RU

Boşanmanın uşaqlara TƏSİRİ - Hansı yaşlarda travma riski DAHA BÖYÜKDÜR?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son illər boşanmaların sayı artıb. Artıq mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirir, çözümlər təklif edirlər. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsirlərini göstərir.
Psixoloqlar gələcəkdə uşağın psixologiyasında mənfi halların yaranmaması üçün boşanan cütlüklərə məsləhətlər edirlər.
Bizim.media-ya mövzu ilə bağlı danışan psixoloq Ofelya Məmmədovanın sözlərinə görə, boşanma prosesi ən çox uşaqlara təsir edir:
"Onların boşanma müddətində və sonradan bir çox mənfi vəziyyətlə üz-üzə qala bildikləri ortaya çıxıb. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stres, ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da ortaya çıxa, hətta bu travma illər sonra da davam edə bilər. Ata-ananın boşanması uşaqların psixoloji vəziyyətinə, yaşlarına görə təsir edir".
Psixoloq qeyd edib ki, bir-üç yaş arası uşaqlar boşanma vəziyyətini başa düşməsələr belə, onların psixoloji vəziyyətlərində dəyişiklik baş verir:
"Əvvəlkinə baxanda daha tez-tez və çox ağlayırlar. Yuxu problemləri, yerini islatmaq, barmaq əmmək, qorxu və narahatlıq hiss etmək, narahatedici hərəkətlər müşahidə oluna bilər. Üç-altı yaş arası olanlar isə hər şeydə özlərini günahlandırırlar, onlarda əsəb gərginliyi artır, hansı valideynlə yaşayırlarsa, ona qarşı aqressiv olurlar. Yuxu problemləri ola, gecələr kabus görə bilərlər.
Boşanma prosesində 6-11 yaş arası uşaqlar özlərini aldadılmış hiss edirlər. Evdən ayrılan valideynin qayıdacağına ümid edirlər. Ayrı qalan valideynlərinin artıq onları istəmədiyni düşünə, baş və qarın ağrılarından şikayət edə, yuxu vaxtları pozula bilər. Onlar boşanmada səbəbkar bildikləri birlikdə yaşadıqları ana, ya da atanı günahlandırırlar. Valideynləri boşanan 12-16 yaş arası uşaqlarda isə əsəb, hirs, kin, təcavüzkarlıq, özünəqapanma halları, diqqət toplamaqda çətinlik çəkmək, insanlara qarşı güvənsizlik, sosial fobiya kimi psixoloji narahatlıqlar görünə bilər".
Psixoloq vurğulayıb ki, valideynlər arasındakı anlaşılmazlıqlar və mübahisələr uşağın inkişafına mənfi təsir edir:
"Uşaq ana və atasını birlikdə görmək istəyir və ana-ata birlikdə olduqda xoşbəxt olur. Ancaq uşağın sağlam inkişafı üçün valideynlərin eyni evdə birlikdə yaşamalarından çox, onların münasibətlərinin xüsusiyyətləri önəmlidir. Bu səbəbdən boşananların ayrı-ayrılıqda ana-ata rollarını davam etmələri uşaq üçün daha yaxşı nəticələr göstərir.
Əgər boşanan valideynlər uşağın ehtiyaclarını qarşılayır, məsuliyyətlərini yerinə yetirir, uşağa sevgi və güvən verməyə davam edirlərsə, uşağın boşanmadan təsirlənməsi də az olur. Boşanma müddətində uşaqda fizioloji, psixoloji və davranış problemləri ortaya çıxmaması üçün bu reaksiyalara vaxtında müdaxilə edilməlidir. Lazımi tədbirlər görülsə, uşaq boşanma prosesinin öhdəsindən daha asanlıqla gələ bilər".
Ofelya Məmmədova qeyd edib ki, valideynlər boşanarkən uşaqlardan silah kimi istifadə etməməlidirlər:
"Uşaqlara valideynlərin boşanmasının ata-ananın, sadəcə, birlikdə olmadığı, lakin onların əvvəlki kimi atası və anası olduğunu həm söhbət, həm də davranışlarında göstərməlidirlər. Ailədaxili ünsiyyət, sevgi və diqqət bu və buna bənzər problemlərin aradan qaldırılmasına mane ola bilər. Lakin uşağın boşanmadan daha az təsirlənməsi üçün bütün tədbirlər görülməlidir. Belə bir vəziyyətdə mütəxəssisdən kömək alınması həm ana, həm ata, həm də uşaq üçün faydalı ola bilər".
Избранный
10
5
oxu.az

10Источники