RU

“Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır - FƏRMAN

Prezident İlham Əliyev “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.

Marja xəbər verir ki, Fərmana əsasən, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır və Xidmətin Nizamnaməsi təsdiq edilir.

Müəyyən olunur ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti adıçəkilən rayona əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Müşahidə Şurasının tərkibi təsdiqlənib

Prezident İlham Əliyev “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

Kəlbəcərdə Bərpa Tikinti və İdarəetmə Xidməti
Избранный
88
12
marja.az

10Источники