RU

“Gələn il əkməyin mənası yoxdur” – bahalaşmadan narazılıq

Məqalə barədə məlumatMüəllif, Fərid HəsənovVəzifə, BBC News Azərbaycanca

Tarif Şurasının qərarı ilə iyunun 30-da ölkədə Aİ 92 markalı benzinin qiyməti 10 qəpik, dizel yanacağınınkı isə 20 qəpik artıb. Qurum bu addımı bu növ yanacağın istehsalında xərclərin artması ilə izah edib.

Hökumətin yanacağın qiymətini qaldırması kəndlilərin biçin işlərinin davam etdiyi dövrə təsadüf edib. Bu isə fermerləri və kənd təsərrüfatı texnikası işlədənləri narazı salıb.

İsmayıllı sakinləri BBC-nin bölgəyə ezam olunmuş əməkdaşı Fərid Həsənova bu qərardan şikayətləniblər.

“Zapçast bir yandan qalxır, salyarka bir yandan qalxır, heç bir iş görə bilmirik. Kənd camaatı narazılıq edir. Səhər-səhər saat 6-dan gəlmişik. Əminin 1 hektar yarım yeri var, qalmışıq burada”, - İsmayıllıda kombayn sürücüsü Elşad Allahverdiyev deyib.

Kəndlilər əkin sahələrini köhnə qiymətlə, yəni bir hektarı 50 manata biçdirmək istəyirlər. Texnika sahibləri isə deyir ki, yanacağın qiymətinin artması bir yana, istifadə etdikləri avtomobil yağlarının və ehtiyat hissələrinin də qiyməti bahalaşıb. Ona görə də indi bir hektar ərazini 10 manat baha, yəni 60 manata biçirlər.

"Şuma, səpməyə, malaya, biçməyə kombaynın pulunu vermək üçün məcburuq sataq. Kilosunu 30 qəpiyə vermişik. Saxlasan, bəlkə xeyir görə bilərsən, 3-5 qəpik baha sata bilərsən. Amma bizdə elə şərait yoxdu. İnsanların çoxu əkin-biçin vaxtı borc edib, gəlir işini görür, deyir biçindən sonra pulu qaytaracam, ona görə də məcbur "pod-kombayn" deyirik də, yəni elə sahədəcə məhsulumuzu ucuz satırıq", - rayonun Quşencə kənd sakini Məlikalı Alıyev BBC-yə bildirib.

Fermer deyir ki, yanacağın bahalaşması, təkcə biçim qiymətində deyil, yerin şumlanması, yumşaldılması, məhsulun daşınması qiymətində də 10 manat bahalaşmaya səbəb olub.

“Gələn il üçün fikirləşirəm ki, əkməyin mənası yoxdur. Ota saxlasam, ondan sərfəlidir. Nə şumlayacam, nə bir şey edəcəm”, - Məlikalı Alıyev deyib.

Videoya YouTube kanalımızda baxın.

Избранный
191
bbc.com

1Источники