"Komandamızın səviyyəsini gördük.
Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis 10 günlük hazırlıq prosesinin bu gün başa çatdığını xatırladıb:
"Səhərlər məşq, axşamlar yoxlama oyunları keçirdik. Bu müddətdə 15 matç oynadıq, 1-də məğlub olduq.
Həmin görüş də başabaş mübarizə mübarizə şəraitində keçdi. Bundan əlavə, İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik.
Üz-üzə gəldiyimiz bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də qarşılaşmışdıq. Çox ciddi toplanışı arxada qoyduq".
Evren Alkaya yoxlama görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb:
"Bizə çox faydalı oldu. Gələcəkdə planladığımız U-14 kollektivi ilə başqa oyun keçirdik.
Onların da uğuruna şahidlik etdik. Uşaqları hazırlaşdırmağa davam edəcəyik.
Toplanışı peşəkarlıqla başa vurduq. Bizə bu şəraiti yaratdıqları üçün federasiya rəhbərliyinə təşəkkür edirik".