RU

Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh prosesinin ləngiməsinə səbəb nədir? Prosesin uzun müddət imitasiyası tərəflər üçün nə vəd edir?

- Görünən odur ki, bu proseslər hansısa bir mərkəz tərəfindən gizlincə idarə edilir. Bununla da iki ölkə arasında sülh müqaviləsinin imzalanması əngəllənir. Bütün səylərə baxmayaraq sülh müqaviləsinin imzalanması uzanır. Azərbaycan Prezidentinin söylədiyi kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərti sözsüz ki, həqiqətə uyğundur. Çünki uzun müddət erməni tərəfi o qədər əsassız iddialarla çıxış edib ki, bunun üzərindən keçib sülh müqaviləsini imzalamaq çətin olar.

- Sizcə, tərəfləri sülhə yaxınlaşdıracaq ilkin addım nə ola bilər?

- Burada konpramist variant kimi sülh müqaviləsinin çərçivə sazişlərini gündəmə gətirmək lazımdır. Çərçivə sazişləri razılaşdırılmış prinsipləri nəzərdə tutur. Həmin sazişlər ətrafında fikir mübadiləsi aparıb razılaşmaları imzalamaq mümkündür. Eyni zamanda Ermənistan tərəfi üzərinə qarşıdakı yaxın müddətdə konstitusiyanın dəyişdirilməsi üçün referendumun keçirilməsi ilə bağlı öhdəlik götürməlidir. Bu kontekstdə məsələləri irəliyə aparmaq üçün nələrisə etmək lazım gələcək. Belə olan halda tərəflər konpramistə gedə biləcək.

- Nikol Paşinyanın Rusiya ilə bağlı dəyişən ritorikası nə ilə bağlıdır? Qərbdə və yaxud Amerikada dəyişən siyasi konyektura amilini necə dəyərləndirmək olar?

- Bu əslində ənənəvi erməni xasiyyəti ilə bağlı olan bir məsələdir. Bir balaca meyilləndiyi tərəfdə problem gördükdə dərhal mövqeni dəyişir. Son zamanlar Paşinyan tərəfindən Rusiya ilə ciddi yaxınlaşma müşahidə edilməkdədir. Rusiya da öz növbəsində Ermənistanın bu addımını sevinclə qarşılayıb. Yavaş-yavaş münasibətlər sanki düzəlirmiş kimi görünməkdədir. İş bu cür getsə, sülh müqaviləsinin əvəzinə Ermənistanın Rusiya ilə ənənəvi müttəfiqliyinin bərpa olunmasının şahidi olacayıq.

- Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməyəcəyini deyən Paşinyan əsas diqqəti nəyə yönəltməyə çalışır?

- Sözsüz ki, Ermənistan Avropa Birliyinə üzvlükdən imtina etməyəcək. Sadəcə olaraq Paşinyan indiki halda vaxt qazanmağa çalışır. Rusiya ilə münasibətləri qaydasına salacağını hədəfləyən Ermənistan Avropa Birliyi ilə olan məsələni bir qədər arxa plana atır.

- ABŞ-nin sülhlə bağlı fəallığı necə izah oluna bilər? Ağ ev bölgədə sülhün tez bir zamanda əldə edilməsinə niyə bu qədər enerji sərf edir?

- Amerika son aylarda davamlı olaraq Azərbaycana və Ermənistana təsir edir. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn açıq şəkildə bəyan edir ki, Rusiyanın başı müharibəyə qarışdığı dövrdə bu fürsətdən istifadə edib sülh müqaviləsini imzalamaq lazımdır. Ona görə də, Amerika fəal görünür. Sadəcə olaraq Ağ ev bir məsələdə Azərbaycanı qane etməyən fikirlər irəli sürür. Söhbət Qarabağdan könüllü şəkildə getmiş ermənilərin geri qaytarılması və onlara hansısa “status” verilməsi məsələsidir. Azərbaycan təbii ki, bu şərtlərlə birmənalı olaraq razılaşmayacaq. Burada hansısa “status” iddiası isə heç bir məntiqə uyğun deyil. Bu baxımdan sülhə yardım edəcəyini açıqlayan Amerika digər yandan vəziyyəti daha da mürəkkəbləşdirir.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
123
50
teleqraf.com

10Источники