RU

Şirvanda regional konfrans: “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər”

Şirvan, 28 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şirvandakı abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb. Sonra konfrans iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövlət qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda respublikamızda formalaşmış dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu bildirib. Qeyd edib ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində Şirvan şəhərində dini durum sabitdir, etiqad azadlığı tam təmin olunur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmini, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov ölkə rəhbərliyi tərəfindən dinə və milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğının olduğunu vurğulayıblar. Ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildiriblər. Qeyd edilib ki, Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur.

Konfrans işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

Tədbir çərçivəsində kitab sərgisi də keçirilib.

Sonda Şirvan şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
335
5
azertag.az

10Источники