RU

“Avroittifaqın Sülh Fondu” Ermənistana 10 milyon avro müharibə pulu ayırdı- Macar dostlarımız ayaqda...

Image

Əli Orucov: “Macarıstanın sərgilədiyi qətiyyətli mövqe həm ədalətin, həm də dost münasibətin təntənəsidir”

Macarıstan Avropa İttifaqı (Aİ) Sülh Fondundan Ermənistana dəstək layihəsinə mane olur. Halbuki, bu layihə ətrafında alyansda ilkin razılıq əldə olunmuşdu.

Diplomatik mənbələr Azadlıq Radiosuna bildiriblər ki, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir. Mənbələrə görə, bu da vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir. Aprelin ortalarında məlum olub ki, Brüsseldə Aİ-nin Sülh Fondundan Ermənistana 10 milyon avro yardım göstərilməsi üçün ilkin razılıq əldə olunub. Diplomatik sənədlərə əsasən, pul bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına yönəldilməlidir. Bura tibbi yardım üçün bir ambulatoriya, habelə müvafiq xidmətlər və obyektlər daxildir.

“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaq, bununla da böhranlar, habelə fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqdır”, - Macarıstanın bir neçə həftədir qəbuluna mane olduğu sənəddə bildirilir.

“Sülh Fondu ilə bağlı sərgilədiyi mövqe o deməkdir ki, Avroittifaq doğru mövqedə deyil”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov Macarıstanın bununla bağlı dirənişini təqdir etdi: “Əvvəla bu, Avroittifaqın Azərbaycana münasibətdə sərgilədiyi növbəti ədalətsiz yanaşmadır. Aİ 2021-ci ildə Ermənistana 2,6 milyard avro, Azərbaycana 2,2 milyard avro ayıracağını bəyan edib. Ancaq indiyə kimi Ermənistana 500 milyon civarında yardım edilsə də, Azərbaycana heç bir yardım edilməyib. Azərbaycan çox ciddi mina problemi ilə üz-üzədir. Mülki vətəndaşlarımız mina partlayışlarının qurbanı olur. Aİ heç olmasa minaların təmizlənməsi işində Azərbaycana yardım etmir. Bütün bunlar azmış kimi, indi də Sülh Fondu çərçivəsində Ermənistana hərbi xarakterli yardım edilir. Adını da qoyublar “batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılması”. Ən azından, qurumun adı ilə maliyyə ayırdığı sahə arasında məntiqi ziddiyət var. Sülh Fondu nə əsasla hərbi təmayüllü sahəyə vəsait ayırır? Halbuki, söhbət uzun illər münaqişə tərəfi olan bir ölkədən gedir. Üstəlik, tərəflər arasında sülh sazişinin imzalanmadığı bir şəraitdə Ermənistana birtərəfli şəkildə belə bir yardımın edilməsi nə siyasi, nə də hərbi baxımdan doğrudur. Otuz il Avroittifaq Qarabağ məsələsini əsas gətirərək nə Azərbaycana, nə də Ermənistana silah satdı. Qarabağ məsələsi həll ediləndən sonra Fransa Ermənistana silah satmağa başlayıb. Ancaq təəssüflər olsun ki, aparıcı Avropa ölkələri hələ də Azərbaycana silah satmırlar. Macarıstanın sərgilədiyi qətiyyətli mövqe həm ədalətin, həm də dost münasibətin təntənəsidir. Macarıstan, bütün təzyiqlərə baxmayaraq, 2012-ci ildə Ramil Səfərovu Bakıya təhvil verdi. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Azərbaycanla yanaşı, bütün türkdilli dövlətlərlə yaxın əlaqələrə malikdir. Macarıstanın Sülh Fondu ilə bağlı sərgilədiyi mövqe o deməkdir ki, Avroittifaq doğru mövqedə deyil. Yardım ediləcəksə Azərbaycan da o sırada olmalıdır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
50
baki-xeber.com

10Источники