RU

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları AYNA-da ictimai dinləmə iştirakçılarının diqqət mərkəzində

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) qurumun mütəxəssisləri, ekspertlər və media nümayəndələrinin iştirakı ilə növbəti ictimai dinləmə keçirilib. 

Missiya.Az xəbər verir ki, budəfəki tədbir avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına həsr olunub. Qonaqları salamlayan AYNA-nın İdarə Heyətinin sədr müavini Natiq Dadaşov bildirib ki, Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində son illər aparılan əsaslı islahatlar ölkəmizin xarici ticarət əlaqələrinin daha da genişlənməsinə, rəqabət mühitinin yaxşılaşmasına, daşıyıcılarımızın fəaliyyəti üçün yaradılan münbit şərait sayəsində onların beynəlxalq bazarlara çıxışının daha da asanlaşmasına, xidmətlərin ixracına və ölkəmizə valyuta axınının çoxalmasına əhəmiyyətli dərəcədə təsir göstərib. 

Azərbaycan 1998-ci ildən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) üzvü kimi aktiv fəaliyyət göstərir. Qarşıya qoyulan öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir ki, 2025-2026-cı illər üçün ölkəmiz ilk dəfə BNF-in prezidenti seçilib, hazırda isə 2024-2025-ci illər üçün qurumun I vitse-prezident vəzifələrini yerinə yetirir. 

Tədbirdə bildirilib ki, respublika əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və bərpası, sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarının artırılması, Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Keyfiyyət Xartiyasını tətbiq etməsi, qurumda ölkəmizin artan nüfuzu və mövqeyi, “İcazə blankları”-nın verilməsinin yeni qaydası bu inkişafda mühüm yer tutan amillərdəndir. Keyfiyyət Xartiyasının meyarlarından irəli gələn imkanlar Azərbaycan şirkətlərinin beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa istiqamətində rəqabətə davamlı olmalarına və bazar paylarının nəzərəçarpacaq dərəcədə artmasına şərait yaradıb. Dinləmə iştirakçılarına təqdimatlar keçirilib, statistik göstəricilər təhlil edilib. Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov təqdimatla çıxışı zamanı qeyd edib ki, daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərindəndir. 

Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Pünhan Musayev milli daşıyıcıların daşıma coğrafiyası barədə sualına cavab olaraq bildirilib ki, son illər yükdaşıma fəaliyyəti həyata keçirilən ölkələrin sayı 51-ə çatdırılıb. Azərbaycan şirkətlərinin yükdaşımalar həyata keçirdiyi ən uzaq məsafədə yerləşən ölkələr Şərqdə - Çin və Monqolustan, Qərbdə isə Böyük Britaniyadır. BNF-in çoxtərəfli və çoxdəfəli icazələri ilə daşıyıcılarımız bütün Avropa ölkələrinə il ərzində məhdudiyyətsiz sayda yük daşıma həyata keçirə bilir, BNF üzvü olmayan ölkələrə daşımalar üçün ikitərəfli qaydada “İcazə blankları”nın mübadiləsi aparılır. Üçüncü ölkələr və üçüncü ölkələrdən beynəlxalq yük daşımaları sahəsində təxminən 4 dəfə artım qeydə alınıb. Məsələn, 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrin ərazisindən 13 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici artıq 42 min 627 olub. Bu ilin 9 ayı üzrə 3-cü ölkə daşımalarında milli daşıyıcılarımızın gəlirləri 340 milyon manatı ötüb. Nəzərəçarpacaq dərəcədə artım ikitərəfli beynəlxalq yük daşımalarında da var. Azərbaycan daşıyıcılarının ikitərəfli yükdaşımalar bazarında payı 2021-ci ildə 39 % idisə (61 % xarici daşıyıcıların payına düşürdü), 2023-cü ildə bu göstərici 51,85 % təşkil edib. Bu rəqəmlərin konkret ölkələr üzrə bölgüsünə dair statistik məlumatlar da açıqlanıb. İslahatlar başlayan dövrdə beynəlxalq yük daşımalarında 3 432 yük nəqliyyat vasitəsi istismar olunduğu halda, 2023-cü ildə artıq bu rəqəm 12 724 olub. Bu il ərzində həmin göstərici artaraq 13 600-ü ötüb. 2021-ci ildə 107 şirkət fəaliyyət göstərirdisə, hazırda beynəlxalq yükdaşımalarına buraxılış vəsiqəsi verilən hüquqi şəxslərin sayı - 324, fiziki şəxslərin sayı – 1680 təşkil edir. İqtisadçı Altay İsmayılovun üçüncü ölkə daşımalarında AYNA-nın daşıyıcılara yaratdığı şərait barədə sualına cavab olaraq diqqətə çatdırılıb ki, AYNA tərəfindən tələbata uyğun sayda icazə blanklarının mübadiləsi həyata keçirilir və daşıyıcıların bu sənədlərə əlçatanlığı tam təmin edilir. 

