RU

"Vəkillər Kollegiyasının üzvü olan vəkil kimi millət vəkili seçkilərində namizədliyimi vermək arzusundayam"

"Bilirsiz ki, Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar 20 iyun 2024-cü il tarixində altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Əsas kimi də bir çox hallarla yanaşı COP 29 tədbirinin bu ilin noyabr ayında ölkəmizdə keçirilməsini göstəriblər. Milli Məclisdə də iyunun 21-də YAP deputatlarının təşəbbüsü müzakirə olunaraq, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər. İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib. Bütün bunların nəticəsi olaraq da Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib".

Bunu Herbiand.az-a müsahibəsində Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib. 

Onun sözlərinə görə partiyaların əsas funksiyalarından biri də seçkilərdə iştirak etməkdir: "Prezident tərəfindən təyin olunmuş növbədənkənar parlament seçkilərində də ayrı-ayrı şəxslər müstəqil qaydada və ya partiya qərarı ilə qanunverici hakimiyyətdə təmsil olunmaq üçün mübarizə aparacaqlar. Ana Vətən Partiyası da hər zaman olduğu kimi bu ilki parlament seçkilərində iştirak etmək istəyir. Doğrudur, bununla bağlı partiyanın ali orqanının rəsmi qərarı yoxdur, amma iştirak edəcəyi ilə bağlı müzakirələr gedir".

- Bütün dairələrdən namizəd müəyyənləşdirə biləcəksiniz, namizədlərin müəyyən olunması necə aparılır? 

- Partiyamızın ölkənin rayonlarında rayon təşkilatları fəaliyyət göstərir. Həmçinin, partiyamızın sıralarında kifayət qədər potensiallı, intelektual səviyyəsi yüksək üzvlər var. Adətən həmin rayon təşkilatlarının sədrlərini və təşkilatın aktiv üzvlərini namizəd olaraq göstəririk. Seçkidə iştirak və partiya üzvlərinin namizəd kimi seçilməsi barədə partiyanın ali orqanının qərarı olur. Ondan sonra həmin namizədlərin sənədləri seçki qanununa uyğun hazırlanaraq müvafiq quruma təqdim olunur.

- Siz seçkilərdə namizəd kimi iştirak edəcəksiz, edəcəksinizsə hansı dairədən?  

- Mən, Vəkillər Kolegiyasının üzvü olaraq vəkil kimi, eyni zamanda Ana Vətən Partiyası sədrinin müavini kimi siyasi fəaliyyətlə məşğulam. Vəkil olaraq millət vəkili seçkilərində namizədliyimi vermək arzusundayam, amma hansı dairədən namizədliyimi verəcəyimi hələlik açıqlamaq istəmirəm.

Bəxtiyar CƏFƏRLİ

Избранный
81
1
herbiand.az

2Источники