Ali Məhkəmədə Mingəçevir şəhərində avtomobillə 2 yaşlı uşağı vuraraq öldürməkdə təqsirləndirilən Tural Şükürovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi apellyasiya protestini isə qismən təmin edib və onun cəzasını 3 il 6 aya qaldırılıb. Tural Şükürov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 2022-ci il oktyabrın 5-də şəhərin Bozdağ küçəsində baş verib.
Belə ki, Şükürov Tural Nəriman oğlu idarə etdiyi "VAZ-21120" markalı avtomobillə 2 yaşlı Kərimov Elgün Araz oğlunu vurub. Yaralı şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq bir neçə ay davam edən müalicələrə baxmayaraq, Elgün Kərimov yanvarın 17-də xəstəxanada vəfat edib.
Qeyd: Tural Şükürov Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Dəstəsinin yanğınsöndürəni vəzifəsində çalışır.
Kamal Məmmədov