RU

Bağçalının Öcalanla bağlı dedikləri rezonansa SƏBƏB OLDU – “Növbəti hədəf Türkiyədir”

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Abdullah Öcalanla bağlı açıqlaması çox böyük rezonansa səbəb oldu. Ən müxtəlif səviyyədə bu məsələ müzakirə olunmaqda və bununla bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Yəni hər bir arqumentin əsasları mövcuddur və hərə özünü haqlı hesab edirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

O, MHP sədri Dövlət Bağçalının Abdullah Öcalanla bağlı açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, Partiyasının TBMM-dəki qrup toplantısında Dövlət Bağçalı terrorçu lider Abdullah Öcalana qarşı təcridin aradan qaldırılmasını təklif edib. “Təcrid aradan qaldırılsın, gəlsin, Türkiyə Böyük Millət Məclisindəki DEM qrup toplantısında çıxış etsin, terrorun tamamən bitdiyini qışqırsın və təşkilat ləğv olunduğunu söyləsin”, – deyə o bildirib.

M.Bünyadlının fikrincə, uzun illər öz siyasi həyatını Türkiyənin təhlükəsizliyinə və xaricdən gözlənilən təhdidlərə qarşı olan fəaliyyətə həsr edən MHP sədrinin belə bir fikir ilə çıxış etməsi çox kəskin etirazlara səbəb oldu:

“Bunu doğuran səbəblərin mesajını oxumaq lazımdır. Bu mesajın əsas səbəbi isə bu gün Yaxın Şərqdə baş verən proseslərdir. Ona görə də onun ifadələrini bu kontekstdən oxumaq lazımdır. Çünki bu gün böyük güclər tərəfindən Yaxın Şərqin yenidən dizayn olunması proyektinin prosesləri gedir. Yaxın Şərqin yeni dizaynında da Türkiyəni ciddi təhdidlər gözləyir ki, rəsmi Ankara bunu son İsrail-Fələstin münaqişəsində dəfələrlə bəyan edib. Ankara bildirib ki, Fələstindən sonra təhdid edilən Türkiyə olacaq ki, bu da bizim “qırmızı xətt”imizdir. Yəni ki, Fələstindən sonra münaqişə Anadolu sərhədlərində olacaq”.

Onun sözlərinə görə, bu prizmadan yanaşanda, görünür ki, Bağçalının verdiyi açıqlama təsadüfi deyildi:

“Digər tərəfdən, MHP sədri hakim Cümhur İttifaqının təmsilçilərindən biridir. Yəni Prezident Rəcəb Tayyip Ərdoğanın razılığı olmadan belə bir açıqlama verə bilməz. Deməli, bu açıqlama hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) iqtidarı ilə razılaşdırılmış şəkildə verilib. Prezident Ərdoğanın Bağçalıdan sonra bu məsələyə reaksiyası da oldu və o, bildirdi ki, bu gün ölkəyə xarici təhdidlər gözlənilir deyə, daxildə siyasi və milli həmrəyliyə ehtiyac var. Çünki xarici güclər bir çox hallarda Türkiyənin güclənməsini istəmirlər deyə, onun zəifləməsi və parçalanması hədəflərini qarşıya qoyub ki, Ankara bunu dəfələrlə açıq şəkildə bəyan edib. Bu hədəflər də PKK-nın siyasi yolla həllinə yönəlmiş addımdır. Doğrudur, çətinliklər var, problemlər olub, AK Parti hakimiyyəti dövründə bu problemin siyasi həll yolları atılıb və nə qədər ağrılı olsa da, Türkiyəni gözləyəcək təhdidlərin qarşısını almağa yönəlib”.

Rafi Müslümov

Избранный
17
yenicag.az

1Источники