RU

İsveçrə sammiti Ukraynaya nə vəd edir? - TƏHLİL

Dünya ölkələrinin mövqeləri. Təhlil
2024-cü il iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan sülh konfransı, davam etməkdə olan münaqişələr üçün əhəmiyyət kəsb edir. Rusiyanın dəvət edilmədiyi sülh Sammitində 107 ölkə və təşkilatın iştirak edəcəyini açıqlanıb. ABŞ prezidenti Co Baydenin İsveçrədəki sammitdə iştirak etməsi Vladimir Zelenski tərəfindən israrla istənilsə də Baydenin yerinə vitse-prezident Kamala Harrisin iştirak edəcəyi deyilir. Ancaq ABŞ-la yanaşı bir çox Avropa ölkəsinin də qatılacağı bu sammitə Çinin iştirak edib- etməməsi sual altında qalır. Belə ki, Ukrayna krizini həll etmək üçün daim sülh danışıqlarını təşviq edən Çin, bütün tərəflərin bərabər iştirakı ilə həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransı keçirilməsini təklif edirdi. Lakin Rusiyanın İsveçrədəki konfransa dəvət edilməməsindən sonra Çinin sammitdə iştirakı gözlənilmir.

Ukrayna tərəfi isə İsveçrədə keçiriləcək sülh sammitində daha çox ölkənin iştirak etməsi üçün səy göstərir. Bununla əlaqədar, Zelenski 2024-cü il iyunun 2-də Sinqapurda keçirilən Şanqri-La Dialoqunda xarici liderlərlə görüşüb və İsveçrədəki sammitdə iştirakın genişləndirilməsi üçün diplomatik yola əl atıb. Sinqapurda Çin nümayəndə heyəti ilə görüşə bilmədiyinə və Pekinin İsveçrədə təmsil olunmayacağına görə təəssüfləndiyini bildirən Zelenski, "Çin təəssüf ki, ölkələrin sülh sammitinə gəlməsinin qarşısını almaq üçün sıx səy göstərir" deyib. Zelenski həmçinin bildirib ki, Çinin Rusiyaya dəstəyi müharibəni uzadacaq.

Ukraynada müharibənin başlamasından üç il keçsə də, böhran Cənub-Şərqi Asiyada hökumətlər üçün də böyük narahatlıq mənbəyi olaraq qalır. Buna görə də Asiya dövlətləri münaqişə ilə yaxından maraqlanır. Zelenski 2 iyundaki sülh sammitində Asiya dövlətlərinə iştirakına görə təşəkkür edib və bu addımı sülhə nail olmaq yolunda "vacib mesaj" kimi qiymətləndirib. İsveçrədəki sammitdəysə Tailand, Filippin, Sinqapur və Şərqi Timorun da iştirak edəcəyi bildirilir. Digər tərəfdən, Rusiya ilə yaxın əlaqələri olan Myanma, Vyetnam və Laosun İsveçrədəki konfransa qatılması mümkün görünmür. Bu kontekstdə Pakistanın da görüşə qatılmayacağı və ya “neytrallığı” qorumaq üçün simvolik nümayəndə göndərəcəyi təxmin edilir. Eynilə Hindistan da görüşə yalnız simvolik nümayəndə göndərəcəyini açıqlayıb. Hindistan kimi Braziliyanın da konfransa simvolik nümayəndə heyəti göndərəcəyini söyləmək olar. Səudiyyə Ərəbistan da sülh sammitində iştirak etməyəcəyini açıqlayıb. Digər tərəfdən, Macarıstanın iştirakı ilə bağlı qeyri-müəyyənlik davam edir. Beləliklə ölkələrinin İsveçrədəki sammitdə iştirak etməməsi ilə bağlı fərqli iddialar var. Bunun əsas səbəbi kimi Rusiyanın sammitə dəvət edilməməsini söyləmək olar. Nəticə olaraq dünya ölkələri, bu cür beynəlxalq böhranların həllində ədalətli və şəffaf prosesin aparılmasını dəstəkləsə də adətən öz milli maraqlarını düşünərək irəli addım atmaqdan çəkinirlər.
Çin, Ukrayna böhranı ilə bağlı 2023-cü ilin fevralında ictimaiyyətə açıqladığı 12 maddəlik rəy sənədində ölkənin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığını vurğulamışdı. Buna əsaslanaraq, Çinin Rusiyaya tam dəstək verdiyini söyləmək olmaz. 16 aprel 2024-cü ildə Pekində Almaniya kansleri Olaf Şolzu qəbul edən Xi Jinping Ukrayna böhranının həlli ilə bağlı 4 yeni prinsip elan etmişdi. Bu kontekstdə Çin, dünya ölkələrini "eqoist maraqlardan uzaqlaşmağa və münaqişəni sakitləşdirərək, gərginliyi artıracaq addımlardan qaçıb bu münaqişənin dünya iqtisadiyyatına təsirləri minimuma endirməklə sülh və sabitliyi bərpa etməyə" çağırıb.

Nəhayət, vurğulamaq lazımdır ki, İsveçrədəki sammit sülh danışıqlarının bir hissəsi olmaqdansa, Qərbin Ukraynaya dəstəyini artıracaq siyasi həmrəylik platformasına çevrilir. Daha öncə də vurğuladığımız kimi Rusiyanın iştirak etmədiyi konfransda digər ölkələrin iştirakı məhdud və ya simvolik olacaq. Ona görə də məsələnin həllinə dair ümidlər də zəifləyəcək. Çinin əsas narahatlığı da elə bununla bağlıdır. Bir sözlə, qərb əgər həqiqətən sülh istəyirsə Rusiyanın da iştirak edəcəyi beynəlxalq sülh sammitinə ehtiyac var. Əks halda, Çin və Rusiyanın nüfuzlu olduğu region ölkələrinin İsveçrədə keçiriləcək sammitdə iştirakı məhdudlaşacaq. Bu da sammitin uğuruna böyük təsir göstərəcək. Bütün bunlara əsasən görünən odur ki, qərb Rusiya ilə uzlaşmaq yox onu daha da zəiflətmək arzusundadır. Eyni zamanda Ukraynanın 10 bəndlik sülh planının ön plana çıxacağı sammit, Qərb Dünyasının daxilində müttəfiqləşməni artırmaq səylərinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Zərdüşt Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
50
sia.az

10Источники