Bu il yollarımızla 16 milyon ton yük daşınacağı gözlənilir
Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə (TRACECA) üzv olan Xəzəryanı dövlətlərin limanları və gəmiçilik şirkətləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə mayın 10-da Bakıda həmin strukturların nümayəndələri ilə görüş keçiriləcək. Adıçəkilən nəqliyyat dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovun sözlərinə görə, görüş çərçivəsində tədbirlər planı qəbul ediləcək. Həmin plan Xəzəryanı ölkələrin limanları ilə gəmiçilik şirkətləri arasında əlaqəni gücləndirəcək. Bu, eyni zamanda, daha çevik və daha tez yükdaşımaların həyata keçirilməsinə töhfə verəcək.
R.Bayramov daha sonra əlavə edib ki, sözügedən nəqliyyat dəhlizi boyunca yükdaşımaların həcminin artımını nəzərə alaraq Xəzər üzərində keçidlərdə müəyyən gözləmələr mövcud olur. İndiki tədbir də həmin çatışmazlıqların aradan qaldırılması ilə bağlıdır.
Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi, həmçinin bildirib ki, TRACECA ölkələri Azərbaycanın hava limanlarında dronlara qarşı istifadə edilən mübarizə sistemlərinə maraq göstərirlər. Bu barədə müzakirələr TRACECA ölkələrinin Bakıda “Aviasiya Təhlükəsizliyi və Riskin Qiymətləndirilməsi” mövzusunda iki günlük (29-30 apreldə) seminarında aparılıb: “Seminarda aviasiya sahəsində təhlükəsizliyin genişləndirilməsi, kibertəhlükəsizlik kimi məsələlərə toxunulub. Ölkələrin mülki aviasiya sahəsində mövcud problemləri diqqətə çatdırılıb”.
R.Bayramov bütün bunlarla bərabər, sözügedən nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə bu il daşınan yüklərin həcmini də açıqlayıb. O, yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcminin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20 faiz çox–4 milyon ton təşkil etdiyini və bu göstəricinin ilin sonuna qədər 16 milyon tona çatacağının proqnozlaşdırıldığını bildirib.
Xatırladaq ki, TRACECA proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat nazirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
1998-ci il sentyabrın 7-8-də isə Bakıda 9 ölkənin - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və 14 ölkənin üzv olduğu TRACECA-nın müvafiq proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində nəqliyyat əlaqələrinin daha geniş coğrafiyada bərpası zərurəti yaranmışdı. Buna görə də tarixi İpək yolunun müasir şəraitdə yeni elmi əsaslarla qurulması mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Avropa Komissiyası tərəfindən hazırlanan və respublikamızın iqtisadi inkişaf strategiyasında əsas yer tutan həmin yolun bərpası, TRACECA nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi isə nəzərdə tutulan məqsədin gerçəkləşməsində həlledici rol oynadı.
Qeyd edək ki, TRACECA Xəzəryanı dövlətlərin limanları və gəmiçilik şirkətləri arasında əlaqələrin genişləndirilməsini daim diqqət mərkəzində saxlayır. Elə bunun nəticəsidir ki, Transxəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun rəqəmsallaşdırılmasına mühüm önəm verir. Bu yenilik marşrutun cəlbediciliyinin artırmaqla yanaşı, həm də əlavə yüklərin daşınmasına əlverişli şərait yaradır.
Yeri gəlmişkən, TRACECA-nın beynəlxalq yük daşımalarının səmərəliliyinin təmin edilməsində fəal iştirakçı olan Azərbaycan bu dəhlizə üzv 13 ölkə ilə birlikdə nəhəng infrastrukturun inkişafında mühüm rol oynayır, daşımaların həcminin artırılması məqsədilə xüsusi layihələrin həyata keçirilməsinə prioritet istiqamət kimi yanaşır. Bir sözlə, TRACECA boyunca multimodal nəqliyyatın inkişafı, dəhlizin rəqəmsallaşdırılması, sərhəd-keçid prosedurlarının asanlaşdırılması, beynəlxalq avtomobil nəqliyyatı üzrə icazə sistemləri, habelə infrastrukturun inkişafına yönəlmiş digər məsələlərin həllinə böyük önəm verir.
Respublikamızda uzun illər ərzində nəqliyyat–logistika sisteminin inkişafı ilə bağlı qoyulan investisiya hesabına bu sahədə indiyədək mühüm layihələr icra edilib, dəmir və magistral yollar istifadəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı gücləndirilib, müasir gəmiqayırma müəssisəsi işə salınıb. Bütün bunlarla bərabər, ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırıb. Respublikamız Yeni Bakı Dəniz Ticarət Limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsini, hava limanları layihələrinin tamamlanmasını gerçəkləşdirilib.
Yeni Bakı Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla ətraf sahələrdə azad iqtisadi zona da yaradılacaq. Belə bir planın gələcəkdə reallaşması isə tranzit və daşıma imkanları geniş olan mühüm nəqliyyat qovşağının–adıçəkilən limanın TRACECA-nın inkişafında rolunu daha da artıracaq.
Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarəsinin hüquqi rejimini müəyyənləşdirən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb. Sənədə əsasən, həmin iqtisadi zonada təsərrüfat subyektləri üçün vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və s. rejimləri yaradılması nəzərdə tutulub.
TRACECA-dan danışarkən, sonda bir məqamı da vurğulayaq. Belə ki, bu nəqliyyat dəhlizi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında önəmli bir baza, körpü rolunu oynayıb. Başqa sözlə, Azərbaycan bununla Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə böyük töhfə verib, ölkəmizin dünya dövlətləri ilə inteqrasiyasının daha da dərinləşməsinü sürətləndirib.
Vaqif BAYRAMOV
XQ