RU

Vətən səmasının dan ulduzu...

Orxan Mübariz oğlu Dənziyev 18 yaşında Vətən yolunda şəhid olaraq, adını yeni, şanlı tariximizə yazıb. Lerik rayonu, Laman kəndində dünyaya göz açan bu dağ vüqarlı igidlə indi bütün Azərbaycan xalqı fəxr edir. Orxanın ömür yolu çox qısa oldu, amma qərinələr boyunca əsl qəhrəmanlıq məktəbi kimi xatırlanacaq. Gələcək nəsillər Vətəni sevməyi, doğma torpağı necə qorumağı məhz ondan öyrənər.

Vətən qarşısında son borcunu şərəflə verən Orxan Dənziyev 2020-ci ildə ordu siralarına yağıdan qisas almaq istəyi ilə yola düşüb. Ön cəbhədə xidmət edib, mərd, cəsur, ağıllı bir gənc olaraq tanınıb. Komandirlərin verdiyi  tapşırıqları vaxtında, dəqiq yerinə yetirib, bir qayda olaraq hərbi təlimlərdə həmişə fəallıq göstərib. Odur ki, üç ayın əsgəri olsa da, döyüş meydanında işğalçı erməni dığalardan qisas almağa özünü tam hazır bilib.

44 günlük haqq savaşımızda igid əsgər son damla qanına qədər vuruşub, düşməndən qisas alacağını deyib və ürəyində Vətən məhəbbəti, əlində silah çəkinmədən, qorxmadan hərb meydanına girib. Yağıya qarşı ilk ağır ölüm-dirim savaşında öz cəsurluğunu göstərə bilib. Döyüşdən-döyüşə  vurduğu sarsıdıcı zərbələrlə düşmənə ciddi itkilər verib.

Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə daha əzmlə vuruşub, hər qarış torpaq uğrunda böyük şücaət göstərib. 2020-ci ilin 15 oktyabrda  sinəsini sipər edib məkrli düşmənə layiqli cavab verən yerdə şəhidlik zirvəsinə ucalıb..

Doğma Azərbaycanın müqəddəsliyini,  qürurunu hər şeydən üstün tutan, çətin məqamda canını ona fəda edən Orxan Mübariz oğlu milyonların ürəyinə  köçməklə, həm də dövlət tərəfindən “Vətən uğrunda”, Suqovuşanın, Ağdamın azadlığına görə medallara layiq görülüb.

Dağlar diyarında  kiçik də, böyük də öz  qısa ömrünü Vətəni, xalqı üçün yaşayan Orxanın igidliyi ilə qürur duyur. Xətrini əziz tutmaqla onu vaxtaşırı böyük məhəbbətlə, ehtiramla yad edirlər. Qarabağımızın xilaskarı olaraq  yeni tariximizin qəhrəmanlıq simvoluna çevrilən Orxanın şəhadətinin dördüncü ildönümünü də çox qürurlu keçirdilər. Rayon rəsmiləri,  müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri, şəhid ailə üzvləri doğma Laman kəndində onun uyuduğu məzarını baş çəkdilər, üzərinə gül dəstələri qoydular. Həmçinin bildirdilər ki, elimizin qəhrəman oğlu Orxan  Vətən, torpaq uğrunda canından keçməyi bacardı. Belə bir şərəf hər adama nail olmur. Orxan şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandı. Azərbaycan var olduqca, o, Vətən səmasının dan ulduzuna dönəcək..

Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimdə iştirak edən şəhid ailə üzvlərinin qayğı və problemlərini daha ətraflı öyrənmək məqsədilə onlarla görüşüb, səmimi söhbət edib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Избранный
20
hurriyyet.az

1Источники