RU

Cibimizdə, əlimizdə, yatağımızda...

Müasir dünyada ağıllı mobil telefonlar mühüm informasiya-kommunikasiya texnologiyaları kimi istifadə olunur. Mobil telefonlar əvvəllər yalnız zənglər üçün idi və mətn-şəkil mesajları göndərə bilirdi. İndi isə o, e-poçt və internetə çıxış, qısa məsafəli simsiz rabitə, oyun və əyləncə, musiqi dinləmək, iş, sosial şəbəkələr, televizora baxmaq, foto çəkmək, video çəkmək və ya istiqamət almaqla, GPS-dən istifadə etmək kimi bir çox funksiyaları yerinə yetirir. Bu vəziyyətdə cib telefonları bəşər tarixində ən çox istifadə edilən texnologiyalardan birinə çevrilib.

Rəqəmsal Qlobal Xülasə Hesabatına əsasən, mobil telefondan istifadə hər il artır. 2015-ci ildə dünya əhalisinin 4,15 milyardı, yəni 57 faizi cib telefonundan istifadə etdiyi halda, 2019-cu ildə bu nisbət 53 milyon artaraq 4,68 milyarda, yəni 62 faizə çatıb. 2020-ci ildə bu rəqəm 4,78 milyarda çatıb. Bu gün isə ümumilikdə 5,44 milyard insanın bir mobil telefonu var. Beləliklə dünya əhalisinin 68 faizindən çoxu telefondan bəhrələnir.

2023-cü il Rəqəmsal Qlobal Xülasə Hesabatına görə cib telefonu sahibləri onunla gündə orta hesabla 5 saat vaxt keçirirlər. Təbii ki, söhbət gündüzdən gedir. Hələ telefon sahiblərinin gecələr onunla bir yatağı bölüşməsini bir kənara qoyuruq...

Ölkəmizdə isə...

Azərbaycanda 2020-ci ildə 10 milyon 344,3 min nəfər olub, nüfuz dərəcəsi isə 104% təşkil edib. 2021-ci ilin göstəricisinə bu, 4,6% artaraq 10 milyon 817,1 min nəfər təşkil edib. 2021-ci ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 nəfər üstələyib.
Qeyd edək ki, 2022-ci ildə isə ölkəmizdə mobil telefon abunəçilərinin sayı 11 milyon 068,1 min nəfər olub. Əhalinin hər 100 nəfərinə 110 mobil telefon abunəçisi düşüb ki, bu da əvvəlki göstəricini 2 nəfər üstələyir.

Bir yataqda...

Səhər açılandan axşamadək telefonlarımız ya əlimizdə, ya da cibimizdədir. Gecələr isə telefonu artıq çarpayımızın yanındakı şkafın üzərinə qoymuruq. Bu, əvvəllər belə idi. Elə ki, illər ötdü, biz telefonla daha da yaxınlaşdıq, onunla doğma, sevgili olduq, bizə çoxsaylı sosial şəbəkələr təklif etdilər, biz də onların arasına ayrı-seçkilik qoymadıq, hamısını bir nöqtəni basmaqla qonağımız etdik, bu dəfə onu şkafın üzərindən götürüb yastığımızın altına, yanımıza qoyduq. Telefon da bizimlə eyni yatağı paylaşmalı oldu.

Əslində rahat yataq deyə telefonu hərdən şkafın üzərinə qoymağı planlaşdırırıq. Lakin bu yuxuya nə deyəsən? Gecənin yarısınadək sosial şəbəkələrdə gəzişərkən birdən yuxu səni necə aparırsa, telefon əlindən düşüb səninlə bir yatağı paylaşmalı olur.

Bu barədə nə vaxt söhbət açırsansa, “ay bala, ay uşaq, ay qızım, ay oğlum, ay kişi, bu telefon sizin sonunuz olacaq”,-deyirsənsə, hərə bir tərəfdən üstünə düşür ki, sən də söz tapmısan ey, danışmağa: bir balaca telefondur da, guya onun adama nə maneçiliyi var ki, yastığın altında, yanında olanda guya nə olacaq ki.

İndi sən gəl, bunlara başa sal görüm, necə başa salırsan ki, ey qafil insan, sənə elə gəlir ki, o balaca bir əşyadır. Anla ki, səninlə bir yataqda böyük bir faciə yan-yanadır.

