RU

"Qarabağ"da yeni təyinatlar, Rauf Əliyev baş məşqçi işləyəcək – ÖZƏL

"Qarabağ"ın Akademiyasında yeni məşqçi təyinatları gerçəkləşib.

Prosport.Az-ın xəbərinə görə, 15 yaşadək komanda ilə Azərbaycan çempionu olan baş məşqçi Vüqar Əsgərli "Qarabağ"da işinə davam edəcək. Lakin o bu dəfə "Qarabağ"ın U-19 komandasını çalışdıracaq. "Qarabağ" ötən mövsümü AFFA Gənclər Liqasında 5-ci pillədə bitirdiyindən, məqsəd bu dəfə daha uğurlu çıxış etmək olacaq. Ona U-19-da Məhəmməd Bədəlbəyli, Səid Hacıyev və Emin Kazımov (qapıçı məşqçisi) köməklik edəcək. Bu yerdə bildirək ki, Səid Hacıyev akademiyanın koordinatoru Aftandil Hacıyevin böyük oğludur, məşqçiliyə yeni başlayıb.

U-14 ilə çempion olan baş məşqçi Asif Əlizadə isə Vüqar Əsgərlinin sabiq komandasını çalışdıracaq. Həmin komanda növbəti mövsüm AFFA U-16 Liqasında çıxış edəcək.

U-13 komandası ilə ölkə çempionluğuna yiyələnən baş məşqçi Elşad Xudadatov da öz komandasında qalmayacaq. O, növbəti mövsüm U-10-U-13 komandalarından birini çalışdıracaq. Onun çempion etdiyi komandanı "Qarabağ"ın sabiq veteran futbolçusu Samir Musayev çalışdıracaq. Ötən mövsüm U-17 komandası ilə çempionatı 4-cü yerdə başa vurmuş Musayev indi U-14 Liqasında çempionluq üçün mübarizə aparacaq.

Hazırda U-16 Liqasında yarımfinala komanda çıxartmış Rəşad Sadiqov isə "Qarabağ"dan ayrılmayacağı təqdirdə, indiki komandasında qalacaq və növbəti mövsüm AFFA U-17 Liqasında mübarizə aparacaq.

Ötən mövsüm U-19 komandasında köməkçi kimi məşqçi işinə başlamış Rauf Əliyev isə yeni mövsümdən baş məşqçi olacaq. O, U-15 komandasını çalışdıracaq. Ona U-19-da baş məşqçi işləmiş Emin Mollayev köməklik edəcək.

Beləliklə, ilkin olaraq baş məşqçilikləri dəqiqləşmiş məşqçilər bunlardır:
Vüqar Əsgərli (U-19)
Rəşad Sadiqov (U-17)
Asif Əlizadə (U-16)
Rauf Əliyev (U-15)
Samir Musayev (U-14)

Səbuhi Musa

Избранный
58
prosport.az

1Источники