RU

Ölkədaxili sərnişindaşımada qiymət tənzimlənməsi nəyə hesablanıb?

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Ekspertlər bu sahədə tarif yenilənməsinin zəruri tələblərə əsaslandığını qeyd edirlər. Editor.az xəbər verir ki, ekspertlərin fikrincə tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib. Onların sözlərinə görə, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi.

Yeni tariflər ictimai nəqliyyat və hava nəqliyyatında xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılmasına, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, keyfiyyətin yüksəldilməsinə, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsinə, eyni zamanda vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, cari il ərzində yalnız Bakı şəhərində 200-dən çox avtobus istismara verilib. İl ərzində 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır.
Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdə uzunluğu 65 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək.

Bundan başqa Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılır. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir. Metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur.

Son bir ildə sərnişindaşıma sahəsində aparılan islahatlar, bu sahəyə dövlətin dəstəyi metro və avtobuslarla sərnişin daşınmalarını 15%-ə yaxın artırıb. Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib.

Xüsusi ilə qeyd etmək lazımdır ki, yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək.

Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
3
editor.az

7Источники