daxili motivasiyasını dəstəkləmək istəyirlər. Məqsəd müsbət davranışı qiymətləndirmək istəyidir.
İki növ mükafatlandırma metodu var: maddi və mənəvi. Məsələn, otağını səliqəyə salan uşağı "mən demədən otağını səliqəyə saldığın üçün təşəkkür edirəm" deyərək qucaqlaya bilərsiniz. Yaxud, ev tapşırığını yerinə yetirmiş uşağa oxuduğu üçün onun davranışını həvəsləndirmək üçün müsbət təkliflər vermək kifayət edər. Çünki dərs oxumaq, ev tapşırığı etmək, otağı səliqə-sahmana salmaq uşağın vəzifəsi olan davranışlardır və bunları yerinə yetirdiyinə görə uşağa maddi mükafat vermək düzgün deyil.
Ancaq bir naliyyətinə görə imtahandan yaxşı qiymət alan uşağı seçdiyi kitabı və ya oyuncağı almaqla mükafatlandıra bilərsiniz. Bu şəkildə uyğun şəkildə verilən bir mükafatla uşağın motivasiyasının müsbət inkişafına töhfə vermiş olarsınız. Valideynlərin mükafatlandırma metodundan düzgün və lazımi vaxtda istifadə etməməsi mükafatlandırma metodunun effektivliyini itirməsinə səbəb olur. Uşağın hər bir müsbət davranışına görə daim maddi cəhətdən mükafatlandırılması uşaqda zamanla mükafatlandırma vərdişinin formalaşmasına səbəb olur.
Mükafat üsulu qısa müddətdə təsirli görünsə də, o anda uşaq mükafata çatmaq üçün istədiyi davranışı yerinə yetirir, lakin mükafat yox olanda gözlənilən davranışı yerinə yetirmir. Bu səbəbdən davamlı olaraq mükafatların verilməsi uşağın bu vəziyyətə alışmasına səbəb olur və uşaq mükafatdan həzz almağa başlayır.
Uşaqların tələbləri sonsuzdur və sonsuz tələblər valideynləri sıxışdırır. Buna görə də üsul effektivliyini itirir. Uşaq hətta öz məsuliyyəti olan vəziyyətləri etməzdən əvvəl mükafat gözləməyə alışır. Bu vəziyyət məsuliyyət şüurunun inkişafına xələl gətirir.
Uşaqlarınızı müsbət davranışlarına görə mükafatlandırmaq istəyirsinizsə, onları nə qədər sevdiyinizi və ya sizin üçün nə qədər dəyərli olduğunu ifadə edərək bunu edə bilərsiniz. Ən təsirli mükafatlandırma üsulu, uşağınızın nə qədər dəyərli olduğunu ona hiss etdirmənizdir.
Valideynlərin uşaq tərbiyəsi ilə bağlı bilməli olduğu digər vacib məqam isə problemli uşaq deyil, problemli davranışın varlığını qəbul etməkdir. Valideynlər problemli davranışı aradan qaldırmaq üçün cəzadan istifadə edirlər. Lakin cəzaya müraciət etməzdən əvvəl uşağın arzuolunmaz davranışının səbəblərini düşünmək və araşdırmaq lazımdır. Əvvəlcə bu arzuolunmaz davranış haqqında danışmaq və davranışın yanlış olduğuna diqqət çəkmək vacibdir. Əlbəttə ki, davranışın nəticələri böyük problemlər yaratmırsa, ilk növbədə uşağınıza bu davranışı bəyənmədiyinizi xəbərdar etməyə çalışın. Ən əsası, siz örnək və bələdçi olmaqla övladınıza arzuolunmaz davranışı anlamağa kömək edə bilərsiniz. Bütün bu xəbərdarlıqları edərkən sakit və səbirli olmaq lazımdır. Çünki uşağınızla ünsiyyətdə istifadə etdiyiniz dil çox önəmlidir. Uşağınız bütün bu xəbərdarlıqlara baxmayaraq səhv davranışını təkrarlamağa davam edərsə, yaşına uyğun və ona fiziki zərər verməyəcək bir cəza təyin edib tətbiq edə bilərsiniz.
Uşağa davranışının niyə səhv olduğunu və niyə cəzalandırıldığını bildirmək vacibdir. Qısamüddətli neqativ davranışın qarşısı cəza ilə alınsa belə, cəzanın davamlı tətbiqi valideyn-övlad münasibətlərinə ciddi təsir edən və zədələyən bir üsuldur. Uşaqda kin, nifrət kimi mənfi emosiyaların yaranmasına səbəb olur. Cəza ilə idarə olunan uşaqlarda əsəbi və aqressiv davranışlar tez-tez müşahidə olunur. Sərt cəzalar uşaqların özünə inamının inkişafına xələl gətirir və zorakılığa meylini artırır. Fiziki və ya mənəvi ağrıya səbəb olan hər hansı bir üsuldan cəza vasitəsi kimi istifadə etmək məqsədəuyğun deyil".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
89
8
olaylar.az

7Mənbələr