RU

Ukrayna ilə münasibətlərdə Azərbaycan MDB-də yeganə ölkədir- təsdiqlənir... 40 milyon dollar...

Image

Bəhruz Quliyev: “Bütün bunlar ölkəmizin müstəqil siyasət yeritməsinin göstəricisidir”

Azərbaycan Ukraynaya bugünədək 40 milyon dollarlıq yardım edib. Bunu xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.

C.Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bugünədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb. O da məlum olub ki, Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.

Burada diqqəti çəkən məqam odur ki, Azərbaycan MDB məkanında Ukraynaya humanitar yardım göstərən yeganə ölkədir.

“Azərbaycan ukraynalıların ağrı-acısını yaxından hiss edir, çünki müharibənin ağır fəsadları ilə üzləşən ölkədir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bütün bunlar Azərbaycanın müstəqil siyasət yeritməsinin göstəricisidir: “Azərbaycan hansı ölkə ilə necə münasibət qurmaqda sərbəstdir və bugünə qədər də balanslı siyasət yürüdüb. Rəsmi Bakı dost ölkələrlə əsasən iqtisadi-ticari əlaqələr qurub və humanitar yardımlar göstərməklə öz mövqeyini nümayiş etdirib. Ukraynaya gəldikdə, qeyd etməliyəm ki, birinci və ikinci Qarabağ müharibəsi dövründə Ukraynanın bizə münasibəti fərqli olub. Əsasən Kiyev daim bizim yanımızda olub, erməni işğalına qarşı mübarizəmizdə öz imkanlarını əsirgəməyib. Bu gün Ukraynada müharibə gedir, bu ölkənin dəstəyə ehtiyacı var. Azərbaycan Qərb dövlətlərindən fərqli olaraq Ukraynaya humanitar yardım göndərir və bunu hər kəs bilir. Qərbin Ukraynaya hərbi yardımı Rusiya qüvvələrini ölkə ərazisindən çıxarmağa yönəlməyib, əksinə, bu yardımlar sadəcə, müharibənin uzadılması üçündür. Azərbaycan Ukraynaya növbəti humanitar yardımı elektrik avadanlıqların, elektrik kabelləri və naqilləri, komplekt transformator, tibbi avadanlıqlar, uşaq yeməkləri, çadırlar və digərlərindən ibarətdir. Rusiya-Ukrayna müharibəsi böyük humanitar fəsadlara səbəb olub. Milyonlarla ukraynalı doğma ev-eşiyini tərk edərək xarici ölkələrə sığınmaq məcburiyyətində qalıb. İmkanı olmayanlar isə mülki infrastrukturun dağılması səbəbindən su, qaz, elektrik enerjisi ilə təminatda ciddi çətinliklər çəkir. Azərbaycan ukraynalıların ağrı-acısını yaxından hiss edir, çünki müharibənin ağır fəsadları ilə üzləşən ölkədir. Ermənistanın təcavüzkar siyasəti 30 il davam etdi. Bu müddətdə bir milyondan çox soydaşımız ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qaldı. Bu gün oxşar hadisələr Ukraynada baş verir və humanitar dəstəyə ehtiyac var. Azərbaycanda özəl şirkətlərlə yanaşı dövlət qurumları da bu kampaniyaya qoşulublar. Ukraynanın müraciətindən sonra bu ölkəyə yanacaq göndərilib ki, bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. Eyni zamanda müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ukraynalı uşaqlar tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib. Novruz bayramı günlərində Ukraynaya ümumi dəyəri 360 min dollar olan yardım partiyası ünvanlayıb”.

Politoloq B.Quliyev onu da əlavə etdi ki, Azərbaycanın həmişə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib: “Müharibənin ilk günlərindən hərbi əməliyyatların ən qısa zamanda dayandırılması, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılması üçün danışıqların alternativsiz olduğunu qeyd edib”. 

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
50
baki-xeber.com

10Источники