RU

Maşın bazarında ucuzlaşma

Yazını böyüt
Yazını kiçilt

Son aylar Azərbaycanda satışa çıxarılan avtomobillərin sayı artıb. Belə ki, taksi fəaliyyəti ilə bağlı yeni tələblərdən sonra Bakının "Maşın bazarı"nda satışa çıxarılan avtomobillərin sayında ciddi artım müşahidə olunur. Diqqətçəkən məqam ondan ibarətdir ki, satışa çıxarılan nəqliyyat vasitələri arasında istehsal ili bir qədər köhnə avtomobillərə daha çox rast gəlinir. Bazarda əvvəlki aylarla müqayisədə ucuzlaşma da müşahidə edilir.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev hesab edir ki, avtomobil bazarında ucuzlaşmaya səbəb son vaxtlar qəbul edilən qərarlardır: “Hazırda bütün dünyada elektrikli və hibrid avtomobillərə maraq artır. Yeni avtomobil almaq istəyən, yaxud avtomobilini yeniləyən şəxslər əvvəlcədən kiçik də olsa bazar araşdırması aparırlar. Avtomobil alanlar hibrid və elektromobilləri seçdiyinə görə, digər nəqliyyat vasitələrinin satışı hazırda çox azdır. Köhnə avtomobil satan şəxslər daha da ucuz qiymət qoyurlar ki, tez satılsın. Beləliklə, bu məsələlər ümumi avtomobil qiymətlərinə də ciddi təsir göstərir. Müşahidə olunan ucuzlaşma prosesi davam edəcək. Həmçinin iri həcmli mühərriki olan avtomobillərin də qiymətlərində enmə gözlənilir. Bu avtomobillərə də tələbat azalacağı üçün onların da qiyməti ucuzlaşacaq. Artıq tanınmış maşın istehsalçıları da öz seçimlərini hibrid və elektromobillər üzərindən edirlər. Çünki bazarın tələbi bu istiqamətdədir. Eyni zamanda, taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər də avtomobil bazarımıza təsir edib. Yeni qaydalara görə köhnə avtomobillər artıq taksi xidməti göstərə bilməyəcək. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Satış artdığı zaman tələb və təklif qanunlarına görə qiymətin ucuzlaşması baş verir”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, qiymətlərin ucuzlaşması qısamüddətlidir, bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək: “Qiyməti ucuzlaşan avtomobillər köhnə maşınlardır ki, yeni qanuna qədər taksi parkında istifadə olunurdu. Artıq onlar təyinatı üzrə fəaliyyət göstərə bilməyəcəyinə görə kütləvi şəkildə bazara çıxarılırlar. Kütləvi təqdimat da istər-istəməz qiymətlərə öz təsirini göstərir. Bu tendensiya qısamüddətlidir. Sonra bazar yenidən stabilləşəcək. Çünki Azərbaycan bu avtomobilləri xaricdən idxal edir. Avtomobil bazarımızda qiymətləri alıcılar və satıcılar yox, əsasən gələn avtomobillərin dəyəri müəyyənləşdirir. Avtomobili gətirən sahibkar maşını sata biləcəyi halda gətirir. Görsələr ki, sata bilmirlər, bu avtomobilləri gətirməyəcəklər. Bu zaman artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.

Ekspert hesab edir ki, hazırda sahibkarlara yeni avtomobilləri gətirmək daha çox sərf edir: “Hibrid və elektromobil avtomobillərə maraq keçən ildən başlayaraq sürətlə artıb. Bu avtomobillər gömrük rüsumundan da azad edilib. Xüsusən də yeni buraxılış olan bu avtomobillər ölkəmizə gətirilərkən heç bir rüsum ödənilmədiyi üçün onların qiyməti daha əlverişli olacaq. Həmin avtomobillər insanların büdcəsinə daha uyğun olduğu üçün bazarda da payları artır”.

Избранный
58
1
hafta.az

2Источники