RU

Qarabağın inciləri: firəng Əhməd

Həm Azərbaycanın, həm də Türkiyənin, ümumiyyətlə türk dünyasının ictimai-siyasi həyatında onun əvəzsiz xidmətləri olub. Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olan Əhməd bəy Ağaoğlu 1869-cu ildə Qarabağın nazlı gəlini Şuşa şəhərində anadan olub. Əhməd bəyin atası Mirzə Həsən, XVIII əsrdə Ərzurumdan Gəncəyə köçüb gəlmiş, daha sonra isə Qarabağa yerləşmiş məhşur Qurdlar nəslindən olan pambıq fermeri idi, anası Təzə Xanım isə Qarabağın məşhur Sarıcalı nəslindəndir. Atasının nəslində hər kəsə Mirzə titulu verilirdi, çünki babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən, habelə xəttat və şair olub. Əhməd bəyin əmiləri də təhsilli olub, fars, ərəb, rus dillərini mənimsəyiblər.

Əhməd bəy ənənəvi şiə dəyərlərinə bağlı olan mömin bir ailədə böyüyüb, əmisi onun ruhani olmasını istədiyi üçün ərəb və fars dillərində təhsil almasını istəyib. Mömin bir qadın olmasına baxmayaraq axund və mollalarla ulduzu barışmayan anası Təzə xanım isə oğlunu gizlincə rus dili dərslərinə yazdırır və dünyəvi təhsil almasına şərait yaradır. Əhməd bəy öz xatirələrində yazır ki, əmisinin dediyi istiqamətdə təhsil alsa istiqaməti Nəcəf, Kərbəla olacaqdı, amma o anasının dediyi istiqamətə -Peterburqa, Parisə gedir.

Şuşadan Parisə uzanan yol

Əhməd bəy ilk təhsilini Şuşada mollaxanada alır, 1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək Əhmədi Şuşa real məktəbinə göndərir. Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın Əhmədin yetişməsində böyük təsiri olur. Əhmədin bu məktəbdə sona kimi oxumasının ən başlıca səbəbi isə öz iradəsi olur, çünki erməni şagirdlərin çoxluğu cəmi 4 şagirdi müsəlman olan bu məktəbdə Əhmədə də problem yaradırdı, lakin o, digər müsəlman tələbələr kimi məktəbdən uzaqlaşmağı yox, əksinə, davam etməyi qarşısına məqsəd qoyur.

Yuxarı sinifləri oxumaq üçün daha sonra Tiflisdə, gimnaziyada oxuyur. Burada da təhsil alan tək türk şagird o olur. Sonra təhsilini davam etdirmək üçün Avropanın mərkəzinə – Parisə gedib. 1888-ci ildə Sarbonne universitetinin hüquq məktəbinə daxil olan ilk azərbaycanlı olan Əhməd bəy Ağaoğlu elmi rəhbəri Ernest Renandan çox şey öyrənir. Renanın xüsusilə dinlər haqqında yazıları onu cəlb edir. Oxuduğu müddətdə fransız qazetlərindən 10-dan çox məqaləsi dərc edilir. Məqalələrini oxuyan Renan ona Fransada qalmağı və elmlə məşğul olmağı məsləhət görür. Lakin Əhməd bəy “mənim vətənimin də uşaqlarına müəllim lazımdır” deyərək təhsilini bitirdikdən sonra geri qayıdır və Şuşa gimnaziyasında fransız dilindən dərs verir. O dövrdə Fransada təhsil alan, fransız dilini bilən yeganə azərbaycanlı olduğu üçün yerli əhali ona ləqəb də qoymuşdu: “firəng Əhməd”.

Jurnalistikada yeni imza

Əhməd bəy öz doğma torpaqlarındakı uşaqlara dərs deyərək onların dünyəvi təhsil almasına çalışır, dindən, mövhumatdan uzaq olmalarını istəyirdi. 1897-ci ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya köçür. “Kaspi” qəzetinin əsas müəlliflərindən biri. Eyni zamanda redaktoru olan Əhməd bəy ictimai-siyasi fəallığına görə Bakı Şəhər İdarəsinə üzv də seçilir. Onun ilk əsəri olan “Axund və İslam” da həmin illərdə yazılır. 7 il “Kaspi”də çalışan Əhməd bəyin qəzetdə 600-dən çox yazısı dərc edilib.

