RU

Azərbaycanda “TikTok” bağlanacaq? - “Qapanmalar və məhdudiyyətlər...”

Demək olar ki, “Tiktok” sosial şəbəkəsi ölkəmizdə fəaliyyətə başladığı andan etibarən cəmiyyətdə sözügedən platforma ilə bağlı bir sıra narazılıqlar baş qaldırıb. İnsanların bu platformadan narazı olmasının səbəbi isə ondan istifadə edənlərin etikadan kənar, uyğunsuz davranışlar sərgiləməsidir.

Narazılıqlar artıq o həddə çatıb ki, bir çox tanınmış sima da “TikTok”un ölkəmizdə qadağan edilməsini istəyənlərin sırasına keçərək, tətbiqin fəaliyyətinə məhdudiyyət qoyulmasını istəyir və bununla bağlı çağırışlar edirlər.

İddia olunur ki, sağlam gələcək üçün gənclərin “TikTok”a girişini qadağan etmək daha məqsədəuyğundur.

Maraqlıdır, gənclərin intellektual səviyyəsinin artırılması üçün təhsil və intellekt səviyyəsinin artırılması yerinə “TikTok”u bağlamaq daha yerində bir seçimdir?

Müzakirə mövzusu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Sabah”a öz fikirlərini bildirib. Onun sözlərinə görə, sözügedən seçim səhv yoldur:

 “TikTok”un bağlanması, girişə məhdudiyyət qoyulması, ölkədə qadağan edilməsi kimi fikirlər ümumiyyətlə yalnışdır. Sosial şəbəkələrdə daha çox aktiv rol alaraq, oradakı fəaliyyəti tənzimləmək, məncə, daha uyğundur. Gəncləri ona yönəltmək, faydalı müzakirələr, faydalı bilgilənmə platformasına çevirmək lazımdır”. 

Deputat bildirib ki, məhdudiyyətlər və məcburi qapanmalar çıxış yolu deyil:

“Belə düşünsək, gərək televiziyanı da bağlayaq. Televiziyada da elə proqramlar var ki, baxanda tərbiyə pozulur. Amma nə edək? Televiziyanı bağlamaq mümkündürmü? Ona görə də müasir dövrdə biz bu məsələdə  qapatma, məhdudlaşdırma terminlərindən bir az uzaqlaşmalıyıq. Bunun əvəzinə, ziyanlı olaraq gördüyümüz platformanı özümüzküləşdirməli, sağlamlaşdırmalıyıq. Hesab edirəm ki, bu yolu izləməyimiz daha doğrudur. Bu prinsipə əməl olunsa, xeyli müsbət nəticələr əldə etmək olar”.

Aytac Şahin


Telegram kanalımız
Избранный
17
4
yenisabah.az

5Источники