RU

Ermənistan AB üzvlüyünə qərar versə...Rusiya iqtisadi sanksiyaları anons etdi...

Image

Bəhruz Quliyev: “Overçukun məlum xəbərdarlığı ciddi əsaslara söykənir”

Ermənistan Avropa İttifaqına üzv olmaq qərarı qəbul etsə, Rusiya bazarına rüsumdan azad girişini və Moskva tərəfindən verilən digər imtiyazları itirəcək. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. 

Overçuk bu xəbərdarlığı Moskvada keçirilən beynəlxalq ekspert forumunda edib: “İrəvanın siyasi vektoru daha çox Qərbə meyl edir. Ermənistan cəmiyyətində Rusiya Federasiyasına qarşı müəyyən narazılıqlar var. Ancaq başa düşməliyik ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı uyğun gəlməyən şeylərdir. Regiondankənar oyunçuların Ermənistana gəlməsinin nəticələri olacaq”.

Burada diqqəti çəkən məqam odur ki, Rusiya ilk dəfə rəsmi səviyyədə iqtisadi rıçaqlarını işə salacağı ilə bağlı Ermənistan tərəfinə xəbərdarlıq etdi. O baxımdan bu, Ermənistan üçün nə deməkdir?

“Rusiya iqtisadi rıçaqları işə salsa, Ermənistan bunun altından qalxa bilməyəcək” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, artıq son dövrlərdə Ermənistan vasitəsilə regiona yeni bir gücün gəlməsi uğrunda mübarizə gedir: “Təbii ki, bu. regionun məsələsi olduğundan buna ilk növbədə regional siyasət kimi baxılmalıdır və regional dövlətləri də regionda baş verən hadisələrə qiymət verməlidir. Düşünürəm ki, Ermənistanın əvvəl Rusiyanın, indi isə Qərbin və yaxud ABŞ-ın forpostu olması bir tərəfdən sözügedən dövlətin öz qərarı olsa da, digər tərəfdən də bu, regional qərar olmalıdır. Çünki Ermənistan idarəolunmaz vəziyyətə düşəndə artıq ortaya yeni suallar çıxır. Birincisi, Ermənistan vasitəsilə regiona hansı qüvvələr daxil olacaq, ikincisi, onların məqsədi nədir, üçüncüsü, regionda sabitliyə, sülhə töhfə verib-verməyəcəyi məsələsidir. Ona görə də bu gün rəsmi Moskva açıq şəkildə onun forpostluğundan çıxmaq istəyən Ermənistana fikirlərini dəfələrlə müxtəlif sözçülərinin, rəsmilərinin vasitəsilə çatdırıb”.

Politoloq hesab edir ki, bu gün Rusiyanın daxilində həm ruspərəstlər, həm də qərbpərəstlər vardır: “Əgər nəzərə alsaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın özünü də küçə müxalifətçiliyindən Qərb hakimiyyətə gətirib, bu zaman ortaya başqa mənzərə çıxır. Ermənistanın bugünkü istəyi məhz Qərbə meyillənməkdir. Ona görə də bu gün Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir. Amma rəsmi İrəvan nəzərə almalıdır ki, onun bütün iqtisadiyyatını təşkil edən Rusiyadır və rus şirkətləri Ermənistanda fəaliyyət göstərir. Ermənistan iqtisadiyyatının təxminən 80 faizi Rusiyadan asılıdır. Digər tərəfdən, Rusiya özü də imkan verməyəcək ki, öz forpostu olan Ermənistan asanlıqla kimlərinsə əlinə keçsin. Hesab edirəm  ki, Ermənistan rəsmiləri bu faktları nəzərə almalıdır. Bununla belə, region dövlətləri – Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və s. Ermənistanla bağlı olan bütün məsələlərə öz münasibətini bildirib və bildirəcəklər də. Bir sözlə, Overçukun məlum xəbərdarlığı ciddi əsaslara söykənir. Rusiya iqtisadi rıçaqları işə salsa, Ermənistan bunun altından qalxa bilməyəcək”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
1
baki-xeber.com

10Источники