RU

ABŞ tarixində daha bir ilk: Hunter Bayden günahkar bilindi

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden qanunsuz silah saxlamaq ittihamı ilə ona qarşı açılan federal işdə təqsirli bilinib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin Delaver ştatının Uilminqton şəhərindəki məhkəmədə iyunun 3-də jüri seçimi ilə başlayan məhkəmə prosesi başa çatıb.

Münsiflər heyəti Hunter Baydenin ona qarşı hər üç ayrı cinayəti törətdiyinə qərar verib.

Hunter Baydenin hüquq qrupu bugünkü qərardan məyus olduqlarını bildirib və mövcud hüquqi vəziyyəti izləməyə davam edəcəklərini açıqlayıb.

Hunter Bayden də açıqlamasında "günah hökmündən məyus olmaqdansa, aldığı sevgi və dəstəyə görə daha çox minnətdar olduğunu" söyləyib.

Baydenə qarşı cəzanın 120 gün ərzində müəyyən edilməsi planlaşdırılır. Lakin hökmün elan olunacağı tarix hələ müəyyən edilməyib.

Məhkəmə hakimi Maryellen Noreika Hunter Baydenin günahı sübuta yetirilərsə, onu 25 ilə qədər həbs cəzasına məhkum etmək səlahiyyətinə malikdir.

Lakin ilk dəfə cinayət törətməyə görə cəzanın nə olacağı və Baydenin dəmir barmaqlıqlar arxasında qalıb-qalmayacağı məlum deyil.

Hunter Bayden 2018-ci ildə narkotik aludəçisi olduğu müddətdə qanunsuz olaraq odlu silah əldə etməkdə, satın alarkən narkotikdən istifadə edib-etmədiyinə dair suallara yalan ifadələr verərək federal qanunları pozmaqda və bu silahı qanunsuz saxlamaqda ittiham olunurdu.

Baydenlə bağlı iddiaları araşdırmaq üçün Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş xüsusi prokuror David Weiss ötən il ittihamlarla çıxış edib. Bayden ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Hunter Baydenin məhkəməsinin başlaması ilə ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu ona qarşı irəli sürülən ittihamlara görə hakim qarşısına çıxıb.

Siyasi müşahidəçilər Hunter Baydenin mühakiməsinin və onun günahkar olduğu sübut olunarsa, bu vəziyyətin 5 noyabrda keçiriləcək prezident seçkilərində səs qutusunda atası Co Baydenə mənfi təsir göstərə biləcəyini qiymətləndirirdilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
110
turkustan.az

1Источники