Sən yatırsan, düşünürsən ki, o da yatır. Xeyr, o yatmır. O, sənə “layla” çalır. Amma ananın laylasından fərqlidir, bu layla. Ananın laylası səni böyütmək üçün idi. Telefonunun laylası isə səni itirmək üçündür.

Sən yatırsan, yastığının altından başına sarılan ilanlardan xəbərin varmı? Yoxdur. Lakin diqqət etsən və ağlını başına toplasan, bunu görmək bir o qədər də çətin deyil.

Sən yatırsan, o yan-bu yana çevriləndə üzün yastığının yanına qoyduğun telefonun üstünə düşür. Səninlə bir yatağı paylaşan bu sevimlidən bilirsən, üzünə nələr daraşır, oradan da beyninə doğru irəliləyir? Bilmirsən. Hələ bir deyəndə gülürsən də. Lakin bir araşdır, onda görəcəksən...

Yuxulayırsan, telefon əlindən düşüb qalır sinənin-ürəyinin üstündə. Sən şirin yuxuda olarkən, o da sənin kimi şirin yuxuya getmir. Sən oyananadək ürəyinə etdiyini edir. Gülürsən, yenə? Çünki anlamırsan, anlamaq da istəmirsən. Sən yuxuda ikən o, ürəyinin qulaqcıqlarına, mədəciklərinə sitəm edir. İnanmırsan, get araşdır, onda anlayarsan...

Bəzən narahat yatırsan, o tərəfə-bu tərəfə çönürsən, telefonun da sürüşüb böyrəyinin düz üstünə düşür. Bilirsən ki, səhərədək o böyrəyinə nə cəzalar verir? Bilmirsən. Ağlına da gəlmir. Bir vaxt yalnız əzilmə hiss edib oyanırsan, telefonun ruhunu incitmədən götürüb yastığının altına, ya da yanına qoyursan. “Ay sənə nə deyim, burada nə gəzirsən?”-, deyib yenidən yuxulayırsan. Lakin xəbərsizsən ki, artıq o sənin böyrəyinə elə bir ziyan vurub ki, lap yaxın gələcəkdə “bəhrəsini” görəcəksən.

Yuxulayırsan, telefon dəqiqələrlə əlində qalır. Onun damarlarına təmasından xəbərsizsən. Sən yatdığın anlarda o, qanınla bütün bədənini dolaşır. Bunu sənə kimsə söyləyəndə uğunursan gülməkdən. “Söz tapdın da danışmağa”,- deyirsən. Lakin gülməli gündə özünün olduğundan o qədər xəbərsizsən ki...

Araşdırmalar sübut edir...

Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar. Qeyd edilir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.

“Telefonu yanında saxlamaq heç vaxt yaxşı ideya hesab edilmir”, - deyə doktor Devra Devis qeyd edib. Jurnalistlərin sözlərinə görə, mobil telefonların istehsalçılarının özləri faktiki olaraq bu avadanlığın sağlamlıq üçün təhlükəsini bilirlər. Və təlimatlarda onun haqqında xəbərdarlıq edirlər. Mütəxəssisləri ən çox narahat edən odur ki, insanlar telefonda zəngli saatı quraşdırırlar və onu özlərinin yanına qoyurlar.

Ümumi olaraq

Gün ərzində ümumilikdə 35-40 dəqiqədən artıq mobil telefondan istifadə etmək orqanizmə aşırı dərəcədə ziyan vurur; mobil telefonla çox danışmaq eşitmə sinirlərini korlayır; çox SMS yazmaq barmaqlarda keyiməyə səbəb olur; saatlarla oyun oynamaq gözdə qızartılar və quruluq əmələ gəlir, boyunda və beldə müəyyən müddətdən sonra ağrılar yaranır; diqqət dağınıqlığına səbəb olur; çox danışanda beyin hüceyrələrinin bir qismi ölür; dalğaları qan hüceyrələrinə mənfi təsir edir; mobil telefonlar hətta saç köklərinə də pis təsir göstərir.

Gecələr telefonu söndürmək vacibdir, telefonu söndürdükdən sonra da radioaktiv təsirləri qalır, bu səbəbdən də onu baş nahiyəsinə yaxın qoymaq zərərlidir. Əks təqdirdə: beyində şişlərin inkişafı riskini artırır; hamiləlik vaxtı körpəyə çox pis təsir edir; bədəni şüalanmaya məruz qoyur, təhlükəli şüa saçır; yaddaşı zəiflədir; aludəçilik yaradır; görməni zəiflədir; baş ağrılarına səbəb olur; əsəb sistemini oyadır.

