Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib. SİA-nın Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.
A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.