RU

Paşinyan Ermənistana nəzarəti itirir?

Paşinyan

Keşiş baş nazir olmaq istəyir

Ermənistanda Paşinyan-Kilsə münaqişəsi qızışır. Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə delimitasiyaya qarşı revanşistlərin silsilə aksiyaları bir müddətdir davam edir. Keşiş geri çəkilmək istəmir, hər vəhclə Paşinyan hakimiyyətini devirməyi qarşısına məqsəd qoyub.

Mayın 27-də yenidən müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb. Ermənistan müxalifətinin “Srbazan Paykar” teleqram kanalın yaydığı videomateriallardan fəalların Əştərək şəhərində İrana gedən dövlətlərarası avtomobil yolunu bağladıqları məlum olub. Müxalif qüvvələr Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.

Həmin gün Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyaları zamanı İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb. Polis zorakılığı ilə üzləşən etirazçılardan 240-ü saxlanılıb.

Onu da qeyd edək ki, İrəvanda keçirilən etiraz aksiyaları zamanı "Ermənistan" fraksiyasından olan müxalif deputat Aşot Simonyan döyülərək saxlanılıb. Qeyd edilib ki, o xüsusi təyinatlıların əməkdaşları tərəfindən saxlanılıb.

Hətta Ümumerməni katolikosu II Qareginə də hücum edilib.Ermənistan hökumətinə yaxın bilinən “Baqramyan 26” teleqram kanalı bildirib ki, Qaregin əməlinin cavabını alıb: “İndi o, əkdiyini biçir”.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları Sərdarapat memorialına yaxınlaşan II Qareginin yolunu kəsib, onun memorial kompleksə daxil olmasına maneə yaradılıb. Bununla belə, bir neçə dəqiqə sonra II Qaregin memorialın yanına çata bilib.

Ondan əvvəl həmin əraziyə Ermənistanın baş naziri Nikol Paşinyan gedib. Hökumət başçısı “Vətən uğrunda Tavuş” hərəkatının üzvləri oradan ayrıldıqdan bir neçə saat sonra kompleksə baş çəkib.

Qeyd edək ki, indiyədək Ermənistanın tarixində belə hadisə baş verməyib.

Politoloq Məhəmməd Əsədullazadə “Xaql Cəbhəsi”nə deyib ki, Ermənistan da siyasi etirazlar sülhə qarşıdır. Ermənistanda keşiş Baqrat Qalstanyanı baş nazirliyə namizədliyi irəli sürülüb. O, Ermənistan da itaətsizlik etiraz aksiyası elan edib. N. Paşinyanla görüşüb, istefasını tələb edəcək. Əgər, N. Paşinyan keşiş Baqratla görüşsə, etirazlara siyasi yük verəcək və Baqratın siyasi mövqeyi güclənəcək: “Keşiş Qalstanyan Paşinyanla görüşməyə ona görə cəhd edir ki, siyasi etirazlara diqqət çəksin və hakimiyyətin onunla hesablaşdigini nümayiş etdirsin. N. Paşinyan da keşiş Baqratın bu planından xəbərsiz deyil. Ona görə də keşişlə görüşüb, ona siyasi xal qazandırmayacaq. Əgər, Paşinyan keşişlə görüşsə, onun istefasını tələb edəcək. Necə ki, 2018-ci ildə Paşinyan Sarkisyanla ilk görüşündə ondan istefasını tələb etdi. Eyni ssenarini Baqrat etmək istəyir. Bu da onu göstərir ki, prosesdə Sarkisyan və Köçaryan da var və siyasi revanş edirlər. Kilsəyə xalqın və Qərbin dəstəyi olmadığı üçün uğursuzdur. Rusiyanın kifayət qədər mövqeyi zəifləyib. Paşinyan etirazları lokal şəkildə güc tətbiq etməklə sıralarını azalacaq. Ümumiyyətlə, Ermənistan da etiraz aksiyalarının müsbət nəticəsi regionun təhlükəsizliyini ve bu ölkənin daxili siyasisətini təhdid edə bilər”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə deyib ki, Ermənistanda hazırda baş verən etirazlar müxalifət və kilsənin Paşinyan hökumətini devirmək üçün etdiyi bəlkə də son cəhddir. Onlar xalqı ayağa qaldırmaq istəyirlər.

“Etirazçıların sayı kifayət qədər deyil, eyni zamanda etiraz aksiyalarını təşkil edən qüvvələrin Ermənistan cəmiyyətində mövqeyi zəifdir. Digər tərəfdən isə qanunvericilikdə aksiyalara rəhbərlik edən keşiş Baqratın hakimiyyətə gəlməsinə maneələr var. Birincisi, o, Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də xarici ölkə vətəndaşıdır; ikincisi isə Baqrat Qalstyan son dörd ildə ölkədə yaşamayıb. Bu səbəbdən o, Konstitusiyaya görə hansısa vəzifə tuta bilməz. Biraddımlı və çoxaddımlı hərəkətlər var. Bunun üçün kütlənin sayı kritik həddə çatmalı, təşkilatlanma yüksək səviyyədə olmalı, hakimiyyətdə isə zəiflik, parçalanma özünü göstərməlidir. Hazırda sadalanan kriteriyaların heç birini Ermənistandakı iğtişaşlarda görmürük. Paşinyan isə Qərbdən tam dəstək aldığı üçün güc tətbiq etməklə etirazları yatırmaqla məşğuldur”.

Politoloq Elxan Şahinoğlu Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə keçirilən itaətsizlik aksiyası və həbslər barədə danışarkən qeyd edib ki, keşiş Baqrat özü belə bir plan hazırlaya bilməzdi. O, ancaq yürüş başlayacağına qərar verə bilərdi, onu da etdi, sonrakı addımlarını kənardan aldığı təlimatlar əsasında həyata keçirməyə başlayıb.

“Planı tərtib edənlər Ermənistanda qan tökülməsi ssenarisini yazıblar, çünki Baş nazir Nikol Paşinyanı devirmək üçün bütün digər addımlar işə yaramadı. Düşünürlər ki, qan tökülməsi vətəndaş qarşıdurmasını gücləndirəcək və bu, Paşinyanın mövqelərini zəiflədəcək. Ancaq Nikol Paşinyan daxili və xarici qüvvələrin birgə hazırladıqları son planın mahiyyətini anladığından polisə radikalları “tut” əmrini verib”, - o vurğulayıb

O, vurğulayıb ki, erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha büruzə verib. Keşiş jurnalistlərdən birinin “hökumət erkən seçkiyə qərar verərsə, münasibətiniz necə olacaq” sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda Baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz?

“Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir. Deməli, keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır. Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində Nikol Paşinyan keşişin “erkən seçki istəmirik” ifadəsindən radikallara qarşı istifadə edə bilər”, - o vurğulayıb.

Erməni analitik Qalust Qriqoryan deyib ki, İstənilən demokratik ölkədə prezidentə, baş nazirə qarşı şikayətlər ola bilər və hətta olmalıdır. Tənqid etmək lazımdır ki, bunun əsasında düzgün nəticələr çıxarılsın. Amma tənqid primitiv manipulyasiyaya çevrilməməlidir. Təəssüf ki, bu gün özlərini Ermənistanın bəlkə də ən mühüm vətənpərvərləri elan etmiş siyasi qüvvələrdən məhz bunu görürük. Bəli, söhbət indiki hakimiyyətə qarşı mübarizənin üçüncü, son mərhələsinə qədəm qoyduğunu Respublika meydanında yüksək səslə elan edən “Vətən uğrunda Tavuş” hərəkatından gedir. Bu, yəqin ki, bu hərəkat üçün son olacaq.

“Onlar təbii ki, başqa cür düşünür. Onlara elə gəlir ki, insanların yaddaşı zəifdir, reallığı dərk etmək səviyyəsi aşağıdır. Əks halda Robert Köçəryan və Serj Sərkisyan heç vaxt açıq şəkildə və ya mümkün qədər gizli şəkildə böyük siyasətə qayıtmağa cəhd etməzdi.

Amma onlar Baqrat Qalstanyanı hədəf kimi qabağa itələyərək başqa cür davranmağa qərar verdilər. O Baqratı ki, bizə ruhani statusunun həqiqətən onun üçün nə qədər vacib olduğunu göstərdi: “Baş nazirliyə namizədliyimi mənəvi mövqeyimlə birləşdirə bilmərəm. Ona görə də vəziyyəti Patriarxa təqdim etdim və 30 illik mənəvi xidmətimi dondurmağı xahiş etdim”. Bu sözləri söyləyən Qalstanyan açıq-aşkar müsbət rəyə ümid edirdi. O, Vətən naminə böyük fədakarlığa hazır olduğunu göstərmək istəyirdi. Amma qarşımızda adi bir karyeraçı peyda oldu, onun üçün məqsədinə çatmaqdan ötrü hansı paltar geyinməsinin heç bir əhəmiyyəti yoxdur. Təkcə bu, respublikanın keçmiş hakimlərinin namizədinin rəhbərlik etdiyi hərəkatı iflasa məhkum etmək üçün kifayət idi.

Əslində problem daha geniş və dərindir. Bu, hakimiyyətlə mübarizə üçün açıq şəkildə manipulyasiya üsullarının seçilməsindədir. Qalstanyanın Paşinyana ünvanladığı bəyanatı xatırlayaq: “Vaxt var idi ki, özünü demokratik insan hesab edirdin, velosipedlə gəzirdin, yerdən zibil yığırdın, amma tezliklə təyyarə ilə uçmağa, hündür polis divarları arxasında müdafiəni təmin etməyə başladın”. Bütün bunlar primitiv demaqogiyadır. Çünki neçə gündür müxalifətin şəhərlərdə gəzişməsi, paytaxtda mitinqlər keçirməsi, əksər hallarda hakimiyyəti tənqid yox, onu təhqir edən bəyanatlar verməsi Ermənistanda demokratiyanı göstərir. Üstəlik, bu siyasi tamaşada qulaqları auditoriyanın son cərgəsindən görünən Rusiyanın heç xəyalına belə gətirmədiyi demokratiya”, - bildirib.

Son məlumata görə, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.

“Sputnik-Armeniya”ya xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Hazırda sizinlə görüş təşkil edə bilmərik. Danışa bilərik və uyğun olarsa, sizə xəbər verəcəyik”, - o qeyd edib.

Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan onların qarşısına çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağına bildirib.

Cavid

Избранный
204
50
xalqcebhesi.az

10Источники