RU

Mütəxəssis: Yenidoğulan körpələrdə fizioloji sarılıq müvəqqəti vəziyyətdir və əksər hallarda öz-özünə keçir

Mütəxəssis:

Bakı, 21 iyun, AZƏRTAC

“Yenidoğulanların neonatal sarılığı qan zərdabında bilirubin səviyyəsinin artması ilə əlaqədar dərinin, görünən selikli qişaların və göz almalarının sarı rəngə boyanmasıdır. Yenidoğulanlarda sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Xüsusilə də vaxtından əvvəl doğulan uşaqlarda sarılıq daha çox təsadüf edilir. Sarılıq əlamətlərinin hansı səbəbdən yaranmasını həkimlər nəzarətdə saxlamalı, ailələri lazımsız və erkən müdaxilələr aparılmaması üçün məlumatlandırmalıdırlar”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Sevinc Mehdiyeva deyib. O, körpələrdə yaranan sarılığın növləri və onların əsas simptomları barədə danışıb: “Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji sarılıq əsasən uşaq həyatının 2-3 sutkasında müşahidə edilir və təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Yenidoğulanların vəziyyəti normal olur. Anaları bu dəyişikliklər narahat edir və onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatlıq üçün heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni bu heç bir xəstəliyin əlaməti deyil.

Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq zamanı dəri və görünən selikli qişaların sarılığından başqa, qaraciyər və dalağın böyüməsi, nəcisin rəngsiz axolik olması, sidiyin tündləşməsi, yenidoğulanın süstlüyü və süddən imtina etməsi kimi əlamətlər ola bilər. Əgər sözügedən simptomlardan hər hansı biri müşahidə edilərsə mütləq həkim ilə məsləhətləşmək lazımdır”.

Mütəxəssis qeyd edib ki, fizioloji və patoloji sarılıqların yaranma səbəbləri müxtəlifdir: “Fizioloji sarılıq qaraciyər və dalağın qeyri-yetkinsizliyi, qanyaranma sisteminin bir sıra xüsusiyyətləri, ana südünün yetərsizliyi, yenidoğulanın bədən kütləsinin az olması səbəblərindən qeydə alına bilər. Patoloji sarılıq isə müxtəlif xəstəliklərin o cümlədən, ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir. Həkimlər tərəfindən keçirilən fiziki yoxlanış zamanı sarılıq asanlıqla diaqnoz edilə bilər. Həkimlər körpənin dəri rəngini qiymətləndirir və “transcutaneous bilirubinometer” adlanan cihaz ilə, yaxud qan testi verilərək, bilirubin səviyyəsi təyin olunur”.

S.Mehdiyeva yenidoğulan körpələrdə fizioloji sarılığın normal və müvəqqəti bir vəziyyət olduğuna diqqət çəkib və bildirib ki, bir çox hallarda bu problem öz-özünə keçir: “Fizioloji sarılıq zamanı spesifik müalicəyə ehtiyac yoxdur. Onun ən yaxşı müalicəsi - ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin yalnız ana südü ilə qidalandırılması çox vacibdir. Bilirubinin səviyyəsinin enməsi üçün körpə tez-tez ana südü ilə qidalanmalıdır, təmiz havada çox olmalı və günəş vannaları qəbul etməlidir. Sarılıqların müalicəsində venadaxili maye köçürülməsi, qlükoza içirilməsi tamamilə əsassızdır. Fizioloji sarılıqdan fərqli olaraq, patoloji sarılıq körpələrdə mütləq və təcili müalicə edilməlidir. Patoloji sarılıq zamanı bilirubin səviyyəsinin yüksək olması müalicə aparılmadıqda, bir çox fəsadlara, o cümlədən nevroloji problemlərə səbəb olaraq sinir sistemində geriyədönülməz ağır dəyişikliklərə yol aça bilər. Bu səbəbdən patoloji sarılığın bütün növləri mütləq stasionarda müalicə olunmalıdır”.

Избранный
126
6
azertag.az

8Источники