RU

Ər və arvad arasındakı əmlak bölgüsü necə aparılmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Ər və arvad arasındakı əmlak bölgüsü necə aparılmalıdır? SİA mövzu ilə bağlı vəkil Anar Qasımlının fikrini öyrənib.

O bildirib ki, ər və arvad arasında əgər nikah müqaviləsi yoxdursa, onların qarşılıqlı razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, ər və arvadın birgə nikah dövründə əldə etdiyi əmlaklar onların arasında bərabər bölünür: "Eyni zamanda məhkəmə yetkinlik yaşına çatmayan uşaqlardan kimin yanında qalmasını, mənafeyini nəzərə almaqla həmin uşaqların yanında qaldığı şəxsin - ər, yaxud arvadın payını artıq edə bilər. Burada bir məsələ də ondan ibarətdir ki, ər və arvadın əmlak bölgüsü üçün bu mütləq məhkəmə qaydasında keçirilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirak olunmalıdır. Bura eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, həm də qeydə alınmamış əmlakları da ola bilər. Sənədsiz evlərə münasibətdə çəkilən xərclər bərabər bölünür. Şəxslərin nikah dövründə əvəzsiz - bağışlama, vərəsəlik yolu ilə əldə etdikləri əmlaklara şamil olunmur. Onların öz mülkiyyəti sayılır".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
241
12
sia.az

10Источники