RU

Hotellərdə 75 faizdən çox yerin boş qalma səbəbi nədir?

2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8 faiz səviyyəsində olub. Yəni, hotellərin 75,2 faiz hissəsi boş qalıb. Bu da, kifayət qədər böyük rəqəmdir. Hotellərdə boş yerlərin qalmasının əsas səbəbləri nələrdir? 

Bu yerlərin azaldılması üçün hansı strateji yanaşmalar tətbiq olunur?

Valyuta.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, ümumiyyətlə, beynəlxalq təcübədə də hotellərin heç vaxt 100 % doluluq səviyyəsində işləməsinə rast gəlinməyib. Bu, normal haldır:

“Əgər hotell 25-30 %-dən yuxarı doluluq səviyyəsində çalışırsa, burda hotelin ziyanından söhbət gedə bilməz. Hotellərin doluluq səviyyəsi müxtəlif amillərdən, o cümlədən, fəsil, mövsüm və keçirilən tədbirlərdən asılı olaraq dəyişir. Bu, həm də turistlərin nə vaxt gəlib, gedəcəyi ilə bağlı məsələdir. Azərbaycanda keçirilən beynəlxalq yarışların otellərdəki doluluq səviyyəsini artırması, xüsusilə regionlarda, müsbət inkişafdır. Şuşada, Xankəndidə beynəlxalq tədbirlərin keçirilməsi hotellərin doluluq səviyəsini artırdı. Xüsusilə də, Şuşa hotellərinin 90 %-i doluluq səviyyəsində oldu. Paytaxt Bakıda da fəaliyyət göstərən 4-5 ulduzlu hotellərin də doluluq səviyyəsi orta ölçülürdü”. 

R.Quliyev qeyd edib ki, qarşıdan gələn “COP 29” kimi beynəlxalq tədbirlər, hotellərin doluluğunu əhəmiyyətli dərəcədə artırır və bu, ölkənin turizm sektorunun davamlı inkişafına töhfə verə bilər:

“Gələcəkdə turistlərin sayı artdıqca, reklam strategiyalarının effektivliyi də daha önəmli olacaq. Azərbaycanın turizm potensialının artırılması üçün bu cür tədbirlərin yaxşı təşkili, mükəmməl xidmət və marketinq strategiyalarının gücləndirilməsi vacibdir. Beləliklə, turizm sektorunun inkişafı üçün strateji bir yol xəritəsi izləmiş olarıq”.

Turizm üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, əslində, son rəqəmlərdə hotellərimizin doluluq səviyyəsi artıb: “Doluluq əvvəl 20 % idisə, indi 25 %-ə çatıb. Müvafiq olaraq əvvəlki illə müqayisədə daha yüksək olub. Bu hotellərin əldə olunan gəlirlərinə də təsir edib. Hotellərin doluluq və boşluğu mövsümə görə də dəyişir. Bakı şəhərində hotel və yataqxanalar nömrə fondu olduğuna görə, gələn turist kütləsi də daha çox Bakı ərazisində zaman keçirir və normal olaraq Bakıda gecələmələrin sayı daha çox olub. Bəzi bölgələrdə hotel sayı azdır. Hotel və yataq sayı az olduğuna görə konsentrasiya olunmuş turist sayı müvafiq olaraq göstəricini yuxarı çəkib”. 

C.Aşurovun sözlərinə görə, Azərbaycanda turizm bazarı tam bərpa olunmayıb:

“Pandemiyadan sonrakı dövrdə turizm bazarı hələ də bərpa dövrünü yaşayır. Bunu həm gələn turistlərin sayı ilə, həm də hoteldə  gecələmələrin sayından təyin etmək olur. Amma müvafiq tədbirlər görülür. Ölkəyə uçuş istiqamətlərinin sayı artırılır. Bu da gələn turistlərin ümumi sayına müsbət təsir göstərir. Əvvəlki illə müqayisədə bu artımı görə bilirik. Bazarın tam bərpa olunması üçün müəyyən addımlar atılır. Ölkələrarası birbaşa və beynəlxalq uçuşlarda şəhərlərarası birbaşa uçuşların qoyulması və viza prosedurlarının asanlaşdırılması, eyni zamanda böyük Çin bazarı ilə birtərəfli qaydada vizanın tamamən aradan qaldırılması, qarşıdan gələn dövrdə tendensiyaya müsbət təsir göstərəcək və ümumi gələnlərin sayını artırmış olacaq”.

“Quru sərhədlərinin bağlı olması da hotellərdə boş yerlərin qalmasına səbəb olur. Gələcəkdə təhlükəsizlik məsələləri tam həll olunduqdan sonra quru sərhədlərindən gələnlərin də sayını əlavə etsək, ölkəyə gələn turistlərin sayında cidd artım olacaq”,- deyə ekspert vurğulayıb.

Maya Hüseynova

Избранный
24
valyuta.az

1Источники