İngiltərənin “Liverpul” klubu ispaniyalı qapıçısı, 37 yaşlı Adrian San Migel del Kastilyo ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
“Adrian “Liverpul”u tərk edir. “Enfild”də keçirdiyi 5 il ərzində o, klubun uğurlarına dəyərli töhfə verib. Həm komanda yoldaşları, həm də personal arasında önəmli biri olan qapıçı ən xoş arzularla “qırmızılar”ı tərk edir. Hər şey üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, Adrian “Liverpul”a 2019-cu ilin avqustunda azad agent kimi qoşulmuşdu. O, ötən mövsüm bu komandanın heyətində bir matça belə çıxmayıb. Ümumilikdə Mersisayd təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 36 qol buraxmış ispan qolkiper 7 dəfə qapısını toxunulmaz saxlayıb.
Təcrübəli qolkiper daha öncə “Vest Hem” və “Betis”də də forma geyinib. İspan qapıçının karyerasını başa vurması istisna edilmir.