RU

Ermənistan Azərbaycana "atəşkəsə ikitərəfli nəzarət mexanizmi" yaratmağı təklif edir- Paşinyan nəyi güdür?..

Image

Paşinyan Azərbaycanla atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılmasını təklif edib. 

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

“Atəşkəsin ara-sıra pozulması və hətta itkilərin də olduğunu nəzərə alsaq, təklif cəlbedici görünə bilər. Lakin onun səmərəlilik potensialı yoxdur. Nə üçün?

1. Atəşkəsə nəzarət mexanizmi yeni təklif deyil və üstəlik 30 illik münaqişə dövründə özünü heç doğrultmamış ideyadır. Ona görə doğrultmadı ki, ən çox Ermənistan bunu dəstəkləyirdi və onun məqsədi heç də sülhə nail olmaq deyil, işğalın nəticələrini qəbul etdirmək idi. Azərbaycan o zamanlarda çox sadə bir diplomatik sxemlə izah edirdi ki, möhkəm atəşkəsə nail olmağın mütləq üsulu işğalçı Ermənistan qoşunlarını Azərbaycandan çıxarmaq, ərazi bütövlüyü prinsipinə hörmət etmək, separatizmə son qoymaq və sülh sazişi imzalamaqdan ibarətdir. Ermənistan qəbul etmədi, Azərbaycan isə bunların bir çoxunu ona zorla qəbul etdirdi. İndi Ermənistan rəhbərliyi keçmişdəki "dölsüz ideyanı" yenidən gündəmə gətirib. Nə mənası var?!

2. Paşinyan bu gün məsələni bu şəkildə qoymaqla hər şeyə əsas olan vacib problemi kənara itələyir - indiki şəraitin ana problemi sülh sazişinin olmamasıdır, atəşkəsin pozulması isə törəmə məsələdir. Saziş olsa, atəşkəsin pozulması baş verməz. Aydın görünür ki, Ermənistan rəhbərliyi ana problemin olan sazişin imzalanmasının yanına hər an bir pozucu törəmə məsələ qoşmağa çalışır.

3. Azərbaycan hazırda məhz sazişin ümdə hədəf olmasına əsaslanaraq, Ermənistanda konstitusiya islahatının aparılmasının zəruriliyini ortaya qoyub. Prinsip sadədir: "Mənimlə sülh bağlamaq istəyin hara, konstitusiyada mənə və Türkiyəyə qarşı ərazi iddiaları  hara?!"... Düzdür, Ermənistan yuxarı səviyyələrdə Azərbaycanın bu tələbinə cavab verib: "Bizim daxili işimizdir"- deyib. Ancaq məhz bu inkarçı mövqeyə görə sülh sazişi ətrafında danışıqlar yerində fırlanan bir vəziyyət alıb. Belə şəraitdə Ermənistan atəşkəsə nəzarət mexanizmini gündəmə gətirməklə əsas məsələdən diqqəti yayındırmaq istəyir. Guya əsas məsələ sülh sazişi yox, atəşkəsin pozulmasıdır.

4. Vəziyyətin özü bir daha təsdiq edir ki, atəşkəsin pozulması hallarının arxasında məhz Ermənistan dayanır və Ermənistan bu yolla atəşkəsə nəzarət mexanizminə əsas yaratmaqla saziş üzrə danışıqları mümkün qədər gecikdirmək istəyir. Burada da prinsip sadədir: "Atəşkəsi poz və ardınca atəşkəsə nəzarət mexanizminin yaradılmasını ortaya at".

Atəşkəsə nəzarət mexanizmi hazırda sülh sazişi danışıqlarına iki tərəfdən mənfi təsir edə bilər:

1. Diqqəti buna doğru çəkməklə saziş üzrə danışıqların guya çox da vacib olmadığı görüntüsünü yaradır.

2. Təbii ki, Azərbaycan bu təklifi qəbul etməyəcək və edə bilməz. Ancaq nəzəri olaraq yanaşsaq, təklifin gerçəkləşməsi uzun bir prosesin aparılmasını tələb edir. Mexanizmin əsasları işlənməlidir, bunu işləyən komissiyalar yaradılmalıdır, təxminən min kilometrlik sərhəddə mexanizmin işləməsini təmin edən postlar qurulmalıdır, atəşkəs hallarını hər dəqiqə fiksə edə bilən çox həssas hərbi-texniki vasitələr alınmalıdır (bunlar bahalı şeylərdir) və sair. Göründüyü kimi, həqiqətən uzun proses keçməyi tələb edir. Ancaq buna nə ehtiyac var?!

Delimitasiya və sülh sazişi üzrə mexanizmlər var və bu yöndə iş davam etdirilməlidir”.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
5
baki-xeber.com

10Источники