RU

Osimhen: “Komandanın uğuru hər şeydən önəmlidi”

“Qalatasaray”ın ulduzu Viktor Osimhen srağagün məşqdən öncə türkiyəli həmkarlarımıza açıqlamalar verib.

Sentyabrın 28-də “Kasımpaşa” ilə oyunda zədələnən və “Cim-Bom”un son 2 rəsmi matçını buraxmalı olan nigeriyalı forvard artıq komandaya yardım etməyə hazırdı. Onun bu gün “Antalyaspor”la oyunda start heyətində meydana çıxacağı gözlənilir. 25 yaşlı futbolçu “Qalatasaray”a gəlişindən və hücumda rəqabət apardığı Mauro İkardidən danışıb. Osimhenin qışda ayrılacağı ilə bağlı sualdan yayınması və konkret cavab verməməsi diqqəti çəkib:

“Mənim üçün “Qalatasaray”a gəlmək mühüm bir addım oldu. Qəhrəmanlarımdan biri olan Droqba da burda top qovub. Fanatlara da minnətdarlığımı bildirirəm. Burda hər kəs məni çox yaxşı qarşıladı. Böyük bir kluba gəldiyimin fərqindəyəm. Mən də bu böyük klubun uğur qazanması üçün əlimdən gələni edəcəm. Qışda ayrılacammı? Bu yay lap “Napoli”də qalsaydım belə, 3-4 ay sonra ordan ayrılacaqdım və başqa yerə yollanacaqdım. Yayda transfer dönəminin bitməsinə az qalmış Okan Burukla söhbət etdim. Həmin söhbət zamanı mənə həm ata, həm məşqçi, həm də bir insan kimi təsir etməyi bacardı. Sözləri diqqətimi çəkdi. Komandanın böyüklüyündən və hədəflərindən bəhs etdi. Mən də belə oyunçularla birlikdə oynamaq, uğurlara imza atmaq istədim. Bura gələndən sonra həqiqətən də “Qalatasaray”ın böyük və ciddi klub olduğunu gördüm. Burda çox gözəl ab-hava var. Heyətdə əla hücumçular var. Mən də təbii ki, onlardan biriyəm. Özümü heç vaxt komandadan üstün görməmişəm. Mənim üçün komandanın uğuru hər şeydən önəmlidi. İkardi çox böyük forvarddı. Bombardirlər yarışında kimin irəlidə olması önəmli deyil. Dediyim kimi, önəmli olan komandanın qələbəsidi. Qollarım və məhsuldar ötürmələrimlə “Qalatasaray”a faydalı olmağa çalışıram. Qolun kim tərəfindən vurulması yox, qolun özü önəmlidi. Çünki qollar komandaya qələbə qazandırır. “Kasımpaşa” ilə oyunun fasiləsində özümü riskə atmamaq üçün əvəzləndim. Həkimimiz məni çox yaxşı müalicə etdi. Artıq məşqlərə çıxıram və oynamağa hazıram”.
Избранный
29
football-plus.az

1Источники