RU

Zirvə görüşünün Şuşada keçirilməsi təsadüfi deyil -ŞƏRH

Məhz Qarabağ zəfərindən sonra Türk dünyasında yeni inteqrasiya mərhələsinə start verilib
 
Hamımızın ailəsi olan Böyük Türk Evi  sülh və təhlükəsiz yaşamağımız üçün önəmlidir
 
 
 Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir. Dövlətimiz üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfələrini verir. Bu baxımdan, beynəlxalq təşkilat statusuna malik olan TÜRKPA ilə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib.
 Türkdilli Ölkələrin Parlament Assambleyasının əsas prinsipi müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin pozulmazlığı, hüquq bərabərliyidir. Azərbaycanın təşkilatda təmsil olunan parlamentariləri öz ölkələrinin siyasi və ictimai həyatında vacib rol oynayırlar. Onların vahid bir assambleyada birləşməsi dövlətimizin ümumi məqsədlərinin həyata keçirilməsi yollarının axtarılmasına kömək göstərir.
Yeri gəlmişkən,  iyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü plenar iclası keçirilib. İclas "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusuna həsr olunub.
 Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bir sıra əhəmiyyətli məqamlara toxunub.  Ölkə başçısı bildirib ki, Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.
 Dövlət başçısı həmçinin qeyd edib ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir: “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”.

 Politoloq Zaur Məmmədov isə “Sherg.az”a açıqlamasında deyib ki, dövlət başçısının çıxışı tarixi xarakter daşıyır və ciddi nəzəri-konseptual əsası var. Politoloq  44 günlük müharibədən sonra Cənubi Qafqazda və Mərkəzi Asiyada  ciddi dəyişikliklər olduğunu xatırladıb: 
“Uzun əsrlərdən sonra türk xalqları beynəlxalq münasibətlər sistemində "güc" mərkəzi kimi yenidən formalaşmağa başlayırlar. Tarixdə türk dövlətlərinin ciddi qüdrəti olsa da, onlar hər zaman ayrılıqda fəaliyyət göstərən imperiyalar kimi yadda qalıblar. Bu gün ilk dəfə olaraq türk xalqları bir-biri ilə tam olaraq həmrəylik nümayiş etdirərək vahid siyasi orqanizm kimi çıxış etməyə başlayıblar. Bu, ilk növbədə məhz Azərbaycan lideri İlham Əliyevin türk coğrafiyası ilə bağlı apardığı sistemli, konseptual əsaslı siyasəti nəticəsində baş verməkdədir.  Beləcə, ilk dəfə olaraq bütün türk xalqları təkcə mədəni və siyasi anlamda deyil, həm də iqtisadiyyat və hərbi sahədə əməkdaşlığı sürətləndirərək gələcəkdə bütün istiqamətlərdə inteqrasiya olunmuş siyasi institut, dövlətlərin birliyi kimi çıxış edəcəklər. Cənab prezidentin  "Turan" siyasətində əldə edilən uğurlar ölkəmizin bu istiqamətdəki resurs imkanlarının uğurlu şəkildə reallaşdırılmasını bir daha sübut edir. 2024-cü ildə baş tutan prezident seçkilərindən sonra inauqurasiyada çıxışı zamanı ölkə rəhbəri faktiki olaraq gələcək onillər üçün Azərbaycan Respublikasının xarici siyasətində ideoloji paradiqmanı ortaya qoyub. Bu ideoloji paradiqma türk orqanizminin bir hissəsi olan Azərbaycan dövlətinin ən əsas hədəflərindən birinin - məhz Türk dünyası ilə əməkdaşlığının sürətləndirilməsi olmasıdır. Lakin  Azərbaycan prezidenti təkcə bizim onlarla əməkdaşlığımızın sürətləndirməsi kifayətlənmir, o, dünyanın aparıcı liderlərindən biri kimi, həm də Turan coğrafiyasının gələcək prioritetləri haqqında düşünür və faktiki olaraq bütün Türk Dövlətləri Təşkilatı üçün yeni hədəflərdən ibarət siyasi konsepsiya irəli sürür. Bu həm də, Azərbaycan prezidentində olan siyasi potensialın, nüfuzun və siyasi strateqliyin göstəricisidir”.

 Z.Məmmədovun sözlərinə görə, ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatı real praktiki əhəmiyyətli işlərə başlayaraq dövlətlərin təhlükəsizliyinin və sərhədlərinin qorunması, milli-ideoloji siyasətdə aparıcı istiqamətlərlə bağlı vahid siyasət yürütməyə başlayıblar: 
“Əgər dünənə qədər türk dövlətləri daha çox mədəni, humanitar, təhsil kimi sahələrdə əməkdaşlığa üstünlük verirdilərsə, artıq hərbi-texniki əməkdaşlıq, güc strukturlarının əməkdaşlığı, orduların inteqrasiyası, birgə hərbi təlimlər və sair mövzularda ciddi irəliləyişlər hiss olunmaqdadır.  Məsələ həm də ona görə xüsusi aktuallıq təşkil edir ki, hazırda  beynəlxalq proseslərdə ciddi dəyişikliklər baş verir, müxtəlif geosiyasi konfiqurasiyalar müxtəlif regionlarda əsas nizamlayıcı təsir subyekti olmaq üçün mübarizə aparırlar. Bu fonda,  gec olmayaraq,  beynəlxalq aləmdə siyasi orqanizm kimi  yerini tutmaq və möhkəmlənmək vaxtında verilmiş qərardır. Bütün bunlar fonunda,   bir aydan sonra Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün məhz Şuşada keçirilməsi təsadüfi deyil, məntiqə uyğundur. Məhz Şuşa zəfəri, Qarabağ zəfərindən sonra Türk dünyasında yeni inteqrasiya mərhələsinə start verilib.
Beləliklə, Azərbaycanın ciddi səyləri nəticəsində bu gün bölgə xalqlarının gələcək təhlükəsiz həyatları, onların suverenliyi və milli maraqlarının daha da geniş şəkildə qorunması prosesinə start verilib. İndi uzun müddət bir-birinə qarşı nifaq salınan, bir-birindən ayrı yaşamağa vadar edilən xalqların öz kökünə qayıtması, qayıdışı vaxtıdır. Hamımızın ailəsi olan Böyük Türk Evi  sülh və təhlükəsiz yaşamağımız üçün önəmlidir. Azərbaycan liderinin də bəyan etdiyi kimi, “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
47
sherg.az

10Источники