Aludə olmaq ona gətirib çıxarır ki, telefondan uzaq qaldıqda insanlar narahat olur. Bu da: nevroz xəstəliyi yaradır; yuxusuzluğa səbəb olur.

Telefonla çox və yaxın təmasda olmağın kişilərdə sonsuzluq yaratdığı bildirilir. Çünki telefon hüceyrələrdə genetik dəyişikliklərə səbəb olur.

Uşaqlara mobil telefondan yalnız məcburi hallarda istifadəyə icazə vermək olar. Çünki azyaşlılarda xərçəng yaranma ehtimalı ikiqat artıqdır.
Ən vacib hormon

Yuxu hormonu olaraq bilinən melatonin ətrafdakı işıq miqdarı ilə sıx bağlıdır. İşığın miqdarı azaldıqca artan melatonin maddələr mübadiləsini ləngidir və yuxuya hazırlaşır. Ancaq yatmazdan əvvəl yüksək işıqda cib telefonunun ekranından istifadənin orqanizmdəki melatonin miqdarını azaltma təsiri var. Mobil telefonla yatmağın zərərləri arasında bu məsələ yuxu sağlamlığı ilə sıx bağlıdır. Cib telefonundan yayılan işıqla yanaşı, radiasiya da beynin müvafiq mərkəzlərini stimullaşdırır və yuxuya getməyi çətinləşdirir. Yatmazdan əvvəl oynanan oyunlar, oxunan mesajlar, edilən paylaşımlar bədəndə adrenal səviyyəsini artırır, melatoninin basdırılmasına səbəb olur.

Bu arada...

Əvvəl hamı yatağında tək yatır, rahat, qayğısız... Ailə quranadək bəli, tək yatır. Ailə quranda isə böyüklərimiz “bir yastıqda qocalın” nəsihətini etməklə gənclərə xeyir-dua verirlər. Gənclər də öz yataqlarını sevdikləri insanla bölüşürlər...

Lakin kimin ağlına gələrdi ki, vaxt gələcək ki, tək ər-arvad yox, hamı yatağını bölüşəcək. Maraqlıdır, deyilmi?

Elə bir dövrə gəlib çatdıq ki, artıq həm övladlarımız, həm də özümüz yatağımızı paylaşmalı olmuşuq. İndi ər-arvad da yatağını bölüşür, subay olanlar da.

Azyaşlı uşaqlardan başqa hər bir insan övladı gecəni yatağında tək uyumur, onunla səhərləri axşamlayan, axşamları səhər edən biri var: telefon...

Çox dedik, az eşitdilər

Biz jurnalistlər illərdir, mütəxəssislərin mobil telefonlarla bağlı söylədiyini araşdırıb zərərli tərəflərini dəfələrlə oxuculara çatdırırıq. Təəssüf, baxmayaraq ki, çox deyirik, lakin bizi eşidən azdır. Nədənsə insanlar həmişə zərərli, ziyan olan tərəflərə meyl edirlər. Bunu tək mobil telefonlardan istifadədə deyil, gündəlik həyatımızın bütün sahələrində görmək mümkündür. Məsələn, bu qida ilə, geyimlə, müxtəlif kosmetoloji əməliyyatlarla, alışqanlıq və vərdişlərlə bağlıdır.

Nə üçün insan övladı onun xeyrinə olanların əksinə gedir, bu, hələ də bəşəriyyətə məlum deyil. Lakin düşünəndə ki, bir zamanlar deyilənləri eşitməyib, zərərini çox görmüşük, onda bu gün deyilənləri də eşitməyənlərin bir neçə il sonra çəkəcəyi zərər göz önünə gəlir.

Biz nə qədər az eşidiriksə, mobil telefonların vaxtsız ölümə səbəb olmasından da xəbərsiz qalacağıq. Onlarla bir yataqda, yan-yana olmaqla sağlamlığımızı, həyatımızı, gələcək nəsilləri qurban verdiyimizi anlamağın vaxtı çoxdan çatıb. Lakin biz bu məsələnin dərk edilməsində hələlik yerimizdə sayırıq. Yerimizdə sayırıqsa, deməli, anlamağımıza hələ xeyli var...

Mətanət Məmmədova

Избранный
64
sesqazeti.az

1Источники