RU

Kamran Bayramov: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır

BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən, 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar.  Hazırda  BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Ölkəmiz dünyada böyük nüfuza və etimada sahib olan dövlətdir. Son illər həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı da bu reallığın təsdiqidir.

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. «Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq» söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Deputat diqqətə çatdırıb ki, BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normaldır.

K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Ölkəmizin son 21 ildə qazandığı sosial-iqtisadi göstəricilər bunu bir daha sübut edir. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dövlətimizn başçısı İlham Əliyev sözügedən Sammitdəki çıxışında bu məqamları da diqqətə çatdırdı ki, bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Избранный
16
demokrat.az

1Источники