Əhməd Ağaoğlu tariximizə həm də qadınlara kişilərlə bərabər hüquq verilməsini tələb edən ilk ziyalılardan biri kimi düşüb. O öz yazılarında “azad qadın olmasa inkişaf da ola bilməz” deyirdi. 1905-ci ildə erməni daşnaklarının hədələrindən müdafiə məqsədi ilə “DİFAİ” adlı bir gizli özünümüdafiə təşkilatı yaradır. Həmin ərəfədə Tağıyevin maliyyə yardımı ilə Əli bəy Hüseynzadə ilə birgə “Həyat” qəzetini buraxmağa başlayır, bir il sonra “İrşad”ı, sonra isə “Tərəqqi”ni nəşr etdirir. Bütün Qafqazda Azərbaycanın haqq səsi olan ədibə qarşı ermənilər tərəfindən ciddi təzyiqlər baş qaldırır.

Öz elçiliyini özü edir

Əhməd bəyin həyat yoldaşını özü görərək sevməsi, öz elçiliyini özü etməsi də maraqlı məqamlardandır. Dövrün adətlərinə görə oğlanlar ailə quranda gələcək həyat yoldaşlarını anaları, bacıları seçib bəyənirdi. Lakin Əhməd bəy öz sevdasını özü tapır. Sitarə xanımın əmisi oğlu ilə dostluq edən gənc Əhməd bir gün Fərrux bəyin qonağı olanda bu alagözlü Qarabağ qızını görüb aşiq olur. O, öz elçiliyini özü edir, amma bu hərəkəti Sitarə xanımın nənəsinin xoşuna gəlmir, qızı vermək istəmir. Nənənin bu hərəkəti Əhməd bəyi pərişan edir, o həmin vaxt Peterburqda olan Fərrux bəyi görməyə gedir və ona məramını anladır. Bundan sonra Fərrux bəy əmisinə teleqram vurur və Sitarəni Əhməd bəyə verdiyini deyir. Beləcə, onlar evlənir.

1903-cü ildə onların ilk övladı doğulur. O dövrdə müsəlman adətlərinə görə ailənin oğlu olması daha şərəfli sayılırdı və kişilər oğlunun olması ilə öyünürdü. Lakin ilk övladı qız olduğuna görə Əhməd bəy tanıdığı-tanımadığı hamıya muştuluq paylayır, xanımına isə bu münasibətlə 12 qızıl düymə hədiyyə edir. Onların 6 övladı olur – 3 qız, 3 oğlan. Sitarə xanım Əhməd bəyə həqiqi həyat yoldaşı olur, yaxşı və pis günündə onun əlini buraxmır. Əhməd bəy Malta sürgünündə olarkən qürbətdə 6 uşaqla çox çətinlik çəksə də bunların heç birini həyat yoldaşına hiss etdirmir. O Əhməd bəyin yazmaq eşqinə həmişə hörmət edir, öz cehizlərinin satılaraq qəzet buraxılması fikrini dəstəkləyir.

Həmin ərəfədə Bakıdakı iri, xarici neft maqnatları yerli sahibkarlara, ermənilər isə müsəlman əhaliyə ciddi təzyiq göstərirdi. Bakı milyonçuları bu vəziyyətləri yoluna qoymaq üçün Əhməd bəy Ağaoğlunu Sankt-Peretburqa, II Nikolayla danışığa göndərirlər. Bu ərəfədə “DİFAİ” müsəlman əhalini çar zülmündən, erməni terrorundan qorumaqda müstəsna xidmətlər göstərirdi. Qarabağda bir çox faciənin qarşısı məhz bu partiyanın sayəsində alınırdı. Lakin təhlükə günü-gündən böyüyür, Əhməd bəyin özünə və ailəsinə qarşı ciddi təqiblər və təzyiqlər olduğu üçün o, ailəsini də götürərək 1908-ci ildə Türkiyəyə, o zamankı Osmanlı İmperiyasının paytaxtına - İstanbula köçür.

