RU

Münaqişəyə son qoyuldu - Barışıb Rusiyaya getdilər

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Pekin Hindistanla sərhəd münaqişəsinin həlli ilə bağlı qərara gəlib və həll yollarını həyata keçirməyə çalışacaq. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar səsləndirib. O deyib ki, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Cayşankar əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına əmin olduğunu söyləyib.

Məqalədə qeyd olunur ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Si Cinpinin və Hindistan Baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİKS sammitindən bir neçə gün əvvəl verilib:

“Hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıb.

Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə gərginlik və toqquşmalar nəticəsində gərginləşmişdi. Toqquşmalar səbəbindən hər iki tərəfdə itkilər olmuşdu. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdi.

İki ölkə arasında yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq. İki ölkə arasında sərhədin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmamışdı. Son razılaşma sərhədin müəyyənləşməsinə şərait yaratmasa da, birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq”.

“Atlas”ın analitikləri hesab edirlər ki, Pekinlə Dehli arasında əldə edilən son razılaşma Kremlin maraqlarına uyğundur:

“Hindistan və Çin Rusiyanın da üzvü olduğu BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvüdür. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml bu iki təşkilatın güclənməsində maraqlıdır.

Çinlə Hindistan arasında gərginlik davam edərkən BRİKS və ŞƏT çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Dehli və Pekin razılaşma əldə etdikdən sonra isə BRİKS və ŞƏT-də interqasiyanı gücləndirmək üçün yeni imkanlar açılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
13
teleqraf.com

1Источники