Qeyd olunub ki, uğurlu göstəricilər həm də bu sahədə şəffaflıq, dürüstlük, ictimai iştirakçılığın təmin olunması ilə sıx bağlıdır. İslahatlar nəticəsində daşıyıcıların icazələrə çıxışı asanlaşıb, əlçatanlıq artıb. Tək hüquqi deyil, fiziki şəxslər də “İcazə blankları”nı rahatlıqla ala bilir. Bu məqsədlə Bakıda, Xaçmazda, Yevlaxda fəaliyyət göstərən KOB evlərində xidmət göstərilməsinə başlanılıb. 2021-ci ildə verilən icazə blanklarının sayı 119 000 idisə, 2023-cü ildə bu rəqəm artaraq  223 914 olub. İkitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə blankları”nın elektronlaşdırılması prosesi gedir, həmçinin bu blankların və rəqəmsal taxoqraf kartlarının alınması üçün müraciətlərin edilməsi xidmətləri də tam elektronlaşıb. 2021-ci ildə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən 357 sürücüyə rəqəmsal taxoqraf kartı verilmişdirsə, 2023-cü ildə AYNA tərəfindən 7371 nəfər sürücüyə bu kartların verilməsi təmin edilib. Ekspert Bəxtiyar Namazov da öz növbəsində daşıyıcılar arasında icazə blanklarının bölgüsü ilə bağlı prosesin tam şəffaf aparılmasını vurğulayıb, prosesin icrası ilə bağlı təşəkkür edib. Tədbirdə Azərbaycanın tranzit potensialının daha da artırılması istiqamətində əldə olunmuş uğurlara da toxunulub. Ölkəmiz üzərindən 2021-ci ildə xarici daşıyıcılar tərəfindən 99 672, yerli daşıyıcılar tərəfindən 9 643 olmaqla, cəmi 109 315 tranzit daşıma həyata keçirilib. 2023-cü ildə isə xarici daşıyıcılar tərəfindən 297 685, yerli daşıyıcılar tərəfindən isə 36 454 daşıma olmaqla, ümumilikdə 334 139 tranzit daşıma reallaşdırılıb. Burada xüsusilə Azərbaycan daşıyıcılarının ölkəmiz üzərindən keçməklə yerinə yetirdikləri tranzit daşımalardakı təxminən 4 dəfəlik artım qeyd olunmalıdır. Yükgöndərən və yükalan xarici ölkə sahibkarı olsa da, yükün milli daşıyıcımız tərəfindən daşınması bu sahədə yaradılan şəraitin yüksək effektivliyindən xəbər verir. Ekspert Rauf Ağamirzəyev Avropa istiqamətində yük daşıyan nəqliyyat vasitələrinin ekoloji standartları ilə bağlı sualına cavab olaraq bildirilib ki, daşıyıcılar mütəmadi olaraq avtomobil parkını yeniləyir. Hazırda Avropa istiqamətində yük daşımaları həyata keçirən avtomobillər əsasən Avro-5 və Avro-6 standartlarına cavab verir. Həmçinin qeyd olunub ki, AYNA müvafiq qaydada razılaşdırmaqla 2022-ci ildə 2373, 2023-cü ildə 4591 və 2024-cü ilin 9 ayı üzrə 4342 ədəd iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair icazə verib. Ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına başlanılıb. Bu proses mərhələli şəkildə aparılır və ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla, 6 elektron tərəzinin quraşdırılması tamamlanıb. Elektron tərəzilərdən əldə olunan məlumatlar Monitorinq mərkəzidə toplanılır, emal edilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirlərinin görülməsində istifadə edilir. AYNA tərəfindən beynəlxalq yük daşımalarında iştirak edən, eləcə də bu sahədə fəaliyyət göstərmək niyyəti olan şəxslərə dəstəyin göstərilməsi məqsədilə “Daşıyıcı Bələdçisi” xidməti yaradılıb. Cari ildə beynəlxalq yük daşımaları ilə əlaqəli mövzularla bağlı 536 şəxsə AYNA-nın Yük daşımaları departamenti tərəfindən “Daşıyıcı bələdçisi” xidmətinin göstərilməsi təmin edilib. Bununla yanaşı, AYNA milli daşıyıcıların xarici ölkələrdə hüquqlarının müdafiəsi sahəsində də geniş iş görür. Daha sonra tədbir iştirakçıları arasında mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib. Xüsusi vurğulanıb ki, AYNA-nın əsas missiyalarından biri də avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin, davamlı inkişafın təmin edilməsinə yardım etmək, daşıyıcıların effektiv və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi üçün bütün imkanların yaradılmasıdır.

Avtomobil nəqliyyatı sektoru ilə bağlı layihələrin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr davam etdiriləcək.    

Избранный
12
1
missiya.az

2Источники