RU

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Bayden-Tramp

AZƏRTAC, 5 iyul, Vaşinqton

İyulun 27-də ABŞ Prezidenti Co Baydenlə sabiq prezident Donald Trampın ilk debatı hakim Demokratlar Partiyasında ciddi fikir ayrılığı yaradıb. 81 yaşlı prezidentin səhhəti ilə bağlı narahatlıqlar Donalt Trampın yenidən seçilməsindən qorxan demokratları təşvişə salıb.

AZƏRTAC ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində yaranmış vəziyyətə nəzər salır.

Ölkənin iki ən böyük partiyası olan Demokratlar Partiyası və Respublikaçılar Partiyasının namizədləri hələ ki, təsdiqlənməyib. Hakim partiyanın ən real namizədi hazırki Prezident Co Bayden, Respublikaçılar Partiyasının namizədi isə əvvəlki prezident Donalt Trampdır. Belə ki, onların hər ikisi namizədliklərini təmin etmək üçün ilkin seçkilərdə (praymeriz) qalib gəlib. Respublikaçılar Partiyasının namizədi iyulun 15-18-də Viskonsin ştatının Milouki şəhərində keçiriləcək partiya qurultayında elan ediləcək. Demokratlar Partiyasının qurultayı isə 19-22 avqust tarixlərində Çikaqo şəhərində baş tutacaq.

Debatda kim uduzdu?

Co Bayden və Donald Tramp arasında iyunun 27-də CNN telekanalı baş tutumuş debat zamanı 81 yaşlı hazırkı prezidentlə onun 78 yaşlı rəqibi arasında fərq kifayət qədər hiss olunurdu. Boğuq və yavaş səslə çıxış edən Baydenin Trampla fikir ayrılıqlarını aydın şəkildə ifadə edə bilməməsi müşahidə edilirdi. Debatda Baydenin əsas vəzifələrindən biri yaşı ilə bağlı seçicilərin narahatlığına son qoymaq olsa da, o, bunu bacarmadı. Xüsusilə statistika və qanunvericiliyə istinad etmək istəyərkən Bayden tərəddüdlə çıxış edirdi. O, fikrini ifadə etmək üçün səsini nadir hallarda qaldırırdı.

Debatdan dərhal sonra Bayden komandası Prezidentin soyuqladığını və gərgin gündəliyə malik olduğunu açıqladılar.

Demokratların düşərgəsində isə Baydenin mübarizədən çəkilməsini tələb edənlərin sayı artmağa başladı.

Baydenin çıxışı Demokratlar Partiyası və donorlar arasında ciddi narazılıq yaradıb. Baydenin tərəfdarlarından biri, konqresmen Ceyms Klaybörn iyulun 3-də CNN-ə müsahibəsi zamanı Demokratlar Partiyasının avqusta keçiriləcək qurultayı öncəsi kiçik praymerizin (ilkin seçkilər) təşkil olunması fikrini səsləndirib. Debatdan dərhal sonra o, Demokratları sakit olmağa çağırsa da, bir həftə keçdikdən sonra görünür, fikrini dəyişib. “Biz keçən cümə axşamı gördüyümüzü gördük və bu, narahatlıq doğurur”,- deyə o açıqlamasında qeyd edib.

Bu günlərdə Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi də partiyasının böhranla üz-üzə qaldığına dair fikir səsləndirib. Daha sonra Texasdan olan konqresmen Lloyd Doggett açıq şəkildə Baydeni mübarizədən çəkilməyə çağırıb. “Trampdan fərqli olaraq, Prezident Baydenin ilk öhdəliyinin həmişə özü ilə deyil, ölkəmizə bağlı olduğunu qəbul edərək, onun geri çəkilməklə bağlı ağrılı və çətin qərarı verəcəyinə ümid edirəm. Mən onu bunu etməyə çağırıram",- deyə konqresment CNN-ə bildirib.

Qanunvericilər, həmçinin Baydenin zəif tərəflərinin potensial seçicilərin ruhdan sala biləcəyindən, Senatda çoxluğunu saxlamağa və Nümayəndələr Palatasına nəzarəti geri almağa çalışan demokratların uğursuzluğa düçar olacağından narahatdırlar. “Həqiqət odur ki, Bayden Trampa məğlub olacaq. Bilirəm, bu çətindir, lakin debat öz zərərini artıq vurub”,- deyə konqresmen Mari Qluesenkamp Perez ABC telekanalına müsahibəsində deyib.

