RU

Ermənistan parlamentindəki pozucular: Onların ipinin ucu Moskvanın əlindədir

Ermənistan parlamentindəki müxalif partnyorlarımız başqa dövlətin (Rusiyanı nəzərdə tutur – red.) gündəmini izləməyə çalışırlar. Bunu Ermənistanda parlamentində sərhədlərin delimitasiyası komissiyalarının əsasnaməsinin ratifikasiyası məsələsinin müzakirəsi zamanı spiker Alen Simonyan deyib. O bildirib ki, gündəmimizi ortaya qoymalıyıq, qərara gəldik, xalq da bizi dəstəkləyir, sülhü bərqərar etməliyik. Həmin müddətdə müxtəlif problemlərlə üzləşəcəyik və bunları həll etmək bizim işimizdir. Əgər bu problemlər olmasaydı, sülh müqaviləsi prosesi başa çatacaqdı. İndi dediyim odur ki, başqa məntiqə düşməyin. spiker bildirib ki, müzakirə olunan sənədi birtərəfli yazmamışıq, onlarla (Azərbaycanla) müzakirə edib razılığa gəlmişik, təktərəfli deyil. Simonyan son dövrlərdə Azərbaycanla heç bir müzakirədə hansısa maneə ilə rastlaşmadıqlarını da qeyd edib.


Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistanda olan revanşist şəxslər hələ də köhnə havaları çalmağa davam edirlər:

“Onlar Ermənistanda hakimiyyətin dəyişməsi, yeni bir düzənin qurulması ilə barışmaq istəmirlər. Çünki onların ipinin ucu Moskvanın əlindədir. Azərbaycan və Ermənistanın yaxınlaşmasına da əsas əngəl törədən qüvvələr bunlardır. Ermənistan parlamentinin sədri Alen Simonyan da məhz həmin şəxslərə çağırış edərək bildirir ki, Azərbaycanla razılığa gəlməklə sülh şəraitində yaşamalıyıq. Görünən odur ki, həmin adamlar sülh şəraitini görmək, eşitmək belə istəmirlər.  Onlara qarşıdurma, xüsusilə də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərginliyinin qorunması lazımdır. Belə hallar isə daha çox Moskvanın işinə yarayır. Çünki Moskva Ermənistanın asıllığının davam etməsində maraqlıdır”.

Ekspert vurğulayıb ki, əgər Ermənistan və Azərbaycan arasında anlaşma əldə olunarsa, bu rəsmi İrəvanın hazırki çətin vəziyyətdən çıxması və qardaş Türkiyə ilə münasibətlərinin normallaşması deməkdir:
“Belə bir şəraitdə isə Ermənistanın üçüncü bir tərəfə, xüsusilə də Rusiyaya ehtiyacı olmayacaq. Digər tərəfdən isə Ermənistanın Fransanın şəxsində Qərbə də ehtiyacı qalmayacaq. Yəni Ermənistanın nicat yolu Azərbaycanla razılaşmadan keçir. Bunu anlayan revanşist qüvvələr də Ermənistanın daim asılı, çətin vəziyyətdə qalması üçün çalışırlar. Müzakilər zamanı da bu qəbildən çıxış edərək prosesi əngəlləməyə səy göstərirlər. Amma ox yaydan çıxıb, yəni proses gedir. Heç bir sözügedən prosesin qarşısını ala bilməyəcək. Ona görə də düşünürəm ki, Ermənistan hakimiyyəti qısa müddət ərzində Azərbaycan üçün də ədalətli sayılan razılaşmalara gələcək”.
Избранный
14
sherg.az

1Источники