Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə işçi qrupun 6-cı iclası keçirilib.
İşçi qrupun sədri, Energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” həllərinin tətbiqi istiqamətində görülən işlərə, digər qabaqcıl texnologiyalarla yanaşı, bu ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması zərurətinə diqqət çəkib. O, ölkəmizdə “yaşıl enerji” zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyətini bir daha vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb. Tədbirdə əvvəlki iclasda qəbul edilmiş qərarların icrasına dair işçi qrupun katibliyinin hesabatı dinlənilib. İşğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat təqdim edilib.
Eyni zamanda, “yaşıl enerji” zonasında tətbiq edilən müvafiq komponentlərin resurs bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, düşmən işğalından azad olunmuş ərazilərdə mənzil inşaatı, yaşayış binalarının tikintisi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, gündəlikdən irəli gələn digər cari məsələlərlə bağlı görülən işlər və icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.
İclasda işçi qrupa daxil olan dövlət qurumları ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, “Azəristiliktəchizat” ASC-nin, Mənzil İnşaatı Dövlət Agentliyinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, sözügedən ərazilərdə 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri çaylarının qollarında hidroenerji istehsalı üçün geniş imkanlar var. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur.
Məhz bu zənginliyi nəzərə alan ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Dövlət başçısı 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə burada bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisi yalnız bərpaolunan enerji mənbələrindən alınacaq.
Artıq işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji potensialının hərkətə gətirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məlum olduğu kimi, 2022-ci il iyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada SOCAR və Böyük Britaniyanın BP şirkəti arasında ölkəmizin bərpaolunan enerji potensialının öyrənilməsi, bu sahədə əməkdaşlıq məsələləri və birgə layihələrin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Yeri gəlmişkən, son illər bərpaolunan enerji ilə bağlı layihələrin icrasını özünün əsas fəaliyyət istiqamətləri sırasına daxil edən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibində “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Yeni qurum Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələsində quruda, ümumilikdə, 2 qiqavat gücündə külək və günəş enerjisi layihələrini icra edəcək.
Bununla yanaşı, artıq icra mərhələsinə qədəm qoyan “Şəfəq” layihəsi də BP şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik günəş elektrik stansiyasının tikinti işlərinə bu ilin ikinci yarısında başlanacaq. “Lighsource BP” şirkətinin operatoru olduğu “Şəfəq” layihəsi Cəbrayıl şəhərindən 5-10 kilometr məsafədə, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək. Ümumilikdə isə, layihəyə 240 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Layihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpaolunan enerji potensialına beynəlxalq maraq isə getdikcə artmaqdadır. Artıq dünyanın bir sıra enerji şirkətləri bu ərazilərə sərmayə qoymaqda israrlıdırlar. Məlum olduğu kimi, bu il martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında Cəbrayıl rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakına dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, rayon ərazisində 50 meqavatı ilkin mərhələdə, daha 50 meqavatı isə növbəti mərhələdə olmaqla, ümumilikdə, 100 meqavat həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
M.YAQUBZADƏ XQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта