RU

“Füzulidən qayıdan kimi Bakıda kütləvi həbslərə başladı”- 1937-ci ildə nə baş verdi...

Image

Fərman Qarabağlı: “Bakıya qayıdandan sonra Bağırov Qaryagindən 20-30 nəfərə yaxın adamı tutub Bakıya gətirməyi əmr edir”

Biri var tarixçilərin yazdığı tarix, biri də var ki, xalıqın yaddaşında yaşayan tarix. Bu tarix bütün gerçəklikləri, həqiqətləri, pərdə arxasında qalan məqamları, gün üzünə çıxmayan, yazılmayan hadisələri özündə yaşadır. 

Xalq öz tarixini heç zaman unutmur, yaddaşdan-yaddaşa köçürüb yaşadır, əksər hallara siyasi şərtlər gerçək tarixin qələmə almasına mane olsa da, o tarix itmir. 

Biz hər zaman xalqın yaddaşına hopan yazılamayn tarixi gerçəklikləri ayrı-ayrı insanların dilindən eşidirik və yeri gələndə qələmə alırıq.

“Məhəmməd bəyi, Baxşəli bəyi və Məşədi Abdullanı Nargin adasında “xalq düşməni” kimi güllələtdirir...”

Əslən Füzuli rayonun Arayatılı  kəndindən olan, hazırda Bakıda yaşayan “Bakı-Xəbər”in təəssübkeş oxucusu və təbliğatçısı, redaksiyamızın yaxın dostu Fərman Qarabağlı (Süleymanov) bizimlə əlaqə saxlayaraq, 1933–1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun Qarabağın o vaxt Qaryagin adlanan, indiki Füzuli rayonunun adlı-sanlı,  nüfuzlu insanlarına qarşı həyata keçirdiyi həbslərdən, repressiyalardan danışdı. “Mircəfər Bağırovun haqsızlıqlarından bir hadisə danışmaq istəyirəm. 1937-ci ildə Mircəfər Bağırov Qarabağın o vaxt Qaryagin adlanan bölgəsinə gəlir. Onu da deyim ki, Qaryaginin əvvəlki adı Qarabulaq olub, sonra Qarabulağn adını dəyişdirilərək, Çar polkovnikinin adı ilə Qaryagin adlandırılıb. Mətləbdən uzaqlaşmayaq. Bağırovun sədrliyi ilə axşamüstü iclas keçirilir. Mircəfər Bağırov iclasda deyir ki, Qubadlı tərəfdə Alyanlı meşəsində qaçaq-quldur yuva salıb, gedib onları məhv etməliyik, imkanlı adamlardan ibarət silahlı bir dəstə düzəldib onların üstünə getməliyik. Bağırov bildirir ki, həmin adamlar sabah hava işıqlananda Horadiz  kəndinin aşağı tərəfində düzdə yığışsınlar. Horadiz kəndi təpələrin arasında yerləşir, kəndin gözəl bağ-bağatı var. Səhər hava işıqlanmamış Bağırov gəlib görür ki, dediyi yerdə çoxlu sayda silahlı adam toplaşıb. Soruşur ki, bu adamları bura kimlər yığıb? Deyirlər ki, Qacar Əbdürrəhmanlıdan (Aşağı Əbdürrəhmanlı)   Məhəmməd bəy, Bala Bəhmənilərdən Baxşəli bəy, Horadiz kəndindən Məşədi Abdulla yığıb. Orda başqa silahlı adamlar da olub. Bu silahlı dəstə gedib Alyanlı meşəsində qaçaq-qulduru məhv edir. Bakıya qayıdandan sonra Bağırov Qaryagindən 20-30 nəfərə yaxın adamı tutub Bakıya gətirməyi əmr edir. Dediyi adamları Bakıya gətirdəndən sonra Bağırov deyir ki, bir gecənin içində bunlar bu qədər adam yığıblarsa çevriliş də edə bilərlər. Məhəmməd bəyi, Baxşəli bəyi və Məşədi Abdullanı Nargin adasında “xalq düşməni” kimi güllələtdirir. Yerdə qalanlara da 10, 20 il iş verdirir. Hacı Qasım oğlu Hüseynə on illik həbs cəzası kəsib Qalamaya həbsə göndərirlər. O vaxt Moskvada “KQB”-nin binasını göstərib deyirdilər ki, “ən hündür binadır, zirzəmisindən Qalama görünür”.  Hüseyn kişi 1937-ci ildə gedir, bir də 1948-ci ildə qayıdır. Qayıdandan sonra ona “xalq düşməni” kimi Qaryagində yox, qonşu Ağdam rayonunda yaşamağa icazə verilir. Bir müddət sonra Hüseyn kişi əslən Bakının Əmircan kəndindən olan Əliheydər   adlı bir dostunu göndərib deyir ki, Qacar Əbdürrəhmanlıya get, mənim ailəmi götürüb Ağdama gətir”. 

