Bakı, 24 aprel, AZƏRTAC
Avropa Parlamenti Aİ-nin genişlənmə prosesinə nəzarəti gücləndirmək üçün Qərbi Balkanlarda nümayəndəlik açmağı planlaşdırır.
AZƏRTAC Euractiv portalına istinadla xəbər verir ki, yeni ofisin açılması Avropa Parlamentinə region ölkələrinin Aİ-yə qoşulması proseslərinə nəzarəti asanlaşdırmaq imkanı yaradacaq, həmçinin Qərbi Balkan ölkələrinin parlamentləri ilə əlaqələri gücləndirəcək.
Avropa Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının 2030-cu ilədək Qərbi Balkanlara doğru genişlənə biləcəyini deyib. Siyasətçinin sözlərinə görə, qurumun növbəti, 2027-ci ildən sonrakı çoxillik büdcəsi Aİ-nin genişlənməsi nəzərə alınmaqla tərtib edilməlidir.
Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro Avropa İttifaqı üzvlüyünə rəsmi namizəd statusuna malikdir. 2020-ci ildə Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra qurumda 27 üzv ölkə qalıb.