İstanbulda o, Parisdə birlikdə oxuduğu dostlarının köməyi ilə “İttihad və Tərəqqi Cəmiyyəti”nə qoşulur, “Gənc türk”, “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru olur. 1911-1912-ci illərdə İstanbul universitetində çalışır, 1915-ci ildə isə imperiyanın ictimai-siyasi həyatında fəal bir fiqur olan Əhməd bəy parlamentə deputat seçilir. Azərbaycanda Xalq Cumhuriyyəti qurulandan sonra Əhməd bəy Nuru Paşanın müşaviri kimi Azərbaycana qayıdır və AXC parlementinə deputat seçilir. Lakin Qafqaz İslam Ordusu Azərbaycandan çıxanda Əhməd bəy də Türkiyəyə qayıdır. Bu həmin vaxt idi ki, ingilislər İstanbulu işğal etmişdi.

Fəal yazar-jurnalist kimi qəzetlərdə dərc edilən yazıları ingilisləri, erməniləri narahat etməyə başlayır. O ermənilərə qarşı cəbhə almaqda ittiham edilir və Malta adasına sürgün edilir. 1921-ci ildə Atatürk Malta əsirləri ilə ingilis əsirləri dəyişdirərkən azad olan əsirlər arasında Əhməd bəy də vardı. O Nəriman Nərimanova İtaliyadan məktub yazaraq vətənə dönmək, öz millətinə xidmət göstərmək istədiyini bildirir. Nəriman Nərimanov Əhməd bəy Ağaoğlunu Azərbaycana dəvət edərək müqabilində ona yüksək vəzifə vəd edir. Lakin məktub ona çatdığı zaman Əhməd bəy artıq İstanbulda idi və ictimai-siyasi həyatın, azadlıq mübarizəsinin içində olduğu üçün İstanbulda qalmaq, mübarizə aparmaq istəyir.

Mustafa Kamal Atatürk onu 1921-ci ildə mətbuat üzrə ümummüdir vəzifəsinə təyin edir, Əhməd bəy Qurtuluş savaşının təbliğatçılarından birinə çevrilir. Əhməd bəyin yeni Türkiyə üçün hansı önəmi daşıdığını bu vəzifə ilə anlamaq olur. Həssas bir vaxtda, milli azadlıq məsələlərinin təbliğ edilmə dövründə ən strateji posta onun rəhbərlik etməsi Atatürkdə ona olan inamın, etibarın sübutu idi. Anadolu Agentliyinin qurucularından biri olması, “Hakimiyyəti-Milliyə” kimi rəsmi qəzetlərin baş redaktoru təyin edilməsi də bu dövrə təsadüf edir. Bundan sonra Ağaoğlu Cümhuriyyətin Böyük Millət Məclisinə deputat seçilir.

1933-cü ildə həyat yoldaşı Sitarə xanımın vəfatından sonra Əhməd bəy böyük sarsıntı keçirir. Bu itkidən sonra ictimai fəaliyyətində əvvəlki kimi fəal olmur və 6 il sonra, 1939-cu ildə özü də vəfat edir. Ölüm yatağında olarkən övladlarına olan yeganə nəsihəti heç vaxt doğrulardan uzaqlaşmamaq olur. Onun ölümü barədə məqalələr Türkiyədə dərc olunan mətbu orqanlarda günlərlə dərc edilir. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın millət vəkili olub, digər qızı Tezər, oğlu Səməd də deputat olub.

Əhməd bəy bütün həyatı boyunca o qədər məhsuldar yazıb ki, ona ədəbi cameədə “yazı maşını” deyiblər. Yorulmadan, usanmadan, türk dünyasının fədaisi olaraq bütün həyat boyunca yalnız bir devizi olub: “Türklüyə xidmət hər yerdə müqəddəsdir!”.

Lalə Mehralı

Избранный
19
1
sesqazeti.az

2Источники