Hacı Qasım oğullarının faciəvi taleyindən söz açan F.Qarabağlı bildirdi ki, Məhəmməd bəyin babası Hacı Qasım kişi imkanlı adam olub, 1810-cu ildə Həcc ziyarətinə gedib və qayıdandan sonra kəndin yaxınlığından keçən çayın üstündən camaata xeyirxahlıq üçün körpü saldırıb. “İndi də o körpüyə Hacı Qasım körpüsü deyirlər. Mənfur ermənilər o körpünü də dağıdıb. Hüseyn kişi deyirdi ki, mən ölsəm, bizim nəsildən bir nəfər o körpünü  bərpa etsə ruhum şad olar. Hüseyn kişi də Məhəmməd bəy kimi Hacı Qasımın nəvəsi idi. Hüseyn kişi torpaqların geri alınmasını görmədi”.

Hacı Qasım oğullarının başının müsibətlər çəkdiyini deyən F.Qarabağlı “Məhəmməd bəyin qardaşı Qurban, bacısı Sona “xalq düşməni ailəsi” kimi daim nəzarətdə olurdular. Hətta Qurban kişiyə doğmaca kəndlərində iş belə vermirmişlər. Qurban kişi gəlib Şıxbaba kəndində işləyib. Qarabağlılar Şıxbabaya “İşıqbaba” deyirlər. Qurban kişi arada vaxt tapıb gedib ailəsi ilə görüşürmüş. Bacısı Sona Arayatılı  kəndində ailəli idi. 1955-ci ildə Sona qardaşı Qurban kişiyə deyir ki, oğlanlarım bir az aralıda iki otaqlı ev tikir, biz ora köçürük, uşaqları da götür gəl bizim evdə yaşayın. Onun evi birotaqlı, uzun, üstü qamışla örtülmüş, kərpicdən tikilmiş bir ev idi. Qurban kişi bacısına deyir ki, ay Sona, kürsülü yaraşıqlı evimi qoyub gəlib burda yaşayım? Bacısı deyir ki, işin burdadır, əziyyət çəkirsən, gedib-gəlməkdən canın qurtarar”.

Müsahibimiz   Arayatılı  kəndindən də danışdı, bildirdi ki, o kəndin tarixi elə də qədim deyil: “Kərimbəyli kəndindən bir az aralı olan bu kənddə İran tərəfdən Arazı keçib gələn Fərəclilər deyilən bir ailə yaşayırmış. Sərhəd çəkiləndə onlar bu tayda qalmışdılar. Onların ləqəbi də var, mən demək istəmirəm, amma bilənlər bilir. Oraya Ağdamdan, Beyləqandan, Qubadlıdan, Laçından, əsasən də Cəbrayıldan, eyni zamanda Qərbi Azərbaycandan-indi Sisyan adlanan rayondan da ailələr gəlib yerləşir. Bu ailələr əsasən problemli ailələr olub köçüb orda məskunlaşıblar. Çünki ora daldey, qamışlıq bir yer olub. Kənd Qaryagin rayonunun mərkəzindən çox uzaqda yerləşirdi. O vaxt Qaryaginin birinci katibi Məmmədxan Məmmədxanovun vaxtında görüblər ki, ora yaşayış üçün yararlı yer deyil. Qərar qəbul olunub ki, Kürdlər və Qacar Əbdürrəhmanlı kəndləri arasında yer ayrılsın Arayatılı  kəndi ora köçürülsün. Su problemi yarandığı üçün bu fikridən daşınıblar, ora köçürməyirlər. 

Kürdlər kəndin yerini İbrahim xan Mehdi bəyə veribmiş. Kənddə Mehdi bəy kəhrizi də var. İrandan dörd ailə gəlib, Mehdi bəy onları orda yerləşdirib. Yerli camaat onlara “kürdlər” deyirdi. Halbuki, onlar kürd olmayıblar, amma nədənsə camaat onları “Mehdi bəy kürdü” adlandırırdı. Camaat bilir, orda kürd yaşamayıb, heç kürdcə danışan da olmayıb. 

1938-ci ildən sonra Şıxbaba kəndindən və Molla Məhərrəmli kəndindən yer ayırıb bizim kəndin camaatını ora köçürüblər. Hacı Qasım oğlu Süleymanın oğlu Qurban kişi ailəsi ilə gəlib əvvəlcə 7-8 gün Şahsuvar kişinin çovustanında  yaşayıb. Çünki bacısı Sonagil hələ yeni evə köçməyibmiş. Qurban kişi gələndə imkanlı olub. O, Hacı Qasım oğlu Süleymanın oğlu, Məhəmməd bəyin qardaşı idi. 

