AZ

Azərbaycan inkişaf etmiş nəqliyyat ölkəsinə çevrilir...

Image

Azərbaycanda nəqliyyat sferasının inkişafı daim dövlətin xüsusi diqqət mərkəzində yer alıb. Son illər ərzində ölkəmizdə çoxsaylı yol-nəqliyyat layihələri həyata keçirilib, yeni yollar salınıb, körpülər, yeraltı və yerüstü keçidlər inşa edilib.

Bunlara paralel olaraq, nəqliyyat, xüsusən də ictimai nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir. 

Eyni zamanda, mühüm addımlardan biri kimi ölkəyə müasir nəqliyyat vasitələrinin gətirilməsi də xüsusi diqqət mərkəzindədir. Hibrid və elektriklə çalışan avtomobillərin artan idxalı bunun göstəricisidir. Burada o da nəzərə alınır ki, bir çox ölkələr və şirkətlər müəyyən bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edəcəklərini bəyan ediblər. Bu da ondan qaynaqlanır ki, dünyada ənənəvi nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz - elektrik və hibrid mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunması tendensiyası sürətlə davam edir. Azərbaycanda istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin xaricdən ixrac edildiyini nəzərə alsaq, həmin tendensiyaya uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin görülməsi olduqca zəruridir. Digər ölkələrdə istifadəsi qadağan olunan köhnə nəqliyyat vasitələrinin ölkəmizə axınının qarşısını almaq üçün artıq ötən ildən yaşı 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır. Həmin qərarlardan biri də köhnə nəqliyyat parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə utilizasiya prosesinin tətbiqidir. Ölkəmizdə köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib.  Xatırladaq ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb. Eyni zamanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üçün digər addımlar  atılır. Bura ictimai nəqliyyat vasitələri də daxildir. Məsələn, il ərzində 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdə uzunluğu 65 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu, ictimai nəqliyyatdan istifadə edənlərin sayının artmasına gətirib çıxarır. Rəsmi məlumatlara əsasən, avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək. Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılır. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir. Bunlar fonunda son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub. Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb. Amma müntəzəm avtobus marşrutlarında, metro nəqliyyatında tariflərin tətbiqində optimal variantın seçilməsi də hökumətin diqqət mərkəzindədir.

 Qiymətlər tənzimlənərkən ölkənin sosial-iqtisadi inkişafı, əhalinin rifahı və dövlətin iqtisadi qüdrəti kimi faktorlar mütləq nəzərə alınır. Burada xatırladaq ki,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.  Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Bundan əlavə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olub. Eyni zamanda, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Bu qərarın qəbul edlməsini əsaslandıran səbəblərə gəldikdə, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Məhz bu səbəbdən də belə bir addım atılmasına zərurət yaranıb. Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin yüksək standart­lara çatdırılması və avtobus parkının yenilənməsinin bundan sonra da diqqət mərkəzin­də olacaq. Bakıda sıxlığı azaltmaq üçün şəxsi nəqliyyatdan icti­mai nəqliyyata keçmək hədəflənir. Bu məqsədə nail olmaq üçün isə 2025-ci ilədək 300 milyon səfər sayını şəxsi nəqliyyat vasitələrindən ictimai nəq­liyyat vasitəsinə keçirmək lazımdır. Bundan əlavə, yaxın vaxt­larda marşrutların optimallaşdırılması, yeni avtobusların xəttə buraxılması da gözlənilir. Eyni zamanda, ictimai nəq­liyyatın avtobus seqmentində ekoloji təmiz nəqliyyat vasitələrinin sayı artırı­lacaq. Ölkədə metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsız ödəniş və mobil tətbiqlərin – “AYNA” informasiya sistemi, “Azparking” və “biletim.az” da daxil olmaqla bir sıra rəqəmsal həllərin tətbiqinin xüsusi rolu olub. Qabaqcıl ölkələrin təcrübəsindən çıxış edərək demək olar ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata və insanların rifahına müsbət təsir göstərir. Son bir ildə sərnişindaşıma sahəsində aparılan islahatlar, bu sahəyə dövlətin dəstəyi metro və avtobuslarla sərnişin daşınmalarını 15%-ə yaxın artırıb. Nəqliyyat sahəsində daha bir mühüm məqam odur ki, işğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib. Yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək. Hökumət də məhz bütün bunları əsas hədəflərdən biri kimi müəyyən edib.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
baki-xeber.com

7Mənbələr