Mövcud narahatlıq və narazılıqlar fonunda Bayden komandası artıq addımlar atmağa başlayıb. İyulun 3-də Baydenin qubernatorlarla görüşü təşkil edilib, “ABC News”-a müsahibə təyin edilib və həftə sonu seçki kampaniyası üçün səfər gündəliyi açıqlanıb.

Ən çox təzyiqə məruz qalanlardan biri də Ağ evin mətbuat katibi Karin Jan-Pyerdir. Keçirdiyi mətbuat konfrası zamanı jurnalistlərdən biri ona Co Baydenin “Altsheymer”, dimensiya və ya bu cür davranışa səbəb ola biləcək hansısa xəstəlikdən əziyyət çəkməsi ilə bağlı sual ünvanlayıb. Başqa bir sual isə debatdan sonra Baydenin həkim müayinəsindən və ya nevroloji testdən keçib-keçmədiyi ilə bağlı olub. “Çox pis gecə idi (debat gecəsi). Biz bunu anlayırıq, Prezident də bu barədə danışıb”,-deyən mətbuat katibi Bayden administrasiyanın əslində debatın neqativ təsirlərini qəbul etdiyini etiraf edib. Mətbuat katibi 81 yaşlı Prezidentin Donalt Trampla debat zamanı zəif çıxışını soyuqlaması, sıx gündəlik və uçuş yorğunluğu ilə əlaqələndirib.

“Co Bayden qətiyyən prezident seçkilərindən çəkilmək niyyətində deyil”,- deyə Karin Jan-Pyer digər bir sualı cavablandırarkən deyib.

Baydenin qubernatorlarla görüşü

Baydenin qubernatorlarla keçirdiyi görüşün də məqsədi onun yaşı və mental sağlığı ilə bağlı narahatlıqları aradan qaldırmaq idi. İyulun 3-də o, Demokratlar Partiyasından olan 20-dən çox qubernatorla qapalı görüş keçirib. “ABC News”-un mənbəyə istinadla bildirdiyinə görə, bir saatlıq görüşdə ona fiziki sağlığı barədə suallar verilib. Prezident yeni tibbi müayinədən keçdiyini və sağlığının yerində olduğunu deyib.

Görüş zamanı Bayden mübarizədən çəkilməyəcəyinə dair vədini təkrarlayıb. O, debatdakı zəif çıxışına görə məsuliyyəti öz üzərinə götürərək, qubernatorlara debatdan əvvəl gündəliyini asanlaşdırmalı olduğunu söyləyən işçilərinə qulaq asmadığını deyib. Bayden bildirib ki, daha çox yuxuya və istirahətə ehtiyacı və o, axşam 20:00-dan sonra görüş təyin etməyəcək.

Keçirilən görüş partiya üzvlərini bir qədər sakitləşdirsə də, narahatlıqlar hələ də qalır.

Kamala Harris - partiyanın gələcəyi

Beləliklə, Baydenin ən yaxşı namizəd olaraq qaldığını iddia edənlər son günlərdə mövqelərini itirdiklərini etiraf edirlər. Bəzi demokratlar vitse-prezident Kamala Harrisin noyabrda respublikaçı real namizəd Donald Trampla mübarizədə Baydeni əvəz edə biləcəyi fikrini açıq şəkildə nəzərdən keçirməyə başlayıblar. Kamala Harris Bayden administrasiyasının funksionerlərindən biridir.

"Prezidentin Kamala Harrisi vitse-prezident seçməsinin əsas səbəblərindən biri odur ki, o, həqiqətən də partiyanın gələcəyidir"-, deyə Ağ evin mətbuat katibi brifinqdə deyib.

Donald Trampla Co Baydenin növbəti debatı sentyabrın 10-a təyin olunub. Artıq həmin debatda onlar partiyalarının təsdiqlənmiş namizədi kimi qarşı-qarşıya gələcəklər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

 

Избранный
119
50
azertag.az

10Источники