Qurban kişi gələndən sonra ona kolxozun atlarına baxmağı tapşırmışdılar. Təsərrüfat briqadiri Əhəd kişi vardı. Əhəd kişi gəlib Qurban kişini çağırıb deyib ki, kopayoğlu, atlara niyə ot verməyibsən? O çıxıb gedib, Qurban kişi isə yabanı götürüb Əhəd kişinin arxasınca gedib və at tövləsində yaba ilə onun başından vurub yıxıb yerə. Yabanı qarnına soxub öldürmək istəyir, qan Əhəd kişini götürür,  ölümcül vəziyyətə düşür. Camaat onu evinə aparır və “milisə xəbər verək” deyirlər. Əhəd kişinin həyat yoldaşı Nübar Qurban kişinin bacısı Sonanın qızı idi. Nübar Əhəd kişinin qohumlarına deyir ki, dayımı milisə versəniz uşaqlarımı götürüb evdən gedəcəm, beləliklə, milisə xəbər vermirlər. Ondan sonra arayatılılar Süleyman oğlu Qurbana “dəli Qurban” deyirlər. Hökmlü kişi olub, mərd, sözünü deyən olub.   Arayatılıda övladları üçün ikimərtəbəli yaxşı ev tikdirib. 1980-ci ildə rəhmətə gedəndə Qacar Əbdürrəhmanlılar gəliblər ki, kişini aparıb doğulduğu kənddə dəfn etsinlər. Amma Şamama xala və Seyid Həsən Baba onun nəşinin Qacar Əbdürrəhmanlıya aparılmasına razı olmayıblar. Deyim ki, Qurban kişinin babası Hacı Qasımın da məzarı Şıxbaba qəbristanlığındadır. Deyiblər ki, babasının məzarı da burdadır, elə onun yanında dəfn edək, orada dəfn edirlər.        

Onu da deyim ki, Şamama xalanın (İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənova 2008-ci il sentyabrın 5–də ömrünün 85-ci ilində vəfat edib-İ.S) kolxoz sədrliyi vaxtında camaat çox yaxşı yaşayırdı. Şamama xala iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Moskvada İttifaqlar Sovetinin sədr müavini idi. Bəsti Bağırova ilə eyni vaxtda əmək qəhrəmanı adını almışdı. Kənd Təsərrüfatı Muzeyində Bəsti Bağırovanın, Sevil Qazıyevanın büstü var, amma çox heyf ki, Şamama xalanın büstü yoxdur. Ümummilli lider rəhmətlik Heydər Əliyev Şamama xalanın xətrini çox istəyirdi...

Rəhmətlik Şamama xala ən azı 15 dəfə SSRİ Ali Sovetinin deputatı da olub”.

F.Qarabağlı Qaryagin rayonunun adının dəyişdirilib Füzuli rayonu adlandırılmasının tarixcəsindən də danışdı: “1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə Qaryaginin adını dəyişib Füzuli qoyurlar. Müstəqilliyimizin ilk dövründə, mən özüm də daxil, Füzuli ziyalıları yığışıb əlaqədar qurumlara müraciət etdik ki, rayonun köhnə adı Qarabulaq olub, o ad bərpa edilsin. O vaxt akademik Arif Quliyev və başqaları dedilər ki, yox, artıq Füzulinin adı verilib, dəyişsək düzgün çıxmaz. 

Əslində, Arif Quliyev özü də Qarabulaq adının bərpa edilməsinin tərəfdarı idi. Amma artıq rəsmi qərar verilmişdi, heç nə etmək mümkün deyildi. Onu da deyim ki, Azərbaycanda beş imkanlı rayondan biri Qaryagin rayonu olub. Qarayagin rayonunun təbiəti taxılçılıq və maldarlığa uyğundur. İkinci Dünya müharibəsi dövründə Qaryaginin sarı buğdası təkcə Qarabağı yox, bütün Azərbaycanı saxladı, qoymadı ölkə acılıq çəksin. Bunu xalıq bilir. Lənkəran, Naxçıvan, Quba və başqa rayonlardan camaat gəlib Qaryagindən buğda aparırdı. Sonra pambıqçılığa keçdilər. Amma bu rayonun təbiəti pambıqçılığa uyğun deyil, ona görə də rayon iqtisadi cəhətdən çox çökdü” - deyə F.Qarabağlı bildirdi. 

İradə SARIYEVA
P.S.
 Yazıda qeyd edilən fikirlərə şərik olmayanların, əks fikirdə olanların da mövqeyini işıqlandıra bilərik.





Избранный
20
baki-xeber.com

1Источники