RU

Gürcüstanda parlament seçkiləri:SƏSVERMƏ BAŞLAYIB

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saat 08:00-da Gürcüstan ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3 111 seçki məntəqəsi açılıb. Bunlardan 3 044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. 

Bu seçkilərdə 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 3 milyon 113 min 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edəcək.

 

Bu il 135 min 922 nəfər ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər.

 

Səsvermə saat 20:00-da başa çatacaq.


Onu da qeyd edək ki, seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır: hakim "Gürcü Arzusu" Partiyası və müxalif "Vahid Milli Hərəkat" Partiyası, "Dəyişikliklər Koalisiyası", "Güclü Gürcüstan" və "Gürcüstan uğrunda" partiyaları.

 

Seçkiləri 111 yerli və 76 beynəlxalq təşkilat, həmçinin 199 media qurumu müşahidə edir.

 

Gürcüstan parlamentinə 150 deputat seçiləcək.

 

ATƏT/DTİHB-nin uzunmüddətli müşahidə missiyası oktyabrda Gürcüstanda seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatında onu son dərəcə qütblü adlandırıb. Hakim “Gürcü arzusu” Partiyasının nümayəndələri seçkiləri sülh və müharibə haqqında referendumla müqayisə edirlər. Öz növbəsində, müxalifət hakim partiyanın ölkəni hər gün Rusiya orbitinə yaxınlaşdırdığını əsas gətirərək vətəndaşların Avropa və Rusiya arasında seçim etməli olduğunu deyir.

 

Seçkilərə bir neçə gün qalmış həm “Gürcü Arzusu”, həm də müxalifət Tbilisidə öz tərəfdarlarının kütləvi mitinqləri keçirərək, xalqın seçilmiş nümayəndəsi olduqlarını bəyan ediblər.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifəti açıq dəstəkləməklə və liderlərini müxalifət qüvvələrinin qələbəsi halında bir ildən sonra yeni parlament seçkilərinin təyin edilməsini nəzərdə tutan “Gürcüstan Xartiyası”nı imzalamağa inandıraraq seçkilərdə öz rolunu oynayır.

 

Gürcüstanın həbsdə olan keçmiş prezidenti, sosial şəbəkələrdən istifadə edən Mixail Saakaşvili gündəlik mesajlarında tərəfdarlarını təşviq edir.

 

“Gürcü arzusu”nun nümayəndələri müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə destruktiv hərəkətini istisna etmirlər.

Избранный
8
39
senzor.az

10Источники