RU

“Atamın məzarı qəzalı vəziyyətdədir, müraciət etmişik, heç kim maraqlanmır” – Xalq artistinin qızı + FOTOLAR

“Elə bilirəm ki, atam bu dəqiqə rəhmətə gedib. İllərdir dəyişiklik yoxdur. Üstündən gör neçə il keçib, amma yoxluğu hər dəqiqə, hər saniyə bilinir. Get-getə daha çox incidir məni. Ölüm gününü, halının pis olduğu gecəni, keçinməyini xatırlayıram. O boşluğu heç kim doldura bilmir. Ömrümün sonuna qədər də onun yeri boş qalacaq. İllər keçsə belə, dəyişilən bir şey olmayacaq. Ata-ana yaddan çıxmır. Üstəlik də Hacıbaba kimi ata. Bu insan ideal bir kişi idi. Məsləhətlərinə, tövsiyələrinə çox ehtiyacım olur. Ağlasam da, sızlasam da heç nə dəyişmir”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib.

O, atasının məzarının qəzalı vəziyyətə düşməsindən də danışıb.

“Atamın Fəxri Xiyabandakı məzarı qəzalı vəziyyətdədir. Sinə daşı çatlayıb, şəkili və yazılar silinib. Bir müddət əvvəl müraciət etdik, nə baxan oldu, nə də maraqlanan. Qızım Mədəniyyət Nazirliyinə də sayt vasitəsilə müraciət etmişdi. Onlardan da bizə cavab gəlmədi. Biz də qapını bir dəfə döyərik. Sonra fikirləşdim ki, özüm edərəm, amma buna da maddi imkan lazımdır. Elə-elə də qalıb”, – deyə sənətkarın qızı bildirib.

Hacıbaba Hüseynovun qızı deyir ki, atası dünyasını dəyişəndən sonra onların ailəsi ilə çox az adam maraqlanır: “Sözün düzünü bilmək istəyirsinizsə, qapımızı açan yoxdur. Təkcə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Mirnazim Əsədullayev bizimlə maraqlanırlar. Allah onlara cansağlığı versin. Ötən dəfə Zabit Nəbizadə atamın anım günündə zəng edib dedi ki, qəbirüstünə gedirəm, gəlim sizi də aparım. Sağ olsun ki, sayır, zəng edir. Bunun özü də böyük bir şeydir. O çıxıb gedərdi, heç mənə deməyə də bilərdi. Adını çəkirlər, qəzəllərini deyirlər. Çəkməyə də bilməzlər. Çünki Hacıbaba böyük bir məktəb qoyub gedib. Amma qapımızı açıb maraqlanan yoxdur. Xalq artisti Alim Qasımov atam sağ olanda gəlib-gedirdi, maraqlanırdı. Onu itirə bilmərəm. İndi gəlib-getmir. Mən heç kimdən heç nə ummuram. Bizə mənəvi dəstək lazım idi zamanında. Ürəyimdə o insanlardan incikliyim var. Hacıbabanın qızıyam, qürurum var. Mənim atam da ağızaçan adam olmayıb” .

Sədaqət Hüseynova atasının mahnılarını ifa edənlərə də səslənib.

“Bu mənim yaralı yerimdir. Çox əsəb keçirirəm. Hacıbabanın oxumağı hara, onların oxumağı hara? Hər kəs öz bacardığı qədər oxuyur. Hamı Hacıbaba ola bilməz. Hər müğənninin dəst-xətti olmalıdır. Mahnıları pis günə qoymasınlar. Heç olmasa adını çəksinlər, qeyd etsinlər ki, bu mahnının ilk ifaçısı Hacıbaba Hüseynov olub. Məzahir adında gənc oğlan oxuyub bu günlərdə. Hətta gedib qəbir üstündə video da çəkdirib, bizdən də zəng edib halallıq istəyib. Hərənin özünün oxumaq tərzi var. Bəziləri oxuyur, ad demir, istinad etmir. Elə bil ki, təsnifi özü yazıb”, – deyə sənətkarın qızı bildirib.

Əli ƏSGƏR

Избранный
20
50
medianews.az

10Источники