Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Nəzrin Babayeva Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) İdarə Heyətinin fəxri üzvü seçilib.
Bu məlumat Aztibb.az-a AQDİM-dən verilib.
BMU-nun Memarlıq vəinşaat fakültəsinin sənaye mühəndisliyi ixtisasında (bakalavr) təhsil alan Nəzrin Babayeva bu üzvlüyə donorluq mədəniyyətinin inkişafı sahəsində keçirilən tədbirlərdə, həmçinin qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərinə görə layiq görülüb.
Fəxri üzvlüyün təqdimetmə mərasimində universitetin rektoru Yaqub Piriyev tələbəni, onun ailə üzvlərini səmimi qəlbdən təbrik edib. Rektor Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı haqda danışıb və bu mühüm sənədlər çərçivəsində atılan addımların, qanvermə aksiyaları, təbliğat xarakterli tədbirlərin önəmini vurğulayıb.
Yaqub Piriyev BMU tələbələrinin sosial əhəmiyyət kəsbedən tədbir və layihələrdə fəal iştirakına diqqət çəkib, eyni zamanda, onların məqsədyönlü, ictimai faydalı, könüllü fəaliyyətinin hər zaman ali təhsil müəssisəsi tərəfindən dəstəkləndiyini deyib.
IV kurs tələbəsi olan Nəzrin Babayevanın gələcək planları, magistratura təhsili ilə yaxından maraqlanan rektor ona müvafiq tövsiyələrini verib və qanvermə aksiyalarında könüllü olaraq göstərdiyi xidmətlərə, nəcib fəaliyyətinə görə universitet adından təşəkkürünü çatdırıb.
ADQİM-in İdarə Heyətinin sədri Fuad Rəsul BMU tələbəsini Mərkəzin fəxri üzvləri sırasına qoşulması münasibətilə təbrik edib.
AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilən Nəzrin Babayeva bu adın onun üçün böyük qürur olduğunu vurğulayıb, ona göstərilən diqqətə görə universitetin rektoruna və Mərkəz rəhbərliyinə minnətdarlığını ifadə edib.
Daha sonra Mərkəzin icraçı direktoru Kamil Hüseynov mükafatı Nəzrin Babayevaya təqdim edib.